Oktyabrın 13-də Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edir.
Əvvəlcə bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın muğam-sənət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, "Dərvişlər" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Mərasimin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisidir.
Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bərpa-quruculuq işləri davam edir.
Adil Kərimli diqqətə çatdırıb ki, türk dövlətləri birliyinin güclənməsində və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulduğunu vurğulayıb.
S.Raev TÜRKSOY-un türkdilli xalqlar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər gördüyünü deyib.
Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər.
Bildirilib ki, türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb edib. 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və Qarabağın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük önəm daşıyır. Bu, Heydər Əliyevin dühası işığında gəlib çatıla bilən ən böyük zirvədir.
Çıxış edənlər diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev türk xalqlarının birliyi naminə mühüm işlər görüb. Qeyd edilib ki, Türk dövlətləri artıq tək millət, 6 dövlətə doğru uğurla addımlamaqdadır.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Forum işini üç panel üzrə davam etdirir. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Diferensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılır.
Foruma oktyabrın 14-də yekun vurulacaq.
© 2020 - Created by İLK XEBER.