Avqustun 31-də Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda işğaldan azad edilmiş Kəlbəcərə həsr olunan “Bal kimi süfrə” filminin təqdimatı olub. Film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Bal kimi süfrə” sənədli filmi Kəlbəcərin timsalında işğaldan azad olunan torpaqlara qayıdışa, kəlbəcərlilərin işğal dövründə göz bəbəyi kimi qoruduğu milli dəyərlərə həsr olunub. Onun sözlərinə görə, Kəlbəcər füsunkar təbiətə, zəngin təbii sərvətlərə, özünəxas mətbəx və məişət mədəniyyətinə malik rayondur. Burda, sanki təbiətin özü də insanlara zəngin və rəngarəng bir mətbəx, möhtəşəm bir süfrə bəxş edib. Ermənilər 30 ildə Kəlbəcərin də sərvətlərinə sahib çıxıb, onun məşhur balını da mənimsəyərək Ermənistanın adı ilə dünya bazarına çıxarıb. Artıq kəlbəcərlilər də, onların süfrələrinin bal kimi neməti də öz yurduna qayıdıb. Filmin məqsədi bu qayıdışı göstərmək, kəlbəcərlilərin nəsildən-nəslə yaşatdıqları adət-ənənələri, milli dəyərləri təbliğ etməkdir.
“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihə rəhbəri Kənan Qılıncxanovun sözlərinə görə, geniş tamaşaçı auditoriyasına hesablanan film gənc nəslin maddi-mədəni irsimizi, milli dəyərlərimizi tanıması, qoruması və yaşatması baxımından da çox əhəmiyyətlidir. O, belə bir aktual mövzulu layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.
Sonra qonaqlar "Bal kimi süfrə" sənədli filmini izləyiblər.
Film Kəlbəcərdə, təbiətin qoynunda çəkilib. Filmdə tanınmış arıçı Sabir Mustafayev Kəlbəcərdə arıçılığın yenidən dirçəlməsindən, iqtisadiyyata, turizmin inkişafına töhfəsindən danışır. O, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı onların arıçılıq təsərrüfatına da baş çəkməsini, arıçılarla səmimi söhbətini də xatırlayır. Doğma yurda qayıdışın sevincini yaşayan digər sakinlər də Kəlbəcərin dünəni, bu günü ilə bağlı maraqlı faktları, sabahla bağlı arzularını bölüşürlər.
Film nümayişindən sonra çıxış edən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Kəlbəcərə həsr olunan film barədə öz təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin çox zəngin təbii sərvətləri var. “Bal kimi süfrə” filmində onun əsrarəngiz gözəlliyi, zəngin təbiəti ilə yanaşı, insanlarının qonaqpərvərliyi, adət-ənənələrə sadiqliyi də öz əksini tapıb. Qurban Sadıqov Prezident İlham Əliyevin qətiyyəti ilə Kəlbəcərdə aparılan sürətli abadlıq-quruculuq işlərindən danışıb. Qeyd edib ki, hazırda rayonda yenidənqurma işləri sürətlə davam edir, kəndlər dirçəlir, bir sözlə, Kəlbəcərin gözəlliyi özünə qayıdır.
Əslən Kəlbəcərdən olan filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, Əməkdar jurnalist Yunis Orucov, Savat Federasiyasının prezidenti, Əməkdar məşqçi Rafiq Əliyev, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun rəhbəri Pərviz Əmirov və digər çıxış edənlər filmin mədəniyyətimizin, milli dəyərlərimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İctimai Birliyin əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, milli dəyərlərini diqqətlə araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq və təbliğ etməkdir.
© 2020 - Created by İLK XEBER.