Tələbəsindən müəlliminə son vida MƏKTUBU: Kamil Vəli Nərimanoğlu Haqqa yürüdü… – Rəsul Mirhəşimli yazır

Əziz və dəyərli müəllimim Kamil Vəli Nərimanoğlu dünyasını dəyişib. Allahdan Kamil müəllimə rəhmət, ailəsinə səbr diləyirəm.

Kamil müəllimin mənim üzərimdə haqqı böyükdür. İlk kitabıma ön söz yazıb. Onun yazdıqlarını müəllimimin mənə yol göstərməsi, nəsihətləri kimi qəbul etmişəm. Kamil müəllim mənim Türkiyəyə ilk səfərimin, qardaş ölkə ilə əlaqələrimin qurulmasının təşkilatçısı, yardımçısı olub.

60 illik yubileyində Kamil müəllimlə qəzetdən müsahibə götürməyi mənə tapşırmışdılar. Şəhərin mərkəzində görüşdük. Sualları yazdığım vərəqi çıxaranda, Kamil müəllim düşündü ki, onunla söhbətimizi vərəqlərə yazmaq istəyirəm, soruşdu, “Rəsul, diktofonun yoxdur?” Diktofonu göstərib, cavab verdim: “Sualları yazmışam, Kamil müəllim. Mən müəlliminin qarşısına hazırlaşmadan çıxmaram!”***

Həyat bu, doğum var, ölüm var. Bu dünyanın boşuna kölgəlik yeri adlandırmayıblar. Dünyanın kölgəsində qısa zaman keçirmək üçün gəldik, bir gün ona vida edib, əbədi həyata köçəcəyik. Hansısa filmdəndi bu sözlər: “İnsan dünyaya gələndə azanı oxunar, namazı qılınmaz. Dünyadan köçəndə isə namazı qılınar, azan oxunmaz”. Dünyaya gələrkən qulağımıza oxunan azan dünyadan köçəcəyimizə mesajdır.

***

Müəllimlərimin ölümünü sıradan bir hadisə kimi qarşılaya bilmirəm. Türkologiya elminə əvəzsiz xidmətlər göstərmiş alimlər, eləcə də mənim müəllimlərim olmuş Cəfər Cəfərov, Şaməddin Xəlilov, Tofiq Hacıyev, Məmmədəli Qıpçaq, Xalid Əlimirzəyev, Tofiq Hüseynoğlu, Kamil Vəli Nərimanoğlunun ölümü Azərbaycan elmi üçün, xalqın ziyalı təbəqəsi üçün böyük itkidir. Bu insanların yeri heç vaxt doldurula bilinməyəcək.

***

Əzizlərini itirənlərə təsəlli üçün söylənilən bir ifadə var: “Başın sağ olsun!” Bu deyimin etimologiyası “Yaran sağalsın, yaxşılaşsın” mənasındadı qədim türklərə görə. Kamil müəllimin sevənlərinə bu təsəllini “Başımız sağ olsun” ( Yaramız sağalsın” kimi desək də, hər dəfə bu dəyərli ziyalımızı xatırladıqca o yaramız sızlayacaq. Bu təsəllimiz dua yerinə keçsin ki, əziz ziyalımızın məqamı Haqq dərgahında uca olsun, inşəallah!

***

İnsan bu dünyadan heç bir şey apara bilmir, köçər, gedər, geriyə əməlləri qalar. Allahın hüzuruna da əməlləri ilə çıxar. Bizim dövrümüzdə, bizdən əvvəl Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuş hansı insandan Kamil müəllimi soruşası olsaq, ən dəyərli insan, əvəzsiz müəllim kimi xatırlayacaq.  Kamil müəllimin elmi araşdırmalarında hansı zəhmətlərə qatlaşdığını da çox adam bilir. Türkiyə, Qazaxıstan arxivlərində elə dərin məlumatlar tapıb ortaya çıxarmışdı ki, bu işləri görə biləcək az insan tapmaq olar. Bir də ona təəssüflənirik ki, bu qədər dərin təfəkkür sahibinin, elm adamının dəyəri öz ölkəsində bilinmədi. Hər halda, yaşının bu çağında Azərbaycandan kənarda işləmək Kamil müəllimin arzusu ola bilməzdi. Dəyərini almamaq Kamil müəllimi Türkiyəni sığınacaq seçməyə məcbur eləmişdi. Kamil müəllimin ölümü bizi bu təəssüfə də qərq elədi. “Alim öldü, aləm öldü”, deyimi ilə bu cəmiyyət bir az da kiçildi…

***

Kamil müəllim dünyaya gəlişi ilə gedişi arasında boşluq buraxmadı. Zəngin elmi irs yaratdı, xalqının azadlığ uğrunda mücadilə etdi, Azərbaycanı, Xalqını, dostlarını, tələbələrini sevdi, özündən sonra xeyirli övladlar qoyub getdi. Elə insanlıq da bu həyatda boşluqlar üzərində yaşamamaqdır. Mənəvi dəyərlərin sahibi olduğu üçün bu qədər sevilir, ölümü ilə bağlı yazılanlar, bölüşülən xatirələr də bunu sübut edir.

Kamil müəllim sevdiyi Rəbbinin hüzuruna Azərbaycan xalqının azadlığı uğrunda mücadiləsi, Azərbaycan elminə əvəzsiz xidmətləri ilə çıxır. İnşəallah, Yaradan bu dəyərli alimin əməllərinin əvəzini elminin mükafatı ilə verər. Axı Allah dərgahında alimin bir qətrə mürəkkəbinin dəyəri şəhid qanından üstün tutulur…

Məqamın uca, məkanın Cənnət olsun, əziz Müəllimim!

Ruhuna sayğılarla, tələbən

Rəsul Mirhəşimli

Gununsesi.info