Dünya azərbaycanlıları üçün əlamətdar gün

"Dövlət bayrağımız azərbaycançılıq ideologiyasının real təcəssümüdür
Bayraq hər hansı bir dövlətin əsas atributu olmaqla siyasi-ideoloji əhəmiyyətə malikdir. Azərbaycan xalqının mili düşüncəsi elə dövlət bayrağımızın rənglərində rəmzi olaraq ifadə olunub. Bu baxımdan Dövlət Bayrağı həm də ideoloji təməldir. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.  Azərbaycançılıq ideologiyası özündə Dövlət Bayrağını da ehtifa edir. Dövlət bayrağımız azərbaycançılıq ideologiyasının real təcəssümüdür. Harada yaşamasından asılı olmayaraq soydaşlarımız azərbaycançılıq ideologiyasını həm də əyani vəsait olaraq bayrağımızla təbliğ edirlər. Qürurverici haldır ki, istənilən tədbir və yürüşlərdə ən öndə dövlət bayrağımız dalğalanaraq aparılır.
Bayraq deyibən hərbiçiləriniz döyüşdə qatılıb. 44 günlük Vətən müharibəsində əksər hərbiçilərimiz sinələrində bayrağımızı gəzdiriblər. Bayrağa sarılıb döyüşmək də şərəfdir, bayrağa sarılıb şəhid olmaq da şərəfdir. Yalnız şəhidlərin tabutu dövlət bayrağına bükülür. Müharibə günlərində  qəhrəman əsgər və zabitlərimizin əsas amalı işğaldan azad etdikləri hərbi post və ya rayonlarda öncə dövlət bayrağımız sancmaq olub. Biz qələbəmizi də elə dövlət bayrağımızla nümayiş etdirmişik.
Azərbaycan Xalq Cünhuriyyətinin 70 il əvvəl başı ucuna qaldırdığı dövlət bayrağı bu müddətdə qəlblərdə yaşadı. AXC mühacirləri, xalqımız bu bayrağı yaşadaraq yenidən rəsmi dövlət bayrağı olaraq dalğalanmasını gözlədi və bu yolda mücadilə etdi. 1990-cı ildə bu üçrəngli bayraq yenidən Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yüksəldi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərarla bağlı demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Dövlət Bayrağı milli kimliyimizin, dövlətçiliyimizin rəmzidir. Azərbaycan dövləti və xalqı bayrağına sahib çıxmaqla tarixi keçmişinə dəyər verir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ilk qəbul olunan qərarlardan biri də Dövlət Bayrağının rəsmiləşdirilməsi olub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan  Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. 2009-cu ildən isə noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu haqda Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Bununla, Prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağının dövlətçiliyimizin inkişafında və möhkəmlənməsində rolunu nümayiş etdirmiş oldu. Artıq bu gün dünya azərbaycanlıları üçün çox əlamətdar gündür.  
Vətənə məhəbbət də elə Dövlət Bayrağına sevgidən başlayır. Bu sevgini biz 44 günlük Vətən müharibəsi günlərində bir daha gördük. Müharibədə qazanılan Şanlı Qələbədən sonra Ali Baş Komandan işğaldan azad olunan rayonlara səfərlər edərək rəsmən bu rayonlarda Azərbaycanın Dövlət Byarağını qaldırmışdır. İlk belə səfəri 2020-ci ilin 16 noyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl şəhərlərin etmişdilər. Bu səfər zamanı Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırmışdır. Prezident orada çıxış edərək deyib ki, düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq: “Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.  Bu gün Şuşada, Xankəndində və digər işğaldan azad olunan rayonlarda dövlət bayrağımızın dalğalanması hər bir soydaşımızda fəxarət hissi yaradıb. Biz elə dövlət bayrağımızla bu torpaqların sahibi olduğumuzu bir daha sübut etdik.



Paşazadə  Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi