"Fondun səlahiyyətlisi dedi ki, Prezidentin tapşırığıdır, sağalana qədər dövlət yanınızda olacaq"
"Tanıyanlar bilir ki, heç kəsi mənfi yükləməyi sevmirəm. Doğmamın yasına gələni də neqativ yükləmədən, kədərimi gizlədərək qarşılamışam, xəstəxanaya ziyarətimə gələni də. Son aylar ərzində məndən asılı olmayan səbəblər üzündən xəstəliyimlə bağlı statuslarım üstünlük təşkil edir. İnanın ki, neqativ yüklü məlumatlara hamıdan çox özüm üzülürəm. Lakin səhhətimlə maraqlanan, mənəvi yardım edən hər kəsə təşəkkür borcumu ödəmək, onlardan halallıq almaq istəyirəm".
İlkxeber.orgfo xəbər verir ki, bunu tanınmış jurnalist Azər Rəşidoğlu sosial media hesabında yazıb.
Müalicə prosesi ilə bağlı danışan Azər Rəşidoğlu bunları deyib:
"Dostlarım müalicəmlə bağlı cənab Prezidentə və Birinci Vitse-Prezidentə müraciət edəndə də xeyli tərəddüd etdim və "Qazilərimizin müalicəyə ehiyacı var" dedim. Xəstəlik irəliləyirdi və odur ki, müalicəni gecikdirmək olmazdı. Əgər ömür vəfa etsə, bütün bunları yazmağa başladığım kitaba daxil edəcəyəm. Bəzi həkimlərin, hətta vətəndaş cəmiyyətində "müstəqil fikirli" hesab etdikləri Hippokrat andı içənlərin mənə vurduğu maddi və mənəvi ziyanları açıqlayacağam və adlar çəkəcəyəm.
İndi bəzi şəxslərə təşəkkür borcumu ödəmək istəyirəm. Milli Məclisin deputatları - Aqil Abbas, Razi Nurulla, Elçin Mirzəbəyli, Erkin Qədirli mənimlə bağlı edilən müraciətə dərhal imza atdılar. Xalq artisti Mehriban Zəki, QHT rəhbərləri, ziyalılara sonsuz təşəkkürlərim var.
Media rəhbərləri, jurnalistlər daim məsələni diqqətdə saxladılar. Lakin... Yaxşılıq edənləri sadalamaqla, yaxşılıq etməkdən imtina edənləri də yada salmaq lazım gəlir. Bir media kapitanı açıq şəkildə müraciətə imza atmaqdan imtina etdi. Cəmi bir nəfər. "General". İncimirəm və haqqımı halal edirəm. Amma bir məqam var ki, onu qeyd etməyə borcluyam.
Dostların yardımı gözləniləndir. Bəs dost olmayanın?! Jurnalist Eynulla Fətullayevlə münasibətlərimizdə son vaxtlar anlaşılmazlıq olub. Lakin bu məsələdə şəxsən Eynulla bəyin və onun rəhbərlik etdiyi saytın diqqətini daim hiss etdim. Haqqin.az saytına təşəkkürümü bildirirəm. Eynulla Fətullayevin soyuq münasibətdə olduğu bir sıravi jurnalistə elədiyi yaxşılığın bir adı var - KİŞİLİK! Kişilik ancaq dastanlarda qalmayıbmış.
Müdirim Zahir Əzəmətə və doğma Qaynarinfo-ya sonsuz təşəkkürlər!
Maddi və mənəvi problemlər içində çabalayan bir jurnalistə Heydər Əliyev Fondunun etdiklərinin miqyası ölçülə bilməz. Söhbət tək maddi yardımdan da getmir. Təsəvvür edin, gecə saat 3-də otelə girirsən və texniki problem yaranır və Fondun nümayəndəsini yuxudan oyadırsan və bir doğman kimi dərhal yardım edir, sabahın açılmasını belə gözləmir. Sonra öyrənirsən ki, sən tək deyilsən, qazilər, başqa müalicə alanlar eyni qayğı ilə üzləşib. Sevindiricidir. Arxanda DÖVLƏT dayanır.
Məni Türkiyəyə yola salanda Fondun səlahiyyətlisi lazım gələrsə, ABŞ, Almaniyaya belə göndərə biləcəklərini dedi - "Bu, mənim yox, cənab Prezidentin tapşırığıdır, siz sağalana qədər Dövlət yanınızda olacaq. Cənab Prezident şəxsi nəzarətinə götürüb müalicəni"...
Türkiyəyə ayaq basan kimi Fondun nümayəndələri qarşılayır, otelə yerləşdirir, həkim müayinəsi, dərmanlar, müalicə - hamısı ödənilir. Ən əsası hər an zəng gəlir - "nə probleminiz var? Dövlət arxanızdadır!.."
© 2020 - Created by İLK XEBER.