Sumqayıt şəhərində Muğam Mərkəzində rejissor Elçin Ağazadənin ekranlaşdırdığı "Problem yoxdur" sənədli filminin təqdimatı baş tutub.
İlkxeber.org xəbər verir ki, bu tədbir beynəlxalq təlimçi Əsmər Kərimovanın təşkilatçılığı ilə keçirilib.
Film əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edir və daha əvvəl Bakı və Gəncədə də nümayiş olunub, hər iki şəhərdə böyük coşqu ilə qarşılanıb.
Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb və pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri Amid Həsənquliyevin aparıcılığı ilə davam edib.
Tədbirdə film və onun inklüziv cəmiyyətin inkişafına töhfəsi vurğulanıb. Çıxış edən natiqlər, o cümlədən inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova və təhsil eksperti İlhamə Axundova, inklüzivliyin inkişafı üçün Dövlət Proqramının əhəmiyyətini qeyd ediblər.
Tədbirdə həmçinin, əlilliyi olan Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb. "Mənəvi Dünya" İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi anılıb və videoçarx nümayiş etdirilib.
Filmin nümayişindən sonra psixoloq İlqar Kamil bu ekran əsərini terapiya adlandırıb və rejissora təşəkkürünü bildirib.
Tədbir rejissor Elçin Ağazadənin filmin yaranması və bu işə töhfə verənlər barədə danışması ilə yekunlaşıb.
Göygöl rayonunun Balçılı kəndindən olan Alik Cəfərovun video müraciəti də tədbirə əlavə emosional məqam qatıb və alqışlarla qarşılanıb.
© 2020 - Created by İLK XEBER.