Kitabların sayı, ədəbiyyatın təsnifi



Müəlliflər kitablarının sayı ilə öyünürlər. Deyirlər, on kitabım, yaxud iyirmi kitabım çap olunub. Mənə aydın olmur, həmin kitabların hamısında yeni mövzular yer alır? Bir kitabdakı material digərində olmur? Əgər yazanın cəmi-cümlətanı otuz mətni varsa, bunu hər il müxtəlif ad, müxtəlif cildlə yenidən çap etdirirsə, nəyi yeni kitab olur? Bu  sadəcə, say artımıdır. Yazıları yeni adla təqdim etməyin faydası nədir? (Təkrar nəşrə zərurət yarandığını nəzərdə tutmuram)
Məsəlçün, mənim altı kitabım çap olunub. Beşi bir-birindən fərqlidir. İçindəkilər hamısı ayrı-ayrı mətnlərdir. Sonuncu kitabım hekayələr toplusu olduğundan yalnız oraya əvvəlki kitablardakı bəzi hekayələr təzədən salınıb. Bir-birindən fərqli kitablardır. Yəni təkcə sayca artmayıb, məzmun yeniliyi ilə altıncıdır.
Otuz eyni mətni təzədən çap etdirmək oxucuya yox, kəmiyyətə işləməkdir.
On şeiri əlli kitabda görməkdən yorulduq.
Yeddinci kitabım da yeni yazılardan ibarət olacaq.
Ondan sonra indiyədək yazdıqlarımı mövzular üzrə qruplaşdırıb çap etdirəcəm. Sayını sonuncu kitabla ölçməyəcəm.  Elə "yeddi kitabım var" deyəcəm.
Kitablarının, dost-tanışının sayı, vəzifəsi, varı, mövqeyi ilə öyünən biri kitablarının, dost-tanışının sayı, vəzifəsi, varı, mövqeyi ilə öyünən birinin mətnini paylaşıb cavanlara xitabən yazıb: yazı belə olar, baxın, öyrənin. Yazını da oxuyanda köhnə üslubdan başqa bir şey görmürsən. Yeni ab-hava yoxdur, sadəcə, xəbərin, mübtədanın yeri düzgün təyin edilib, bir də məşhur ədatlar – “da, də” ayrı yazılıb.
Çoxdanıncı illərdə yaşayıb-yaratmış, cavanlara nümunə göstərilən bu jurnalistin sonuncu çap olunan kitabına seçdiyi mənasız, hətta gülünc ada baxanda adam təəccüblənir, özünə sual verir: "bundan öyrənim?", "bunun yolu ilə gedim?", "budur yaxşı yazan?" Dinə bilmirsən. “Gör kimə səhv tutursan” deyib qınayarlar səni. “Onun titulu sənin tərcümeyi-halından uzundur” tənəsinə dözmək çətindir.
Belə məqamlarda gənclər: – ay xanım, a bəy, pis yazmağa qalsa, özüm ondan da pis yazıram da, niyə onu nümunə göstərirsiniz? Gərək onu kimi pis yazım? – desələr, ədəbi mühitdə ədəbi qiyamət qopar, yəni sayt əməkdaşları  cəlbedici başlıqla xəbər hazırlayıb manşetə çıxarar, jurnalistlər tanınmış qələm adamlarından mövzuya münasibət bildirməklərini tələb edər, onun sözünü buna, bunun sözünü də ona çatdırıb ortalığı qarşıdırarlar.
Çox şeyə çox vaxt çoxumuz səs-küydən narahat olduğumuz üçün susuruq.
Çap edilib oxuculara, dostlara satılan, hədiyyə verilən kitabları oxuyanda adam istər-istəməz içindəkiləri qruplaşdırır. Ədəbiyyat sayılan həmin mövzuları bu cür təsnifləşdirmək olar:
oliqarx ədəbiyyatı – öz əvəzinə pul ilə başqasına yazdıranların “yaradıcılığı”;
fağır-füqəra ədəbiyyatı – qara günlərinin ağırlığından taleyinə ağlayanda dilinə gələn söləri düzüb-qoşub “şeir yazmışam” deyənlərin gümültüləri;
yoxsul ədəbiyyat – kitabı son səhifəsinədək varaqlayıb yaddaqalan, ürəkdən xəbər verən bircə misra, bircə cümlə tapa bilmədiyimiz cızma-qaralar;  
müəmma ədəbiyyatı – bütün mətnlər atmacadan ibarət olur, amm dəqiq ünvan göstərilmir;
çılpaq ədəbiyyat – müəllif intim mövzularn hamısını açıb-ağardır;
Ah-nalə ədəbiyyatı – dünyanın, cəmiyyətin dərdi-səri, problemləri ilə yüklənmiş, müəllifin ah-naləsinin göyə qalxdığı əsərlər;
qırıb-çatan ədəbiyyat – xüsusilə Qarabağın işğaldan azad edildiyi günədək yazılanlar.
yalvar-yaxar ədəbiyyat – “dünya, mənlə işin olmasın”, “a qardaş”, “məndən gen durun”, “yazıq canım”, və s. kimi ultimatum verən mətnlər.
 zay ədəbiyyat – yuxarıda yazdıqlarımın hamısının toplusu;
örtülü ədəbiyyat – vaxtilə birinin adından yazılmış, sonradan əsl müəllifi ortaya çıxan ədəbiyyat. Üstü açılanda dostluq pozulur, oxucu məyus olur.
Oğurluq ədəbiyyat – kimin yazdığında nə xoşuna gəlsə zorla, sürüyə-sürüyə gətirib özünə əsər düzəldir.
Nəhayət, ƏDƏBİYYAT ədəbiyyat. Buraya hansıları aid edəcəyinizi özünüz bilirsiniz.
 

Pərvanə Bayramqızı