"Mədəniyyət könüllüləri" ilin yekunlarına həsr olunmuş tədbir keçirib

Dekabrın 26-da Nizami Kino Mərkəzində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.

İlkxeber.org AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, incəsənət nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

İştirakçılar əvvəlcə mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirin açılışında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar.

Nazir müavini qeyd edib ki, 2023-cü ilin aprel ayında yaranan “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yarandığı gündən ölkəmizin mötəbər mədəni tədbirlərində fəallıq nümayiş etdirir. Mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə çox yaxından iştirak edib və onların fəaliyyəti olduqca təqdirəlayiqdir.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli bildirib ki, mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə - Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, Muğam Aləmi: 6-cı Beynəlxalq Musiqi və “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində, Özbəkistan və Qazaxıstanın mədəniyyət, Vaqif Poeziya günlərində, həmçinin Füzuli və Laçın şəhəri günlərində iştirak ediblər. Hazırda çox sayda gənci ətrafında birləşdirən mədəniyyət könüllüləri ölkəmizin mədəni həyatında baş verən bütün tədbirlərə qoşulurlar və mədəniyyətə könül vermək üçün həqiqətən böyük səy göstərirlər.

Bildirilib ki, İctimai Birliyin təşkilatçılığı ilə cari ildə müxtəlif tədbir və layihələr – “Sən də Oxu!” adlı flaşmob, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı, “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və müxtəlif ali təhsil müəssisələrində gənclərlə görüşlər təşkil olunub.

Toplantıda Milli Məclisin deputatı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artistləri Nurəddin Mehdixanlı, Faiq Sücəddinov və Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev mədəniyyət könüllülərini təbrik edərək onlara uğurlar arzulayıblar.

Qeyd edilib ki, bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, dövlətə xeyir gətirir. Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir.

Yekunda 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən 10 gənc “İlin mədəniyyət könüllüsü” mükafatı ilə təltif olunublar.

Sonda “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvləri - solistlər Türkay Cəfərlinski, İlkin Dövlətov, Orxan Hüseynli və Ərəstun Quliyev tərəfindən unudulmaz bəstəkarımız Elza İbrahimovanın “Ey Vətən” mahnısı səsləndirilib.