“Nizami” Kino Mərkəzində bu filmin bitməsi ilə salona ani səssizlik çökdü. Hər kəsin gözü yaşlı… Sanki dərin sarsıntı ilə nə edəcəyini bilməyən tamaşaçı alqışlamağı unutmuşdu. Qəfil yuxudan yeni ayıldı sanki hamı… Və salon qəfil gurultulu alqışlarla doldu. Bu alqışlar sənət əsərinə verilən dəyər, terrorun, terrorçuların üzünə çırpılan şillə kimi səsləndi. Gənc müəllimin ölümünün doğurduğu hisslər və çaşqınlıq içində tamaşaçılar qapını axtarırdı. Sanki hamı göz yaşlarını bir-birindən gizlətmək istəyirdi.
Film maraqlı süjet xətti ilə başladı. Xocalı soyqırımı zamanı erməni terrorçularının qətlə yetirdiyi Aybükənin ölüm xəbərini televiziyada dinləyən türkiyəli ailə doğulan qız övladlarına onun adını verirlər. Bu süjet xətti ilə böyüyən Aybükənin müəllimlik fəaliyyəti Batmanın Kozluk qəsəbəsində başlayır.
TRT və Bee Yapımın birgə istehsalı, rejissoru Murat Onbul, ssenarisi Uğur Kılıç və Ozan Bodur olan “Aybüke. Öğretmen oldum ben” filminin Türkiyədən kənar yayımlandığı ilk ölkə Azərbaycan oldu. Aybüke rolunu filmdə Nihayet Şahin canlandırır. Rollarda Azərbaycan tamaşaçılarına yaxşı tanış olan Turgay Tanülkü, Caner Kurtaran, Murat Han, Zeliha Kendirci və başqaları çəkiliblər. Film noyabrın 24-dən Türkiyədə nümayiş olunmağa başlayıb.Çorumlu Şenay Aybüke Yalçın Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili aldıqdan sonra Konya Necmettin Erbakan Universitetinin Musiqi müəllimliyi fakültəsini bitirib.
Təyin olunduğu Kozluk Anadolu liseyində musiqi müəllimi kimi işə başlayır. Film də bu gənc müəllimin bu məktəbdə göstərdiyi əzmi, musiqini şagirdlərə sevdirməsini, terrorçuların çirkin niyyətlərini puç etmək üçün göstərdiyi çabalardan bəhs edir.
Uşaqlıqda Ankarada musiqi alətləri satılan dükanda bağlamanı görüb, könlünü musiqiyə, türkülərə verən Aybükenin yol göstərəni Raqib baba olur. Raqib baba Aybükeye türkülərdə hekayələrə dönən dastanları, bağlamanın sirlərini öyrədir. “Saz, cürə dediyimiz bu musiqi alətinə bir də bağlama deyirik. Üç bağlama var: Gözü bağlanma, əli bağlama, dili bağlama. Göz görməz, dil susar, əl tərpənməzsə, könül açılar, insan qəlbinin dili ilə danışar”. Film qəlbini sənətinə, bağlamaya vermiş Aybükenin öz işində qətiyyəti, şagirdlərinə sevgisinin hekayəsini anladır.
Aybüke 2017-ci ilin 9 iyununda PKK terrorçuları tərəfindən şəhid edilib. Onun ölümündən sonra Türkiyədə yeni doğulan qız uşaqlarına ən çox Aybüke adı verilib. Bu da bir xalqın terrora kütləvi cavabıdır. Ömrünün və peşəsinin baharında Aybükeni həyatdan qoparan PKK terror təşkilatı bütün ölkədə lənətləndi.
Yaddaşlarda Aybükenin oxuduğu “Mağusa limanı” türküsü, bir də fotolardan gülümsəyən siması ilə qaldı.
Mağusa limanı limandır liman,
Beni öldürende yoktur din iman…
Bu türkü bir də Aybükenin nakam taleyi ilə yaddaşlarda hüznə döndü.
Terrorçunun dini, imanı, əlbəttə, yoxdur. Qanla bəslənən, alçaq işğal planlarının əlində oyuncağa çevrilmiş terrorçunun insanlığa belə dəxli yoxdur. Türkiyə ilə bizi bir də terrordan zərər görmüş eyni xalqın qədəri birləşdirir. Yəqin elə buna görədir ki, filmin nümayişinə gələnlərin heç biri təsirlənmədən salondan çıxmadı. Xocalıdakı faciəni əks etdirən süjetdə azyaşlı qız uşağının ölümü ilə başlayan, bir-birindən təsirli səhnələri ilə davam edən filmin əsas mesajlarından biri də bu idi: “Bir ölüb, min dirilərik!”
Filmin gözəlliyinə xələl gətirmədən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bu da filmin nümayişi zamanı subtitr “tərcüməsi” ilə bağlıdır. Anlaşıqlı, səlis və şirin Anadolu türkcəsində səsləndirilən sözləri bu qədər bərbad durumda Azərbaycan dilinə “çevirmək” kimin ağlının məhsulu olub? Türkcədən türkcəyə tərcümə adı ilə eyni xalqları ayrı göstərmək kənardan çox eybəcər görsənir. O qədər qanqaraldan bir təşəbbüsə imza atanlar filmdə səslənən “Xorda oxumağa nə deyirsən?” sualını “Xırdalan buna nə deyir?” kimi biabırçılığı etmək kimin ağlına gəlibsə, daha deməyə söz yoxdur. Filmdə səslənən türkülərin sözlərini tərcümə etmək isə tamamilə yersiz görünürdü.
Ümumiyyətlə isə film çox gözəl çəkilib. Ümid edirəm ki, filmə baxan hər kəs onu bəyənəcək.
Rəsul Mirhəşimli
© 2020 - Created by İLK XEBER.