“Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı ölkəmizin sosial və iqtisadi inkişafında təhsilin roluna yönələn önəmli bir addım olaraq dəyərləndirilməlidir”. Bu fikirlər Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədova məxsusdur. Onun sözlərinə görə, Qarabağ Universiteti gələcək nəsillərə müasir təhsil imkanları təqdim etmək məqsədini güdür. Təmirdən sonra universitetin müasir tələblərə cavab verən infrastrukturu tələbələrin daha keyfiyyətli təhsil almasına şərait yaradır: “Tədbirdə çıxış edən Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışını respublikamızın intellektual potensialını artırmaq, gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək baxımından mühüm addım kimi qiymətləndirdi. Qarabağ Universitetinin bərpası, bölgənin sosial-iqtisadi infrastrukturunun inkişafına da mühüm töhfə verəcək.
Universitetin fəaliyyəti, yerli əhalinin məşğulluq imkanlarını artırmaqla yanaşı, Qarabağda daha geniş təhsil şəbəkəsinin yaradılmasına da zəmin hazırlayır”.
X.Əhmədov bildirib ki, Xankəndidə yerləşən Qarabağ Universiteti, müasir təhsil sisteminin tələblərinə uyğun kadrların yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Universitetin açılışı, bölgənin gəncləri üçün yeni imkanlar yaradır və onların daha geniş perspektivlər əldə etməsinə kömək edəcək.
“Prezidentin açılışında iştirak etdiyi Qarabağ Universiteti Azərbaycanın təhsil sahəsində atdığı önəmli bir addımdır. Bu tədbir, təkcə universitetin bərpası ilə kifayətlənmir, həm də regionun sosial-iqtisadi inkişafına müsbət təsir göstərməyə yönəlmişdir. Əminəm ki, Qarabağ Universiteti gələcəkdə bu məqsədlərə nail olmaq üçün əhəmiyyətli rol oynayacaq” – deyə təşkilat sədri bildirib.
© 2020 - Created by İLK XEBER.