Gürcüstanın son zamanlar müstəqil siyasət yürütməsinin əsas səbəblərindən biri də Azərbaycanın apardığı siyasətin nəticəsidir
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri Gürcüstanda maraqlı sitiuasiya yaradıb. Seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası qələbə çalsa da, Qərb, eləcə də Gürcüstan müxalifəti bu qələbəni qəbul etmir və seçkilərin saxtalaşdırıldığını iddia edirlər.
Bu mövzu ilə bağlı münasibətini bildirən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, 26 oktyabr seçkiləri onu göstərdi ki, orada yaşayan soydaşlarımız, bütövlükdə Gürcüstan xalqı müharibəyə, daxili qarşıdurmaya, xaosa deyil, sülhə, Gürcüstanın bütün istiqamətlər üzrə inkişafına səs verdilər. Hakim partiya isə ölkənin aparıcı siyasi qüvvəsi olduğunu sübut etdi və ölkənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini gücləndirdi.
X.Əhmədov hesab edir ki, Gürcüstanda 300 min azərbaycanlı yaşayır və onların seçki prosesindəki təsiri 7-8 faizdir. Son seçkilərdə də soydaşlarımız məhz Azərbaycan dövlətinin regional siyasətini dəstəkləyərək sülh və ənənəvi dəyərləri qorumağı seçdilər. Azərbaycanlılar digər vətəndaşlarla birlikdə, regionu parçalamaq cəhdlərinə qarşı çıxdılar. Bu, Azərbaycanın və Gürcüstanın Ermənistana qarşı ortaq mövqedə olduğunu göstərir. Ona görə də, Gürcüstan hakimiyyəti qısa bir müddət ərzində azərbaycanlıların yaşadığı bölgələrdə sosial-iqtisadi məsələlərə daha çox diqqət yetirməlidir. Gürcüstan və Azərbaycan arasındakı birlik, hər iki dövlətin güclü olmasını təmin edir. Ümid edirik ki, Gürcüstan hakimiyyəti azərbaycanlıların bütün problemlərinin həllində daha çox həssaslıq nümayiş etdirəcək.
Birlik sədrinin fikrincə, seçkilərin nəticələri Qərbin Gürcüstandakı siyasətinə böyük zərbə vurdu. Hazırda Qərbin irəli sürdüyü şərtlərin ölkənin müstəqilliyinə zərər vurduğunu Gürcüstanda getdikcə daha çox başa düşürlər.
“Ekspertlər çox haqlı olaraq qeyd edirlər ki, Gürcüstanın son zamanlar müstəqil siyasət yürütməsinin və Rusiya ilə olan münasibətlərini korrektə etməsinin əsas səbəblərindən biri də Azərbaycanın apardığı siyasət və onun nəticəsidir. Yəni Azərbaycanın xarici siyasəti onu sübut etdi ki, problemlərin həlli böyük qonşu dövlətlərlə konfratasiya aparmaq yox, münasibətləri qoruyub saxlamaqdan ibarətdir. Ermənistanda da tezliklə bu gerçəkliyi dərk edəcəyinə inanırıq”- deyə X.Əhmədov bildirib.
© 2020 - Created by İLK XEBER.