İyulun 10-da “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihə çərçivəsində Salyan rayonunda Mərkəzi Kitabxanada ictimai müzakirə keçirib.
İctimai müzakirədə layihənin rəhbəri “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov mövzu ilə bağlı geniş məruzə edib.
K.İsmayılov Salyan rayonun qədim tarixə malik olduğunu qeyd edərək bildirib ki, rayonlarda gənclər arasında onları yaşadıqları ərazilərdəki tarixi abidələrə, arxeoloji obyektlərə məhəbbət ruhunun aşılanması sahəsində kifayət qədər iş aparılmadığından gənclər bu abidələr haqqında kifayət qədər məlumatlı deyillər. Bu baxımdan gənclərdə keçmişimizə və mədəni özəlliklərə, ata-babalarımızın ənənələrinə hörmət aşılanması yolu ilə onlarda vətəndaşlıq və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi, mənəvi dünyagörüşünün genişləndirilməsi işi mühüm aktuallıq kəsb edir.
Bu istiqamətdə həyata keçirilməsi zəruri olan işlərdən biri də gənclər arasında yaşadıqları ərazilərdə mövcud olan tarixi və mədəni abidələr haqqında məlumatların verilməsi, bu abidələrin yerləşdiyi obyektlərə ekskursiyaların təşkili və digər kütləvi maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.
Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov qeyd edib ki, əsil vətəndaş yetişdirməyin yollarından biri də insanın yaşadığı ərazinin tarixi, maddi-mədəni abidələri, dədə-babalarının qəhrəmanlıq salnaməsi haqqında bilik və təsəvvürlərin formalaşdırılmasıdır. M.Məmmədov bildirib ki, Salyanın bir sıra kəndlərində qədim yaşayış məskənləri tapılmışdır. Həmin yaşayış məskənlərindən Babazanlı, Marışlı, Mahmudabad, Noxudlu, Qırxçıraq, Yuxarı Xalac, Bəndovan, Qarabağlı və digərlərini göstərmək olar.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan üzrə nümayəndəsi Şamxal Əhmədov öz çıxışında bildirdi ki, Salyan rayonunda ölkə və yerli əhəmiyyətli abidələr olduqca çoxdur. Onun sözlərinə görə, rayonun təbiəti və coğrafi mövqeyinin əlverişliliyiı qədimdən bıırada insanların məskunlaşmasına şərait yaratmışdır. Ona görə də, bütövlükdə Salyan rayonunun ərazisində xtarixi keçmişimizi, adət-ənənələrimizi özündə əks etdirən yaşayış məskənləri, eləcə də qəbiristanlıqlar dövrümüzə qədər gəlib çatmışdır.
Tədbirdə layihənin eksperti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov və digər iştirakçılar da mövzu ilə bağlı çıxış ediblər.
© 2020 - Created by İLK XEBER.