Son 7-8 ay ərzində baş verənlər Ermənistan adlı necə bir dövlət olduğunu böyük ölçüdə dəqiqləşdirmiş oldu. Artıq Ermənistanın hərbi gücü, siyasi resurslarının təsir dairəsi və maliyyə-iqtisadi imkanları barədə daha aydın təsəvvürlər mövcuddur. Və bu təsəvvürlər hazırda rəsmi İrəvanı məmnun edə biləcək məzmun daşımır.
Əslində, bu dövrdə cərəyan edən proseslər ermənilərə də Ermənistanı daha yaxşı tanımaq imkanları açdı. Hər halda, ermənilər ənənəvi hərbi-siyasi lovğalıqlarının tamamilə əsassız olduğunu yəqin ki, indi anlamağa başlayıblar. Bu baxımdan, hazırda ermənilər yeni mərhələyə - əsassız lovğalığın artıq işə yaramadığına, əksinə, Ermənistanı fəlakətə doğru sürüklədiyinə əmin olduqları dövrə keçid edirlər.
Məsələ ondadır ki, indi Ermənistan cəmiyyəti bu ölkənin elə bir ciddi hərbi gücünün olmadığı qənaətinə yaxınlaşıb. Çox güvəndikləri Ermənistan ordusu Azərbaycan tərəfindən darmadağın edilib və artıq yoxdur. Hətta özləri də Ermənistan ordusunun yaxın vaxtlarda bərpa ediləcəyinə ümid etdiklərini vurğulayırlar. Bu, Ermənistanın hərbi güc baxımından, tamamilə tərksilah edilmiş vəziyyətdə olduğunun dolayısı etirafıdır.
Ermənistanın maliyyə-iqtisadi imkanları barədə də hər hansı müsbət fikir bildirmək mümkün deyil. Bu ölkə erməni diasporunun ianələri və bəzi xarici yardımlar hesabına dövlət büdcəsi formalaşdırır. Ermənistan iqtisadiyyatı demək olar ki, tamamilə Rusiyanın nəhəng şirkətlərinin nəzarəti altındadır.
Ermənistanın siyasi resurslarının təsir dairəsi isə ümumiyyətlə, mübahisəli mövzudur. Hərbi gücü olmayan, maliyyə-iqtisadi cəhətdən müstəqilliyini əldən verib, başqa ölkələrdən tam asılı vəziyyətə düşən bir ölkənin siyasi təsir resursları da ola bilməz.
Ona görə də, indi Ermənistan ciddi seçim qarşısında qalmış kimi görünür. Yəni, ya region qonşularının hamısı ilə normal münasibətlər qurmalıdırlar. Ya da son dövrlərə qədər israrlı olduqları cığal və dalaşqan davranışlarından imtina etməzlərsə, regionun coğrafiyasından silinmək perspektivinə hazır olmalıdırlar.
Hər halda, bundan sonra ermənilərin kaprizlərinə heç kim səbr göstərməz. Onlara vərdiş etdikləri cığallığı davam etdirmək imkanı verməz. Rəsmi İrəvan da bu reallığı artıq birmənalı şəkildə qəbul etmək məcburiyyətindədir.
Əslində, son bir neçə gün ərzində baş verənlər də rəsmi İrəvan üçün olduqca ciddi örnəkdir. Belə ki, hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyi, xüsusilə də, baş nazir Nikol Paşinyan başqa ölkələrin liderlərinə telefon zəngləri etmək məcburiyyətində qalıb. Hətta onun xarici ölkə liderlərini artıq bezdirdiyi də müşahidə olunur. N.Paşinyanın 44 günlük savaş dövründə də telefon aparatının başında mürgülədiyini nəzərə aldıqda, onun bu sahədə "böyük təcrübə"sinin olduğu qətiyyən şübhə doğurmur.
Ancaq bu "böyük təcrübə" 44 günlük savaş dövründə də olduğu kimi, indi də Ermənistana heç nə qazandırmır. Çünki xahişlərin məzmunu müəmmalıdır. Real əsası yoxdur.
Məsələ ondadır ki, rəsmi İrəvan Ermənistanın ərazi bütövlüyünün təhlükədə olduğunu iddia edir. Halbuki, Ermənistan özü 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərini işğal altında saxlamışdı. İndi rəsmi İrəvan Ermənistanın suveren hüquqlarından danışmaq məcburiyyətində qalıb. Yəni, tarixin belə əks tərəfə çevrilmə vərdişləri də var.
Digər tərəfdən, rəsmi İrəvanın qaldırdığı hay-küy, Ermənistanın ərazi bütövlüyünün təhlükə altında olması barədə iddiaları da tamamilə əsassızdır. Çünki Azərbaycan üçtərəfli anlaşmalara və beynəlxalq hüquq normalarına uyğun şəkildə öz sərhədlərinə yerləşir. Rəsmi İrəvan isə qəsb etdiyi əraziləri geri qaytarmaq əvəzinə mənasız şəkildə hay-küy salmaqla, buna əngəl törədə biləcəyinə ümid bəsləyir.
Ancaq rəsmi İrəvanın "telefon yalvarışları"na verilən reaksiyalar Ermənistan üçün o qədər də ümidverici deyil. Birincisi, heç bir normal dövlət hay-küyçü Ermənistan ucbatından Azərbaycan ilə münasibətlərini təhlükə altına salmağa həvəsli deyil. Digər tərəfdən isə rəsmi İrəvan öz yalvarışlarını hüquqi cəhətdən hələ də əsaslandıra bilməyib. Sadəcə, "Ermənistanın ərazi bütövlüyü təhlükədədir, yardım edin" deyə, hay-küy salmaqla, kifayətlənir.
Ancaq rəsmi Bakı Azərbaycanın sərhəd bölgəsində demarkasiya fəaliyyətinə başladığını və buna hüquqi əsaslarının olduğunu bəyan etdiyindən situasiyanın dəyişəcəyi qətiyyən inandırıcı deyil. Hətta Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rustam Mahmudov da rəsmi İrəvana kömək edə bilmir. Çünki rəsmi Bakı tam şəkildə üçtərəfli anlaşmalara uyğun davranır. Və bir rus generalına, yaxud da cığal erməniyə görə Azərbaycan ərazilərini güzəştə getməz.
Təbii ki, bütün bunlar rəsmi İrəvanın düşdüyü aciz durumu təsəvvür etməyə imkan verir. Rəsmi İrəvan özünə güvənmir, sərhədlərin dəqiqləşdirilməsini belə, başqalarının öhdəsinə buraxır. Heç şübhəsiz ki, haqsız olduğunu da bilir. Başqalarının sayəsində vəziyyətdən çıxa biləcəyinə ümid bəsləyir.
Ancaq belə anlaşılır ki, bu hay-küy tədricən Paşinyan hakimiyyətinin əleyhinə çevrilməyə başlayıb. Ermənistan müxalifəti prezident Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın cəzalandırılmasını tələb edir. Üstəlik, bunu etmək üçün əsl həqiqətlərin açılmasını da vacib sayır.
Maraqlıdır ki, müxalifət çevrələri üçtərəfli anlaşmaların əsl məzmununun Ermənistan cəmiyyətindən gizli saxlandığını iddia edirlər. Onların fikrincə, Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı atdığı addımları üçtərəfli anlaşmalar ilə əsaslandırsa, deməli, rəsmi Bakı özünün haqlı olduğuna əmindir. Ona görə də, Azərbaycan tərəfi öz mövqeyindən qətiyyən geri çəkilməyərək, prinsipial davranır.
Bütün bunları nəzərə alaraq, erməni müxalifəti üçtərəfli anlaşmaların tam məzmunun ictimailəşdirilməsi vacib hesab edir. Əsas arqument isə ondan ibarətdir ki, əgər, Azərbaycan bu qədər israrlı davranırsa, deməli, Paşinyan hakimiyyəti imza atdığı üçtərəfli anlaşmalarla buna icazə verib. Və ona görə də, üçtərəfli anlaşmalarda daha hansı məqamların olduğunu bilmək lazımdır.
Göründüyü kimi, erməni müxalifəti Paşinyan hakimiyyətinə ən zəif və müdafiəsiz cinahından zərbə endirməyə çalışır. Hətta iddia edir ki, bütün bu baş verənlər Zəngəzur dəhlizinin açılması məqsədilə atılan ilk addımlardır. Və bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin reallaşacağını bəyan etməsi, hazırda erməni müxalifətinin əsas müzakirə mövzusudur.
Bununla belə, erməni müxalifəti daxilində də ciddi ziddiyyətlər mövcuddur. Belə ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da seçki prosesinə qatılıb. O, bu qərarını "Paşinyan və Köçəryanın qalib gəlməsinə imkan vermək olmaz" bəyanatı ilə arqumentləşdirib. Bu isə o deməkdir ki, onun hədəfində yalnız R.Köçəryan deyil, bütövlükdə "Qarabağ klanı"dır. Yəni L.Ter-Petrosyan hazırda həm Paşinyan hakimiyyətinə, həm də Köçəryan-Sarkisyan klanına savaş elan etmiş kimi görünür.
Bütün bunlar onu göstərir ki, Ermənistan hərbi-siyasi gücünü tamamilə itirib. Buna paralel olaraq, regional proseslərə müqavimət imkanları qalmadığından əsas enerji daxili ziddiyyətlərə yönəldilib. Maliyyə-iqtisadi böhran vəziyyətində olan ölkələrdə isə daxili ziddiyyətlər adətən, "xaosun diktaturası"nə yol açır. "Xaosun diktaturası" isə vətəndaş müharibəsinə doğru yönələn "ən hamar yol" hesab olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
© 2020 - Created by İLK XEBER.