Sentyabrın 15-də Beynəlxalq Qalereyada Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Səmayə Rzayeva, Sevinc Hacıyeva, Naibə Vəliyeva, Fialeta Babayeva, İdrak Novruzov və Elçin Mayılovun Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” adlı ilk fərdi yaradıcılıq sərgilərinin açılışı olub. Sərginin layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın verdiyi məlumata görə sərgidə rəssamlar 60 əsərlə iştirak edirdilər. Portret, ictimai portret, mənzərə, abstrakt janrlarda olan əsərlər akvarel, yağlı boya, kətan, qrafika müxtəlif texnikalarda işlənib.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərinin təşkil olunmuş ilk fərdi yaradıcılıq sərgilərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə uğurlu töhfə olduğunu bildirib.
Sərgidə iştirak edən millət vəkili Razi Nurullayev rəssamların həssas təbəqə olduqlarını, onların lazımı qədər tanıdılması və əsərlərinin satışını təşkil etməyin vacib olduğunu bildirdi. Rəssamlara gələcək fəaliyyətlərində yeni yaradıcılıq nailiyyətləri arzuladı.
İlk fərdi yaradıcılıq sərgisi olan rəssamlar çıxışlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə xüsusi hazırlaşdıqlarını və bir rəssam olaraq sənətə bir töhfə verdiklərini, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mədəniyyətin ən böyük siyasət olduğunu bildirdilər. 44 günlük Vətən müharibəsində əsgərlərimizin torpaqlarımızı qəhrəmanlıqla azad etmələrindən söhbət açdılar. Başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, bütün əsgərlərimizə can sağlığı, daimi zəfər arzuladılar. Sərgidə qonaq olan media nümayəndələri və Ağdam Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc Bayramova yeni təhsil ilinin başlaması münasibətilə müəllimləri təbrik edib uğurlar arzuladılar.
Sonda rəssamlar Beynəlxalq Qalereya tərəfindən diplomlarla təltif olundular.
Aygün Əzizova
Fotolar Ramin Qurbanovundur
© 2020 - Created by İLK XEBER.