"... İT TÜRK" NƏ DEMƏKDİR?

Mərhum akademik Tofiq Hacıyev "Kitabi-Dədə Qorqud" (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) ("Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı") əsərinin adını bəzi tədqiqatçılardan fərqli olaraq qısaca "Dədə Qorqud kitabı" şəklində yazırdı. Məncə, görkəmli alim belə yazmaqda haqlı idi.
Sözümün canı var. Diqqətinizi XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin Bağdadda yazdığı türkcə-ərəbcə lüğətə, daha doğrusu, bu ensiklopedik əsərin adına (ديوان لغات الترك‎)  yönəltmək istəyirəm.
Elmi ədəbiyyatda və internet resurslarında əsərin adı əsasən mənbə dildə tələffüz edildiyi kimi, bəzən də öz dilimizdə yazılır. Təəssüf ki, əsərin adının yazılışında prinsip gözlənilmir:
1. "Divani lüğət-it türk"
2. "Divanü lüğət-it türk"
3. "Divani luğatit-t türk"
4. "Divan lüğəti ət-türk"
5.  "Divani lüğət-ət-türk"
6. "Divani-lüğət-it türk"
7. “Divanü lüğat-it türk"
Oxşar mənzərə Türkiyə dilçiliyində də müşahidə olunur:
"Dîvânü Lûgâti't-Türk'", “Dìvānu Luġāti ’t-turk (DLT)” və s.
Rus dilində isə adətən "Диван лугат ат -турк" şəklində yazırlar.
Əsərin Azərbaycan və Türk dillərindəki adında da variantlılıq özünü göstərir:
"Türk dillərinin lüğəti",
"Türk dillərinin izahlı lüğəti",  
“Türk lehçelerinin Divanı",
Türk dil və ləhcələrinin lüğət və qrammatikası" və s.
Bu yaxınlarda bir millət vəkili əsərin adının yazılışı ilə bağlı mənə sual vermişdi. Qərara gəldim ki, Elm Günündə fikirlərimi sizinlə də bölüşüm. Çünki millət vəkilimiz, dəyərli alimimiz çoxlarının diqqət yetirmədiyi bir məqama haqlı olaraq eyham vurmuşdu.
Nə üçün əsərin adını (əsasən) "Divanü lüğət-it türk" şəklində yazırlar?  
"...-İT TÜRK" nə deməkdir?
Gəlin birlikdə aydınlaşdıraq. Hörmətli ərəbşünaslar bu məsələni daha yaxşı şərh edə bilərlər. Mənim bir dilçi alim kimi yanaşmam belədir.
Birincisi, ərəb dilində sözlərin oxunuşunda belə bir qayda var. Əgər əlif-ləm (əl) artiklindan sonra 14 şəmsiyyə hərf gələrsə, bu zaman əl artiklında olan ləm hərfi oxunmaz.  Bu o deməkdir ki, əlif hərfi ləm hərfindən sonrakı (idğam) şəmsiyyə (t) samiti "ət" şəklində,  yəni "-it türk" yox, "-ət türk" şəklində oxunar.
Lakin əl artiklından (əl türk) əvvəl gələn "luğat" sözü şəmsiyyə hərflə bitdiyinə görə çox vaxt  (لغات الترك‎) "it" müəyyənlik artiklı ilə işlədirlər.
Hesab edirəm ki, bu cür yanaşma ən azı estetik cəhətdən doğru deyildir.
Fikrimcə, bu məşhur əsərin adını bir qayda olaraq ya öz dilimzdə, ya da mənbə dildə tələffüz edildiyi kimi yox, yazıldığı kimi  (ديوان لغات الترك‎) (yəni "Divan luğat əltürk") yazmalıyıq.
Bu fikri qəbul etməyən alimlərimizə başqa variant da təklif edirəm: "Divanü lüğatit türk" və ya "Divanü lüğətət türk".

Şahlar Məmmədov (Göytürk),

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent