“Dünya siyasətində super dövlətlərin maraqları toqquşub. ABŞ və Rusiya arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə savaş gedir. Bu savaşın nəticəsi olaraq ABŞ Rusiya ətrafında qaynar ocaqlar yaradır, Rusiyanı dünya siyasi arenasından silmək üçün demokratiya ideyası adı altında ayrı-ayrı dövlətlərdə çevrilişə cəhd edir və onları Rusiya əleyhinə istifadə edir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.
Ekspert xatırladıb ki, istər Gürcüstan, istər Ukrayna, istərsə də Ermənistanda “sorosçular”ın dəstəyi ilə hakimiyyət dəyişikliyi edilib və bu dövlətlər klonlaşdırılıb:
“ABŞ yalnız öz maraqlarını güdərək ayrı-ayrı dövlətlərdən alət kimi istifadə edərək Rusiyanı dünya siyasətindən təcrid etmək istəyir. Saakaşvilinin avantürist siyasəti nəticəsində Gürcüstan ərazilərini itirdi. Zelenskinin siyasəti nəticəsində Ukrayna poliqona çevrilib. Ermənistan isə vətəndaş müharibəsinin astanasındadır. Hazırda bu dövlətlərdən Rusiya əleyhinə istifadə edilir. Belə olan təqdirdə Azərbaycan dövlət və milli maraqlarını nəzərə alaraq öz siyasətini həyata keçirir. Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Rusiya üçün isə həm də İran, Türkiyə və Afrika dövlətlərinə çıxmaq baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə, Ukrayna ilə müharibə başladıqdan sonra Rusiyanın dünya bazarına çıxması üçün Azərbaycanın önəmi daha da artıb. Bu baxımdan Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması Rusiyanın siyasi və iqtisadi maraqlarına uyğundur. Bu isə ABŞ-ı narahat edir. Azərbaycana təzyiqlər ondan irəli gəlir ki, Azərbaycanı da Rusiya əleyhinə kökləmək istəyirlər. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ABŞ-ın Cənubi Qafqazla bağlı planlarını pozdu. ABŞ Ermənistanda böyük düşərgə salmaq, Ermənistanı təsir altına salmaqla Cənubi Qafqaza girmək istəyir. Bu baxımdan nəyin bahasına olur-olsun, Paşinyanın əlini gücləndirmək istəyir ki, uzun müddət hakimiyyətdə qalsın. Bununla da Ermənistan üzərindən Azərbaycana təzyiq etmək, Ermənistanda Rusiyanın təsirini zəiflətmək, eyni zamanda Ermənistan üzərindən İranın daxili işinə qarışmaq istəyir.
Azərbaycan isə milli maraqları nəzərə alaraq avantürist siyasətə qoşulmur. Yeri gəlmişkən, ABŞ Fransa və Almaniyanı da təsirinə salaraq Azərbaycan üzərinə qaldırmaq istəyir. Avropa Birliyi de-fakto ABŞ-ın bir ştatına çevrilib.
Xatırladaq ki, Ukrayna münaqişəsində ABŞ-ın əsas oyunçuları Böyük Britaniya və Polşa idi. Cənubi Qafqazda situasiyanı dəyişmək, gərginlik yaratmaq, Ermənistan-Azərbaycan arasında münaqişəni yenidən körükləmək üçün xüsusilə Fransadan istifadə edilir. Azərbaycana qarşı təzyiqlər də bu ssenarinin bir hissəsidir”.
A.Məsiyev vurğulayıb ki, Rusiya ilə münaqişəyə girmək Azərbaycanın nə siyasi, nə də iqtisadi maraqlarına uyğundur:
“Azərbaycan uzun müddətdir balanslı siyasət aparır. Rusiya nüvə doktrinasına, sonsuz yeraltı və yerüstü sərvətlərə malik dövlətdir. Üstəlik, qeyri-rəsmi məlumata görə, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Yəni münasibətlərin yaxşı olması strateji əhəmiyyət daşıyır. Unutmayaq ki, son zamanlar Rusiya və Türkiyə münasibətləri də yaxşılaşıb. Regional baxımdan Rusiyanın Cənubi Qafqaza təsiri Qərbin və ABŞ-ın təsirindən daha çoxdur. ABŞ-ın Azərbaycana qarşı qərəzli siyasəti nə beynəlxalq hüquqa, nə siyasi reallıqlara söykənir. ABŞ gərginlik yaratmaq üçün yüngül təzyiq mexanizmlərindən, xüsusilə KİV vasitəsilə insan haqları, demokratiya, söz azadlığı, mətbuat azadlığı kimi ideyalardan istifadə edir. “Azadlıq” radiosu Mərkəzi Kəşfiyyat İdarəsinin psixoloji müharibədə vasitə kimi, eyni zamanda ictimai rəyi formalaşdırmaq üçün istifadə edilir.
Hesab edirəm ki, Azərbaycan balanslı siyasəti davam etdirməli, Rusiya ilə münasibəti yaxşılaşdırmaqla bərabər, Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin inkişafını da önə çəkməlidir. Bu halda regional gücdən qlobal gücə çevrilə bilərik. Onu da qeyd edim ki, ölkəmiz əleyhinə istifadə edilən KİV-in fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanın daxili qanunvericiliyi ilə tənzimlənir. Biz hər sahədə milli maraqları önə çəkməliyik”.
© 2020 - Created by İLK XEBER.