Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirib ki, əsas məqsəd Azərbaycanda ali təhsil sahəsində olan problemləri araşdıraraq gənc kadrların hazırlanmasında ortaya çıxan problemlərin öyrənilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yer ala bilməməsinə əsas yaradan amilləri müəyyənləşdirərək, onun aradan qaldırılmasına yönələn təkliflər işləyib hazırlamaqdır.
Tədbirdə çıxış edən Vüsal Heydərov qaldırılan məsələlərə münasibət bildirərək qeyd etdi ki, təhsil sektoru həm sosiumun, həm də dövlətin əsas, aparıcı sahələrindəndir və onun inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran vacib prioritetlərdən biridir. Müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün infrastruktur işləri ilə yanaşı müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət, güclü elmi-pedaqoji kadrlar formalaşdırılmalıdır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis və doktorant Xanım Paşayaeva isə bildirdi ki, təhsildə keyfiyyət dəyişikliklərinin baş verəcəyini taleyin ümidinə buraxaraq sadəcə olaraq gözləmək sadəlövhlükdür, ona görə də bu istiqamətdə ciddi cəhdlə çalışmaq, təşəbbüs irəli sürmək lazımdır. Çünki təhsil elə bir mürəkkəb struktura malik olan sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişafı üçün ictimai müzakirələr aparılmalı, təkliflər irəli sürülməli, sınaqdan çıxmış və özünü doğrultmuş tətbiqlər istifadə edilməlidir. O müasir dövrdə komputer elmləri ilə bağlı ölkəmizdə verilən təhsilin qarşılaşdığı problemləe haqqında da fikirlərini bölüşdü.
Layihənin eksperti, fəlsəfə doktoru Günay Hüseyn çıxışı zamanı dedi ki, bu layihədə Azərbaycanın ali təhsil sistemində olan mövcud problemlərə diqqət yönəldilir. Kadr hazırlığı məsələləri, hazırlanan kadrların işlə təmin edilməsi, tədrisin keyfiyyəti, dərslərin praktikliyi, tələb olunan ədəbiyyata əlçatanlığın təmin edilməsi, tədrisdə beynəlxalq standartların tətbiqi, universitetlərin verdiyi diplomların mötəbərliliyi və reytinqi, tələbələrin ixtisas seçimində məlumatlılığı, onların karyera planlaması bacarıqları və s. diqqət mərkəzinə gətirilir. G.Hüseyn daha sonra bildirdi ki, bütün bunlarla bağlı cəmiyyətin, o cümlədən, ali təhsil sahəsində çalışan yaradıcı alimlərin fikirləri də nəzərə alınaraq tədqiqat işləri aparılıb. “Tədqiqat işində mövcud problemlər və onları yaradan səbəblər aşkarlanmaqla yanaşı, onun aradan qaldırılması yolları da göstərilib” – G.Hüseyn çıxışı zamanı bildirdi.
Ekspert daha sonra günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemini yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsi adlandırdı. O dedi ki, Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür.
Aysel Sadıqova bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolunun qeyd-şərtsiz olaraq hamı tərəfindən qəbul edildiyini bildirdi. O çıxışı zamanı dedi ki, insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Sonda irəli sürülən fikirlər və qaldırılan problemlərlə bağlı fikir mübadiləsi aparıldı, suallara cavb verildi.