Zelenskinin Ankara səfəri Ukraynaya nə vəd edir?

     Bir neçə gün öncə V.Putin 100 minlərlə rus  qoşunlarını  Ukrayna ilə sərhəddən  geri çəkməli oldu. Axı, faktiki  olaraq Ukrayna və Rusiya müharibə astanasındaydı. Belə olan halda istər-istəməz sual yaranır ki, nədən rus qoşunları geri çəkildi? Məncə, bu məsələyə bir neçə rakursdan baxmaq olar.

    Əvvala, Rusiya anladı kı, NATO da müharibə olmasını istəmir. Hətta, Qərbin öz tərəfdaşları arasında lokal müharibə variantına  müsbət yanaşan İngiltərə və ABŞ  istisna olmaqla, digər  tərafdaşlar  müharibə variantına qətiyyən razı deyil. Zənnimcə, Avropanın müharibə istəməməsinin kökündə II Dünya müharibəsi dayanır. Milyonlarla  insanını itirən Avropa o günü hələ də unutmamış deyil. Mahiyyətcə, Ukrayna -Rusiya müharibəsi olarsa, müharibənin coğrafiyasının  Mərkəzi Avropa və Şərqi Avropaya qədər genişlənməsi an məsələsidir. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən ABŞ və Avropa Birliyi ölkələri arasında da fikir ayrılığı məhz buna görədir. Belə olan halda, hesab edirəm ki, situasiyanı dərk edən Rusiya, qoşunların sərhəddə qalmasının milyardlarla dollar xərcdən başqa bir şey olmadığını anlayır və mənasız hesab edir.

   İkincisi, Rusiyanın qoşunları geri çəkmə məsələsində Rusiyanın yüzlərlə şəhərində Navalnı tərəfdarlarının orta səviyyəli etiraz aksiyalarının baş qaldırması da öz təsirini göstərə bilər.Həm də bu Qərb tərəfindən bir mesaj ola bilər ki, içəridə etiraz aksiyalarını daha ciddi sanksiyalar hesabına böyüdə bilərik.

      Digər tərəfdən Zelenskinin Türkiyə  səfərinə diqqət eləmək lazımdır. Burada bir çox incə məqamlar aydın olur. Məsələn, Zelenski Ankara səfərindən sonra Qərb tərəfdaşları qarşısında  konkret olaraq belə bir tələb qoydu: “Ukrayna Rusiyanın sərhəddə yığdığı 100 minlərlə qoşunu özü üçün təhdid hesab edir. Bunun yeganə yolu Ukraynanın bu şəkildə də olsa, NATO-ya qəbuludur. Yoxsa başqa yolu yoxdur. Əgər bizi NATO-ya qəbul etmirsinizsə, bizi əməlli müdafiə edin. Əgər bizi NATO-ya qəbul  etmirsinizsə, biz öz təhlükəsizliymizi nüvə  silahı əldə eləməklə təmin edəcəyik”. Mahiyyət etibarı ilə Zelenskinin Ankara səfəri çox uğurlu və rəsmi Ankaradan istənilən dəstək əldə olunmaqla keçdi. Düşünürəm ki, Ukrayna prezidentinin Qərb  qarşısında qoyduğu tələb rəsmi Ankara tərəfindən uyğunlaşdırılmışdır. Hesab edirəm ki, Zelenskinin Qərbə ünvanladığı tələbin tərkib hissəsi belədir ki, müharibə edirəmsə, tərafdaşıqsa, bizimlə bir yerdə amerikan, ingilis, fransız, alman və s. əsgəri də ölməlidir. Hesab edirəm ki, Zelenskinin Ankara görüşündə rəsmi Kiyevə məsləhət görülən təkliflərdən biri də bu olub ki, nə Qərbin, nə də Rusiyanın təkərinin altına düşmək olmaz. Hətta Ukraynaya təklif oluna bilər ki,  Pakistan, Türkiyə, İsrail, İngiltərə Azərbaycan və Çinlə birlikdə “İpək Yolu  İqtisadi-Siyasi” blokunda təmsil olusun. Mahiyyətcə, görsənən budur ki, ən doğru yolu Türkiyə göstərmiş olur. Yəni səbirli, təmkinli olmaq, tələsməmək, vaxtı çatanda isə zərbə endirmək. Bir sözlə, “özün basdırdığın ağaca söykən” prinsipi ilə hərəkət eləmək lazım gəlir. Hesab edirəm ki,  Türkiyənin Ukraynaya yaxından dəstək verməsinin əsas səbəblərindən biri də gələcəkdə Krımın taleyi və Qara dəniz akvatoriyası məsələləridir.

 

Şahin Bəkirli,  

BAO Siyasi Analitik Mərkəzinin əməkdaşı