Milli birlik, türkün hünər simvolu - Xudafərin körpüsü

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı

Xudafərin körpüsü milli birlik simvolumuz olmaqla bərabər, həm də türkün tarixi hünərlərinə şahidlik rəmzi hesab olunur.
XI-XII əsrlərə aid edilən Xudafərin körpüsü tarixən coğrafi və strateji mövqeyi ilə seçilmişdir. Bu körpü Azərbaycanın bir çox dünya ölkələri ilə – Hindistan, Yaxın və Orta Şərq ölkələri, Qərbi Avropa ölkələri və Rusiya ilə iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. İpək Yolu üzərində yerləşməsi də Xudafərinin iqtisadi əhəmiyyətinə öz təsirini göstərmişdir.
Xudafərin körpüsü strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan memarlığının ən gözəl nümunələrindən sayılır. On əsrə yaxın tarixi olan körpü Azərbaycan memarlıq sənətinin incilərindəndir.
Eyni zamanda, Xudafərin körpüsü rəmzi məna daşıyır. Belə ki, bu körpü Araz çayı üzərində yerləşməklə Azərbaycanın şimalı ilə cənubunu birləşdirir. Məhz buna görə Xudafərin körpüsü Azərbaycanın birliyinin, otaylı-butaylı Vətənimizin simvolu hesab edilir.
1993-cü ildə Cəbrayılın mənfur ermənilər tərəfindən işğalı nəticəsində qədim tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsü də düşmən əsarəti altına alınmışdır.
28 il davam edən işğaldan sonra, nəhayət, rəşadətli Azərbaycan ordusu 2020-ci ilin oktyabr ayının 4-də Cəbrayılı işğaldan azad etdi. 2020-ci il oktyabr ayının 18-də – Azərbaycan Respublikasının Müstəqillik Günündə isə igid əsgərlərimiz Xudafərin körpüsü üzərində bayrağımızı ucaltdılar. Qədim dövrlərdən bir çox tarixi hadisələrə, müharibələrə, işğallara şahid olan Xudafərin körpüsü 2020-ci ildə Azərbaycan ordusunun möhtəşəm qələbəsinə şahidlik etdi.
44 günlük Vətən Müharibəsinin Azərbaycanın böyük qələbəsi ilə başa çatmasından cəmi 6 gün sonra – 16 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva Füzuli və Cəbrayıla səfər etdilər. Səfər zamanı cənab prezident və Mehriban xanım Xudafərin körpüsündə də olmuş, bu abidənin vəziyyəti ilə yaxından tanış olmuşlar.
Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması, bu tarixi abidənin yenidən əsl sahiblərinə qayıtması bütün Azərbaycan xalqına böyük fəxarət hissi yaşatdı.
Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşmən işğalından azad edilməsinin və müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür. Belə ki, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxmış Xudafərin həm də milli qürur məsələsi idi. Çünki Xudafərin körpüsü milli birlik simvolumuz olmaqla bərabər, həm də türkün tarixi hünərlərinə şahidlik rəmzi hesab olunur.