Azərbaycanın davamlı inkişafını təmin etmək, gələcək inkişafın neft amilindən asılılığını azaltmaq indi qarşıda duran əsas vəzifələrdən biridir. Bununla bağlı strateji hədəfləri müəyyən edən zəruri normativ-hüquqi sənədlər qəbul edilmiş və yeniləri də hazırlanmaqdadır. Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.
Qəbul edilən sənəddə ən mühüm məsələlərdən birinin də rəqabətədavamlılıq olduğu göstərilir. Rəqabətədavamlılığın çox mühüm iştirakçısı olan insan kapitalına xüsusi diqqət yönəldilir. Sənəddə əsas hədəflərdən biri də insan kapitalına verilən önəmlə bağlıdır. İnsan kapitalını formalaşdıran amillərə önəm verilməklə onlar üzərində fokuslanılır. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunması nəzərdə tutulur:
1. XXI əsrin tələblərinə uyğun təhsil.
2. Yaradıcı və innovativ cəmiyyət.
3. Vətəndaşların sağlam həyat tərzi.
Sənəddə qeyd edilir ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.
Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir.
Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
Göründüyü kimi sənəddə insan kapitalının formalaşdırılması və bilik iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin və mexanizminin yaradılması, təhsilin bütün pillələri və səviyyələri üzrə həyata keçiriləcək lazımi fəaliyyət istiqamətləri əksini tapmışdır.
Hazırda təhsilin inkişafı istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam və arzuolunan inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə təhsil sahəsində həllini gözləyən problemlər var və onların aradan qaldırılması vacibdir. Onu da qeyd edək ki, ali təhsil sahəsində üzə çıxan problemlər digər təhsil pillələri ilə sıx bağlıdır və onun həlli yalnız özünə bağlı deyil. Ona görə də ali təhsil sferasında olan problemlərin həlli digər təhsil pillələrində olan çatışmazlıqlarla birlikdə mümkün ola bilər. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi qeyd etmək olar:
- Təhsil sisteminin bütün mərhələlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmamışdır;
- Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi 32%-ə çatıb. 2021-ci ildə kəndlərdə qeydiyyat səviyyəsi şəhər ilə müqayisədə (müvafiq olaraq 20,1% və 44,8%) aşağı olmuşdur;
- İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir;
- Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;
- Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;
- Ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
- Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;
- Orta təhsil müəssisələrində tədrisin kifayət qədər effektli təşkil edilməməsi səbəbindən məktəblərə paralel olaraq repetitorluq kursları sürətlə artmaqdadır.
- Ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;
- Ali təhsil müəssisələrini bitirənlərin işlə təmin olunması istiqamətində məqsədyönlü fəaliyyətin zəif aparılması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.
Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:
- Yeni kurikulumların hazırlanması və tətbiqi;
- Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması;
- Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);
- Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;
- Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;
- Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi);
- Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması;
- “Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;
- Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;
Qeyd edək ki, orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan bu təkliflərin həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb müəllimləri və tələbələrin də fəallığı və onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər.
Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB-nin icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.