Unikal münasibətlər

Prezident İlham Əliyev: “Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur”



 Pakistan Azərbaycana dost və qardaş olan ölkədir. Buna görə də hazırda Azərbaycanla Pakaistana arasında əlaqələr çox yüksək səviyyədədir. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin iyulun 11-12-də  İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Pakistanın Prezidenti Asif Əli Zərdari ilə keçirdiyi məhdud və geniş tərkibli görüşlərdə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr, energetika, humanitar, mədəni və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.  Prezident İlham Əliyev Pakistan prezidentini və baş nazirini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə də dəvət edib. Onların hər ikisi Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib və çox böyük məmnuniyyətlə bu tədbirdə iştirak edəcəklərini bildiriblər.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması da önəmlidir. Azərbaycan şirkətləri Pakistanda bir neçə dəfə ixrac missiyasında olublar. Bu missiyalar Azərbaycanın Pakistana ixracının artırılması məqsədini daşıyır. İslamabadda Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, biz hər zaman əməkdaşlıq etmişik: “Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”. İyulun 11-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş” bu sahədə uğurlu addımdır. Bundan əlavə iki öllkə arasında preferensial ticarət, dövlət əmlakının özəlləşdirilməsi, ədliyyə, mineral ehtiyatlar və geologiya, mədəni mübadilə, informasiya və kommunikasiya texnologiyaları, televiziya, elmi və texnoloji, turizm, hava əlaqəsi, biznes və digər  sahələrdə əməkdaşlıq haqqında sazişlərin imzalanması ikitərəfli əlaqələrin inkişafına çox müsbət təsir edəcək. Pakistanla ölkəmiz arasında bu vaxta kimi müdafiə və müdafiə sənayesi sahəsində bir sıra layihələr icra olunub.  Azərbaycan Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal edib. Bununla bağlı hələ Prezident İlham Əliyevin 2017-ci ildə Pakistana səfəri zamanı razılaşma əldə edilmişdir. Bu səfərdə də mudafiə sənayesi ilə bağlı məsələlər diqqət məkəzində olub. Dövlətimizin başçısı sərmayələrin ilkin həcmimin təxminən iki milyard dollar olduğunu qeyd edib. “Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub”, - deyə cənab Prezident xatırladıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda (NASTP) hərbi sərgi ilə də tanış olub.
Hələ Prezident İlham Əliyev Pakistana səfər etməmişdən öncə yerli mediada, eləcə də sosial şəbəkələrdə “İki millət, bir baxış: Pakistan Azərbaycan Prezidentini salamlayır”, “Qonaqpərvərlik və mədəni zənginlik ölkəsinə xoş gəlmisiniz”, “Sərhədsiz dostluq: Pakistan Azərbaycanı salamlayır” və s. kimi şüarlar paylaşılırdı. Səfərdən sonra isə Pakistanın nüfuzlu media orqanları bu haqda geniş yazlar dərc ediblər. Belə ki, “The Express Tribune”, “Nation”, “Whenewsenenglish”, “The İnternational News”, “Minute Mirror”, “İslamad Post”, “Pakistan Today”, “Urdu.point”, “Urdu. Dunya News” qəzetləri  və “The İnternational News”, “Mettis Qlobal” və s. portallar da Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü, Məhəmməd Şahbaz Şəriflə apardığı danışıqlar və liderlərin bəyanatları, həmçinin imzalanan sənədlər haqqında müfəssəl məlumatlar yer alıb.
Dövlətimizin başçısının Pakistana dövlət səfəri bu ölkənin mediası ilə yanaşı, dünyanın bir çox nüfuzlu mətbuat orqanları tərəfindən də geniş işıqlandırılıb. Səudiyyə Ərəbistanın “Arab News”, “Əl Mədinə” qəzetləri, Küveytin KUNA rəsmi agentliyi, Bəhreynin BNA rəsmi xəbər agentliyi, Qətərin QNA informasiya agentliyi, Çinin “China.org.cn” portalı, Türkiyənin “Yeni Akit”, “Akşam” qəzetləri, “24”, “Haber Türk”, EkolTV” telekanalları, Rusiyanın TASS agentliyi, “Vestikavkaza” portalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri, bu çərçivədə aparılan danışıqlar və imzalanan sənədlər, Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına investisiya qoyacağı haqqında geniş materiallar yayıb.
Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı hər iki ölkə bir-birinə qarşılıqlı dəstək verib və qətiyyətli mövqe nümayiş etdiriblər. Onu da deyək ki, Pakistan Qarabağ məsələsində Azərbaycana ən son ana kimi dəstək göstərmişdir. Cənab Prezident öz bəyanatında bu məsələni xüsusi vurğulayıb: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. 44 günlük Vətən müharibəsində Pakistan dövləti və xalqının mənəvi dəstəyini hiss etdik. Dövlətimizin başısının bildirdiyi kimi Qələbə günündə xalqımız öz yürüşlərində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağını da əllərində dalğalandırırdı. Bütün bunlar Azərbaycan xalqının içindən gəlirdi. Xalqımız qardaş dövlətlərə olan təşəkkürlərini bu bayraqları qaldırmaqla ifadə edirdi. Biz müharibə günlərində həm dost, həm də düşmənlərimizi bir daha tanıdıq. Tarixən bizə düşənlər olanlar kimliklərini bir daha göstərdilər. Elə tarixən dost və qardaş olanlar da göründü. Pakistan dövləti hər zamankı kimi qardaşlığını və dostluğunu nümayiş etdirdi. Buna görə də Pakistan Azərbaycan üçün Türkiyə kimi ikinci qardaş dövlətdir. Türkiyə “bir millət, iki dövlət”dirsə, Pakistan “iki millət, bir baxış”dır.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu