"Dekabrın 23-də Sumqayıt Dövlət Universitetində Mükəmməllik Mərkəzinin təşkilatçılığı və İnklüziv Təhsil Mərkəzinin dəstəyi ilə rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filmi nümayiş olunub.
ilkxeber.org xəbər verir ki, film Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyat hekayəsindən bəhs edir.
Universitetin Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev çıxışında “Problem yoxdur” sənədli filminin inklüziv cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, film vasitəsilə Alik öz həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edərək, “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə ötürür. O, həmçinin SDU-da inklüziv tələbələrə xüsusi diqqət göstərildiyini və onların təhsil mühitində bərabər imkanlarla təmin olunduğunu nəzərə çatdırıb.
Sonra tədbirin təşkilatçısı Pərvanə Seyidli və inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxış ediblər. Onlar tədbirin əhəmiyyəti və inklüziv təhsilin cəmiyyətə təsiri barədə fikirlərini bölüşüblər.
Tədbirin növbəti hissəsində inklüziv sahədə istedadlı gənclər rəqs və musiqi nömrələri ilə iştirak edərək tədbir iştirakçılarına xüsusi bir təəssürat bəxş ediblər. Filmin nümayişindən sonra yazıçı-psixoloq İlqar Kamil, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri və sosial məsələlər üzrə TV eksperti Hacı Quliyev, həmçinin yazıçı Almaz Bəyazid filmin gənclərə motivasiya baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranma prosesindən danışaraq, hər kəsə təşəkkürünü ifadə edib. Təqdimatın sonunda Mükəmməllik Mərkəzi adından rejissor Elçin Ağazadəyə xatirə hədiyyəsi təqdim olunub.
© 2020 - Created by İLK XEBER.