İyunun 27-də Media və Mülki Cəmiyyət İctimai Birliyi Bakı Avrasiya Universitetində “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub. Bu barədə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib: “Layihə üzrə fəaliyyətlər əsasən Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçirilir. Layihə çərçivəsində nəzərdə tutulmuş 5 ictimai müzakirənin bu gün ikincisi Bakı şəhərində keçirilir, digər üçü isə Lənkəran, Biləsuvar və Yardımlı rayonunda təşkil olunacaq”-layihə rəhbəri qeyd edib.
X.Əhmədovun sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda geniş məruzə edib. Məruzəçi qeyd edib ki, Azərbaycanın cənub bölgəsini əhatə edən Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları respublikamızın cənub-şərqində, Bakı-Astara turist marşrutunun üstündə yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatə olunan cənub bölgəsi hələ sovet dövründən qədim tarixə malik mədəniyyət abidələri, istirahət və sağlamlıq mərkəzləri, müalicəvi əhəmiyyətə malik sanatoriyaları ilə diqqəti cəlb etməkdədir.
“Bu bölgənin ərazisində tarixin ən qədim dövrlərinə təsadüf edən çoxlu sayda yaşayış məskənləri, qədim tarixə malik mədəniyyət və təbiət abidələri vardır. Qədim məscidlər, tarix-diyarşünaslıq muzeyləri, türbələr, karvansaralar, Babək qalası, Qız qalası, Şindan qalası və s. mühüm tarixi-memarlıq abidələridir, eyni zamanda tarixilik və memarlıq üslubu cəhətdən cənub bölgəsinin cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biridir”-deyə məruzəçi bildirib.
Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə elmləri namizədi Mütəllim Rəhimov öz çıxışında mədəni irsimizin qorunmasının və təbliğinin olduqca vacib olduğunu bildirdi. M.Rəhimovun sözlərinə görə, respublikamızın təkcə cənubu deyil, bütövlükdə Azərbaycan ərazisi arxeoloji, tarixi, dini abidələr, mədəniyyət obyektləri, qədim maddi-mənəvi irsimizi özündə əks etdirən tarixi-arxeoloji abidələrlə zəngindir. Ona görə də, bölgələrimizdə yaşayan gənclərimiz tarixi və mədəni abidələrimizə həssaslıqla yanaşmalı, onların qorunmasında fəal iştirak etməlidirlər.
Tədbirdə layihənin eksperti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, eləcə də digər iştirakçılar mövzu ilə bağlı çıxış edərək bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin faydalı olduğunu qeyd etdilər.
© 2020 - Created by İLK XEBER.