Şəhid atası yeni monoqrafiyasını müəlliminin və oğlunun xatirəsinə həsr etdi...
Filologiya elmləri doktoru, professor Kamran Kazımovun yenicə çapdan çıxmış “N.S.Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” monoqrafiyasının ilk səhifəsində müəllifin ithafı yer alıb: “Kitabı Əməkdar Elm Xadimi, elmi məsləhətçim Seyfulla Qüdrət oğlu Əsədullayevin 100 illiyinə və oğlum, şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımova ithaf edirəm”. Alim-müəllim- şəhid tanrı dərgahında müqəddəslərdən hesab olunduğundan onların yeri peyğəmbərlərlə bir sıradadır deyirlər. Bu ithafın özü prof. Kamran Kazımovun öz müəlliminə necə böyük dəyər verdiyinin bariz nümunəsidir. Həm də 44 günlük Vətən müharibəsinin ən ağır cəhbəsində- 30 il erməni tapdağında qalan Şuşanın azad olunması uğrunda gedən ölüm-dirim vuruşlarında qəhrəmanlıqla həlak olan yeganə oğlu, şəhid baş leytenant Vüsal Kazımovun xatirəsinin anımıdır, nakam taleyinin davamıdır...
Hər şeydən əvvəl qeyd edək ki, prof. Kamran Kazımov ölkəmizdə Xarici ölkə ədəbiyyatı üzrə tanınmış mütəxəssislərdən sayılır, bu istiqamətdə haqqında söz açdığımız son nəşr da daxil olmaqla 5 monoqrafiyanın, 100-dək elmi məqalənin müəllifidir. Xatırladaq ki, prof. Kamran Kazımovun elmi əsərləri dünyanın nüfuzlu jurnallarında nəşr olunub, özü bir çox beynəlxalq konfrasların birbaşa iştirakçısı olub. XX əsr rus və dünya ədəbiyyatının tanınmış simalarından sayılan, Azərbaycan ədəbiyyatına bağlılığına görə “Azərbaycanın xalq şairi” adına layiq görülən şair, yazıçı, publisist Nikolay Tixonovun yaradıcılığı prof. Kamran Kazımovun daim diqqət mərkəzində olmuş, alim namizədlik və doktorluq dissertasiyalarını bu böyük mütəfəkkirə həsr etmişdir.
Müəllifin “N. S. Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” monoqrafiyasında dünya şöhrətli sənətkarın Şərq Və Azərbaycanla bağlılığı əlaqəli şəkildə araşdırılmış, şairin bu istiqamətdəki əsərləri təhlilə cəlb edilərək ətraflı təhlil edilmişdir. Kitabda N. Tixonovun Azərbaycanla, onun görkəmli nümayəndələri ilə bağlı çıxış və məqalələri, şeirləri tədqiqatçı süzgəcindən keçirilərək araşdırmaya cəlb edilmişdir.
Yeni monoqrafiya Giriş, Nəticə və 4 fəsildən ibarətdir. Girişdə oxucu Tixonovun şoxşaxəli yaradıcılıq yolu baradə məlumatlandırılır, həyat və yaradıcılıq yolu ilə tanış olur. I fəsil “Rus ədəbiyyatında Şərq mövzusunu tarixi və əsas problematikası” adlanır. Bu fəsildə Şərq mədəniyyətinin rus ictimai-ədəbi fikrinə təsirindən, beynəlmiləlçilik ideyalarının tərənnümündən bəhs olunur. II fəsil “Nikolay Tixonovun yaradıcılığında Yaxın və Orta Şərq xalqları”, III fəsil “N. Tixonovun yaradıcılığında Gürcüstan və Şimali Qafqaz” adlanır. Zənnimcə, azərbaycanlı oxucu üçün ən maraqlı olan kitabın 4-cü-sonuncu fəslidir- “Nikolay Tixonov və Azərbaycan”. Bu fəsildə N. Tixonovun ölkəmizə həsr etdiyi “Azərbaycan dəftəri”nin bədii-estetik dəyəri, şairin yaradıcılığında Nizami Gəncəvi mövzusu, azərbaycanlı ədiblərlə, o cümlədən, Səməd Vurğunla yaradıcılıq və dostluq əlaqələrindən söz açılır, “Cənub mirvarisi” adlandırdığı Lənkəranla bağlı xatirələri oxucular üçün də əlçatan olur.
Qeyd edək ki, prof. Kamran Kazımovun “Gənclik” nəşriyyatında çapdan çıxmış yeni monoqrafiyasının Elmi redaktoru filologiya elmləri doktoru, prof. Zemfira Vəliyeva, rəyçiləri prof. Fikrət Rzayev və dos. Elşad Səfərlidir. Monoqrafiya “Rus ədəbiyyatı və Şərq” mövzusunda, həmçinin tərcüməçilk sahəsində araşdırma aparacaq tədqiqatçılar üçün ədəbi mənbə rolunu oynaya bilər. Monoqrafiya ilə tanışlıq göstərdi ki, prof. Kamran Kazımovun “N.S.Tixonovun yaradıcılığında Şərq və Azərbaycan mövzusunun təşəkkülü” əsərində geniş oxucu dairəsi üçün maraqlı ola biləcək kifayət qədər məlumat var. ...İki müqəddəs insanın-sevimli müəllimin və şəhid oğulun xatirəsinə ithaf olunmuş, böyük ədib, şair, ictimai xadim N. S.Tixonovdan bəhs edən sanballı monoqrafiyaya görə prof. Kamran Kazımovu ürəkdən təbrik edirəm. Ədəbiyyatşünas alim, prof. İslam Qəriblinin Kamran müəllimlə bağlı dedikləri sonluq kimi yerinə düşür: “Kamran müəllim təkcə böyük alim, müəllim deyil, həm də vətən məhəbbətini şəhid övlad ağrısından üstün sayan vətənpərvərdir, kamil, nurlu insandır, əsl ziyalıdır!”.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
© 2020 - Created by İLK XEBER.