Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi kimdir? - DOSYE



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Səyyad Salahlıya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.
İlkxeber.org sədrin dosyesini təqdim edir:

Səyyad Salahlı 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur

1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995-ci illərdə "Səs" qəzetində baş redaktorun birinci müavini olub.

1995-2005-ci illərdə birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan S.Salahlıya 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.

2006-2010-cu illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu olub.

2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsini tuturdu.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı, 20 iyul 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar Jurnalist" fəxri adı, 14 yanvar 2022-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi-publisistik, dörd bədii kitabın müəllifidir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.