Müstəqil Azərbaycan tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olmaqla yanaşı mədəniyyətlərarası dialoqun inkişafına yönəldilmiş mühüm layihələrin, forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmiz tarixən milli və dini baxımdan tolerant ölkə olmuşdur. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşamasına baxmayaraq günümüzə qədər hər hansı dini qarşıdurma baş verməmişdir.
Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin mövcud olduğu məkan kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyevin təbirincə desək, Azərbaycanda tarixən bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılmışdır: “Tolerant dəyərlərə bağlılıq ölkəmizdə yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biridir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və mulikultural dəyərlər dayanır”.
Prezident İlham Əliyev eyni zamanda onu da bildirmişdir ki, Azərbaycan bu ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzəində qurdu. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir və biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə alır.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Dini tolerantlığa bağlılıq xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir və onun əsasında müxtəlif dinlərə hörmətlə yanaşmaq ənənəsi formalaşmışdır. Ölkə üzrə 970 dini qurum qeydiyyatdan keçmişdir ki, onların 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Respublika ərazisində 2253 məscid mövcuddur, 16 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Ölkədə yaşayan əhalinin 96 faizi müsəlman, 4 faizi isə qeyri-müsəlman olsa da, Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşır.
Azərbaycanda müxtəlif dinlərə mənsub olan ibadət yerlərinin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Yalnız İslam dininə aid ibadət ocaqları deyil, eyni zamanda digər dinlərə mənsub məbədlər də inşa və yaxud təmir-bərpa olunur. Dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etməliyik. Fond humanizm, dini həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir.
Fondun uğurla reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlər, kilsələr və sinaqoqlarda təmir-bərpa işləri aparılır. Ötən illər ərzində Fondun dəstəyi ilə Gəncədə “Cavad xan” türbəsi, “Comərd Qəssab” türbəsi, “Şah Abbas” məscidi və “Həzrət Zeynəb” məscidi, Xəzər rayonunda “Möhsün Səlim” məscidi, “Pir Həsən” ziyarətgahı, Buzovna qəsəbəsində “Cümə” məscidi və Binə qəsəbəsində “İmam Rza” məscidi, Yasamal rayonunda “İmam Hüseyn” məscidi, Mərdəkanda “Heydər Cümə” məscidi, “Atəşgah” məbədi, Şamaxıda Cümə məscidi, “Şahxəndan” türbəsi və “Pir Ömər Sultan” ziyarətgahı, Bakıda “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsi, Pravoslav kilsəsi, Qəbələ şəhərində məscid, Qəbələnin Nic qəsəbəsində “Çotari” və “Müqəddəs Məryəm Ana” Alban kilsələri və s. dini ibadət ocaqları təmir və yaxud bərpa olunmuşdur. Heydər Əliyev Fondunun gördüyü işlər yalnız Azərbaycanı deyil, xarici ölkələri də əhatə edir. Fondun Fransada kilsələrin, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirakı və s. xalqlar, dini konfessiyalar arasında tolerant münasibətləri möhkəmləndirir.
Dini dözümlülük milli-dini həmrəyliyi təmin edən faktorlardan biridir və bu, özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müxtəlif dinlərə mənsub ölkə vətəndaşları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdilər. Ölkəmizin azadlığı və ərazi bütövlüyü naminə mübarizə aparan, bu yolda şəhid olan müxtəlif dinlərin nümayəndələrinin də dəfn edildiyi Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahı kimi, eyni zamanda tolerantlığın rəmzidir.
Yuxarıda göstərilənlər sübut edir ki, Azərbaycanda dini tolerantlığın inkişafı və qorunması dini sahədə dövlət siyasətinin əsas vəzifələrindəndir. Tolerantlıq cəmiyyətdə həmrəylik yaratmaqla dini sabitliyi möhkəmləndirən zəruri şərtlərdən biri kimi çıxış edir. Dini dözümlülük şəraitində müxtəlif dinlərin nümayəndələri Azərbaycan dövləti ətrafında sıx birləşir.
Beləliklə, dini tolerantlığın inkişafı sahəsində ölkəmizin atdığı addımlar ona beynəlxalq aləmdə böyük nüfuz qazandırır.
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.