Oktyabrın 25-də İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İB-nin sədri Səyavuş Qasımov deyib ki, layihənin əsas məqsədi Azərbaycanda ali təhsil sahəsində olan problemləri araşdıraraq gənc kadrların hazırlanmasında ortaya çıxan problemlərin öyrənilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yer ala bilməməsinə əsas yaradan amilləri müəyyənləşdirərək, onun aradan qaldırılmasına yönələn təkliflər işləyib hazırlamaqdır. S.Qasımov bunun üçün dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz edilməsi, Boloniya sisteminin təkmilləşdirilməsi, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması və s. məsələlərin diqqət mərkəzinə gətirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Layihənin eksperti, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova isə çıxışı zamanı bildirib ki, bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolu qeyd-şərtsiz hamı tərəfindən qəbul edilib. Günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Ü.Hüseynova daha sonra keyfiyyətli təhsili xarakterizə edib və onun üstünlüklərini sadalayıb.
Ekspert çıxışı zamanı bildirib ki, müasir təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmayıb. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Ü.Hüseynova çıxışı zamanı bir çox tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, bunlar innovasiya fəaliyyətinin ali məktəblərdə inkişafını sürətləndirməyə imkan verəcək, ali məktəblərin tədqiqat, innovasiya və sahibkarlıq modellərini həyata keçirməyini təmin edəcək.
Təhsil üzrə ekspert Vüsal Kərimov çıxışında ali təhsil sistemində mövcud problemlərə toxunub. O deyib ki, müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün infrastruktur işləri ilə yanaşı müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılması da vacibdir. Eyni zamanda güclü elmi-pedaqoji kadrlar da formalaşdırılmalıdır.
V.Kərimov daha sonra təhsildə keyfiyyət dəyişikliklərinin baş verəcəyini taleyin ümidinə buraxaraq, sadəcə olaraq gözləməyin sadəlövhlük olduğunu bildirib. O deyib ki, bu istiqamətdə ciddi cəhdlə çalışmaq, təşəbbüs irəli sürmək lazımdır. Çünki təhsil elə bir mürəkkəb struktura malik olan sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişafı üçün ictimai müzakirələr aparılmalı, təkliflər irəli sürülməli, sınaqdan çıxmış və özünü doğrultmuş tətbiqlər istifadə edilməlidir.
Ali təhsilin idarəedilməsi üzrə tədqiqatçı Esmira Kazımova çıxışında Azərbaycanın ali təhsil sisteminin idarə edilməsi sahəsində olan problemlərə diqqət yönəldib. O deyib ki, ali məktəblər bu gün ancaq mədəni, təhsilli milli potensialın saxlanması funksiyasının yerinə yetirən bir təşkilat deyil. Universitetlər həmçinin intellektual məhsul və təhsil xidmətləri istehsalçısıdır. E.Kazımova Respublikamızın ali təhsil sisteminin yenidən qurulması, ali məktəblər bazasında innovasiya-təhsil fəaliyyəti mərkəzlərinin yaradılması ehtiyacından da bəhs edib. Mövcud durumu qiymətləndirən E.Kazımova deyib ki, ali məktəblər təhsil xidmətlərinin azad bazar tələblərinə uğurla uyğunlaşdırmağa başlayıblar və artıq professional təhsilin kommersiyalaşdırılması prosesi gedir, lakin elmi biliklərin kommersiyalaşdırılması sferası zəif inkişaf edir. Bu istiqamətdə daha çox addımlar atılması vacibdir.
Daha sonra müzakirələr aparılıb və iştirakçıların suallarına cavab verilib.