Qaragöl insidenti regiona nə vəd edir?

Bir neçə gün öncə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin  delimitasiyası və demarkasiyası zamanı ciddi insident baş verdi. İnsident Laçın-Gorus  yolu istiqamətindəki yüksəklikdə yerləşən, Sovet dövründə Azərbaycan və Ermənistan sərhədlərini ayıran, Qaragöl və onun ətrafındakı strateji yüksəkliklərin Azərbaycan tərəfinə keçən zaman baş verib. Hətta, insident o vəziyyətə gəlib çatmışdı ki, Ermənistan tərəfi KTMT-yə müraciət etməli olmuşdu. Bu müraciətin cavabı Ermənistanı pis vəziyyətə saldı. Mahiyyət etibarı ilə Qaragöl insidentini analiz elədikdə düşünürəm ki, Rusiyanın bu məsələdə tərəflər arasında qəsdən gərginlik yaratmaq istəyi Rusiyanın əleyhinə işləyən bir məsələdir. Çünkü tərəflər arasında istənilən ciddi bir gərginlik, insident mahiyyətcə Rusiyanın müəllifi olduğu 10 noyabr sazişinə kölgə salmaq deməkdir. Ümumiyyətlə, Rusiya özünü 10 noyabr üç tərəfli  bəyanatının  həm müəllifi, həm də qarantı hesab edir. Daha doğrusu, bu sazişi özünün uğuru hesab edir. Tərəflər arasındakı istənilən gərginlik isə üçtərəfli bəyanatı kölgə altına sala və Rusiya Qərb qarşısında gülünc vəziyyətə düşə bilər. Eyni zamanda,  Qərb bu boşluqdan  istifadə edə bilər. Digər tərəfdən bir məsələyə də diqqət yetirmək lazımdır.  Qaragöl  insidenti olmamışdan öncə, S.Lavrovun bir  neçə gün öncə baş tutan Bakı səfərində işlətdiyi bir ifadə diqqəti cəlb etməyə bilməzdi. Təxminən  ifadə belə idi: “Sərhəd xəttlərinin   dəqiqləşdirilməsi prosesi çox çətin prosesdir, eyni zamanda da həll olan bir məsələdir”.  Demək, Lavrovun ifadəsindən belə aydın olur ki, sərhədlərin delimitasiyası zamanı bir sıra strateji yüksəkliklər Sovet dövrünün xəritəsinə uyğun olaraq Azərbaycan tərəfinə keçəcək və ermənilər şıltaqlıq edəcəklər. Bu şıltaqlıq da ötüb keçəcəkdir. Onda belə bir sual yaranır ki, bəs bu insident haradan yaranır, onu kim yardır? Zənnimcə ilk baxışdan bu insident ermənilərin təbii şəkildə belə vəziyyətlə barışa bilməməsindən də yarana bilər. Digər tərəfdən hesab edirəm ki, belə bir qəliz vəziyyəti Paşinyanın özünün yaratması daha real görsənir. Mahiyyətcə, N.Paşinyan Qərb tərəfindən idarə olunan fiqur olduğu üçün istənilən vəziyyətdə Rusiyanı gərgin proseslərə qatmaqda maraqlıdır. Yəni Rusiyanı erməni xalqının gözündə bir daha etibarsız tərəfdaş kimi təqdim edilməsinə hesablana bilər. Bu həm də qarşıdan gələn seçkilərdə Moskva yönümlü namizədlərə zərbə vurmaq baxımından da düşünülmüş addım ola bilər. Ümumiyyətlə, N.Paşinyanın hər bir siyasi gedişi Rusiyanı qarşdurmaya sürükləyir.  Paşinyanın KTMT-yə Qaragöl insidenti ilə bağlı müraciətinin  kökündəndə də dayanan elementlerdən biri məhz budur. Təbii  ki, bu gedişləri Rusiya başa düşməyə bilməz. Bir sözlə, yaranmış yeni siyasi reallıqlar tələb edir ki, Rusiya tərəflər arasında balansı qorusun. Tərəflərin münasibətlərində gərginliyin qaynar fazaya keçməsinə imkan verməsin. Çünkü Rusiyanın növbəti səhvi Cənubi Qafqazı  birdəfəlik itirməsi ilə nəticələnə bilər. Hansı ki, artıq bu reallıqla üz-üzədir. Digər tərəfdən də etiraf eləmək lazımdır ki, Türkiyənin Cənubi  Qafqazda mövcudluğu artıq fakta çevrilib. Bütün bunların fonunda görsənən budur ki, Azərbaycanla  Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası Sovet dövründəki xəritələrin verdiyi koordinatla təyin olunacaq və bu tendensiya ilə sona çatdırılacaq. Hesab edirəm ki, bu məsələnin tərkib hissəsi olaraq Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndi də Azərbaycana geri qaytarılacaq. Bundan sonra bölgədə kommunikasiya xəttlərinin şah damarı sayılan Zəngəzur dəhlizinin açılması üçün heç bir maneə qalmayacaq.

 

Şahin Bəkirli,

BAO Siyasi Analitik Mərkəzinin əməkdaşı