“Humanitar yardımın sivil qaydada çatdırılmasını istəmirlərsə, o halda Yaşma Xüsusi Təyinatlıları tanklarla çatdırar”
Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı sirr pərdəsini götürməyə başlaması birmənalı qarşılanmayıb. Məlum oldu ki, 10-15 il ərzində Azərbaycanın iki rayonunun, həmçinin Qarabağın yuxarı hissəsinin Ermənistanın tərkibində qalması təklifi masada olub, İrəvan isə bundan imtina edib. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevlə müsahibəmizə məhz bu məsələdən başladıq.
- Qüdrət bəy, Rusiya prezidentinin Qarabağla bağlı son açıqlamalarını necə şərh edərdiniz?
- Əvvəllər onsuz da bu məsələ gündəmdə idi ki, 5 rayon qaytarılır, 2 rayon - Laçın və Kəlbəcər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanandan, Qarabağın statusu müəyyən olunandan sonra qaytarılır. İndi kimsə deyirsə ki, yox, belə söhbət olmayıb, bu, doğru deyil. Həm də, açığı, Putinin son açıqlamasındakı əsas məsələ ondan ibarət idi ki, Azərbaycan Qarabağda heç bir etnik təmizləmə siyasəti aparmaq fikrində deyil, ermənilərin reinteqrasiyasının həyata keçirilməsinin tərəfdarıdır və Ermənistan ərazi bütövlüyümüzü tanıdığı üçün status məsələsi də bitmiş hesab oluna bilər. Putinin açıqlamasının məğzində duran bu idi. Niyə o, keçmişi xatırlatdı ki, 5+2 planı var idi? Əslində bu, Paşinyana təzyiq məqsədi daşıyır. Ayın 17-sində İrəvanda mer seçkiləridir və Putin də görür ki, Paşinyanın son addımları Rusiyanın Ermənistandan çıxarılmasına yönəlib. Putinin açıqlamasında bizə lazım olan məqam odur ki, o, bundan sonra statusla bağlı müzakirələrin yersiz olduğunu söylədi və bunun bütün günahını Ermənistan rəhbərliyinin üzərinə qoydu. Rusiya Ermənistanın daxilində gərginlik, qarşıdurma yaratmaq istəyirsə, çox yaxşı. Mən baxıram, bizdə bəzi adamlar, xüsusilə də Qərbin yönləndirdiyi insanlara sanki sərf edir ki, Qarabağın işğal altında qalan hissəsini azad etmək üçün Azərbaycan əsgəri vuruşsun,çoxlu qan tökülsün. Yaxşı olar ki, işğalçı ölkənin vətəndaşları bir-birini qırsın, biz də itki vermədən, yaxud az itki ilə Xankəndi və ətrafında dövlət suverenliyimizi bərpa edək. Əgər hansısa məsələdə Rusiyanın maraqları ilə Azərbaycanın maraqları üst-üstə düşürsə, bundan narahat olmağa dəyməz. Xaricdən yayımlanan internet TV-lərdən ermənipərəst dairələrin tapşırıqları ilə hay-həşir salanlara gərək ictimaiyyət əhəmiyyət verməsin. Putinin son açıqlaması Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verir.
- Bu, həm də Rusiyanın öz hərbi kontingentini daha 5 il müddətinə bölgədə saxlamağa hesablanan gediş deyilmi?
- Sizə açıq deyim, əgər biz qansız, bir əsgərimizi belə itirmədən Qarabağ üzərində tam suverenliyimizi 2025-ci ilədək bərpa edəcəyiksə və Rusiya bu işdə pozitiv rol oynayacaqsa, doğrudan da əsgərimiz Xankəndinə girəcəksə, orada dövlət suverenliyi bərpa olunacaqsa, ermənilər üçün bir müddət də əlavə təminat olaraq, Rusiya hərbi kontingentinin orada qalması qorxulu və təhlükəli deyil. Bu olmayacaqsa, 2025-ci ildən sonra Rusiya sülhməramlılarının orada qalma müddəti uzadılmamalıdır.
- Rusiya prezidenti, həmçinin digər rəsmi şəxslər davamlı şəkildə onu da bildirirlər ki, Ermənistanla düşmən deyillər. Hətta Putin Paşinyanla mütəmadi əlaqələrinin olduğunu söylədi. Ola bilərmi ki, bu gərginlik, sadəcə, ABŞ-Ermənistan hərbi təlimləri kontekstində ortaya çıxıb və sonradan səngiyəcək, Kreml İrəvanla dostluq, strateji müttəfiqlik münasibətlərini əsas götürərək Azərbaycana qarşı növbəti dəfə aqressiyasını artırsın?
- Əvvəla, Paşinyanla Putinin münasibətlərinin düzələcəyini düşünmürəm. Ona görə ki, Paşinyan Qərbə bağlı bir insandır. Rusiya da Qərblə müharibə vəziyyətindədir. Baxın, ABŞ-Ermənistan hərbi təlimləri nə vaxta təsadüf edir? İrəvanda sentyabrın 17-sində mer seçkisidir. Putin də çox gözəl başa düşür ki, bu hərbi təlimlər əslində Paşinyana açıq dəstək məqsədi daşıyır. Həm də ona əlavə təminatdır ki, birdən seçki günü və ya seçkidən sonra ara qarışsa, ABŞ hərbçiləri Paşinyanın təhlükəsizliyini təmin eləyə, dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak edə, ən pis halda Paşinyanı ölkədən çıxara bilərlər. Ona görə də təlimlər İrəvanın yaxınlığında keçirilir. Putinin açıqlaması revanşist erməniləri Paşinyanın üstünə qaldırmaq, həm də reallığı onlara qəbul etdirməyə hesablanıb.
- Amma deyək ki, sabah Paşinyan devrildi və Qarabağ separatçılarının başına təyin olunan Şahramanyan kimisi, rus təbəəsi Ermənistan rəhbərliyinə gətirildi. O halda Rusiyanın Azərbaycana münasibətini necə təsəvvür edirsiniz?
- Orada rusyayönümlü hakimiyyətin olması ermənilərə yeni reallıqları dəyişmək imkanı yaratmayacaq. Hər bir müqayisə qüsurlu olsa da öz yaxın tariximizə baxaq. 1993-cü ildə Əbülfəz Elçibəy qiyam nəticəsində hakimiyyətdən getdi, Rusiyanın dövlət siyasətini incəliklərinə qədər bilən Heydər Əliyev hakimiyyətə gəldi, amma nə dəyişdi? Qarabağ ətrafındakı daha bir neçə rayon işğal olundu, atəşkəs haqqında Bişkek protokolunu imzalamaqdan başqa yolumuz qalmadı. 44 günlük savaşdan sonra da elə reallıqlar yaranıb ki, artıq onu geri döndərmək mümkün deyil. Baş verənlərin günahını yıxacaqlar Paşinyanın üzərinə və bununla da məsələ bitmiş olacaq. Axı dövr də dəyişib, Rusiyanın Azərbaycan və Türkiyə ilə normal münasibətlərə ehtiyacı var. Azərbaycan-Türkiyə birliyi regionda ciddi faktora çevrilib. Bununla Qərb də, Rusiya da, İran da, digərləri də hesablaşmalıdır. Türkiyə regionun böyük dövlətidir, həm əhalisinin sayına, həm hərbi gücünə, iqtisadi potensialına görə. Türkiyənin Qarabağ məsələsində daha birmənalı mövqe ortaya qoyması bizim üçün əlavə üstünlüklər yaradır. Ona görə də sözün doğrusu, mən dediyiniz təhlükədən narahat deyiləm. Bu yaxınlarda da müsahibələrimin birində demişdim, heç kim təminat verə bilməz ki, gələcəkdə regionda formalaşacaq geosiyasi vəziyyət Azərbaycan üçün indikindən daha əlverişli ola bilər. Ona görə də Qarabağ məsələsi indi həll olunmalıdır.
- Rusiyanın yük maşını Xankəndinə keçdi, amma Azərbaycanın iki maşını hələ də yolun açılmasını gözləyir. Eyni zamanda Rusiyadan Laçın yolunun açılmasına yönəlik mesajlar gəlir. Hesab olunur ki, Rusiya TIR-ı Xankəndinə Ağdamdan gedibsə, avtomatik şəkildə Laçın yolu da yük maşınlarının üzünə açılmalıdır. Bu məsələlərin perspektivini necə görürsünüz?
- Onlar hesab edirlər ki, Azərbaycan geri çəkilməlidir. Ağdam yolu ilə bir maşın buraxırlar ki, baxın da, sizi də çox pərt eləmirik, indi Laçın yolunu açın. Elə görünməsin ki, Laçın yolunu açmağı biz sizə məcbur elədik. Əslində Xankəndinə bir yük maşınının buraxılması oyunbazlıqdır.
- Rusiya tərəfindən?
- Həm Rusiya, həm də ermənipərəst Qərb dairələri tərəfindən. Ermənistan məsələsində Fransa, Rusiya və ABŞ əvvəllər işğalı açıq və dolayısı ilə dəstəkləyib. Düşünüblər ki, Azərbaycan günün birində məcbur olub bu reallıqla barışacaq, həm də onlardan asılı olaraq qalacaq. Sadəcə, Paşinyanın hakimiyyətə gəlməsi regionda vəziyyəti dəyişdi. Həm də görünür, Rusiyanın artıq 2020-ci ildə Ukrayna ilə bağlı hansısa planları var imiş və o, 44 günlük savaşda Ermənistan tərəfdən döyüşməməklə Azərbaycanın, xüsusilə də Türkiyənin Rusiyaya qarşı açıq çıxmasına mənəvi maneələr yaratmış oldu.
Yanlış olaraq ölkəmizdə çoxları düşünür ki, Rusiya Ukraynada uduzsa, biz torpaqlarımızın qalan hissəsini rahatlıqla geri qaytara bilərik. Biz Qarabağ üzərində dövlət suverenliyini bərpa etmək üçün Ukraynada savaşın bitməsini gözləməməliyik. O zaman çoxları bizə qarşı sərt mövqe sərgiləyəcək. Rusiya müharibədə uduzsa, bu, mütləq hakimiyyət dəyişikliyinə səbəb olacaq. O zaman Qorbaçov, Yeltsin kimi birisi Qərbin dəstəyi ilə hakimiyyətə gəldi. Nə baş verəcək? Səhv etmirəmsə, 1989-cu ilin sonunda 30 konqresmen Qorbaçova müraciət etdi ki, Azərbaycanı niyə cəzalandırmırsan? Bundan sonra Qarboçov 20 Yanvarda sovet qoşunlarının Bakıya yeritdi, dinc insanlara divan tutuldu. Qərb də Qorbaçovu alqışladı, hələ Nobel sülh mükafatı da verdi. Yeltsinin vaxtında isə Qarabağ ətrafındakı rayonlar işğal olundu. ABŞ Azərbaycana sanksiya tətbiq etdi, Qarabağdakı işğalçı rejimə davamlı maliyyə yardımı ayırdı. Bu gün də Qarabağ ermənilərini dinc reinteqrasiya olunmağa çağırmırlar. Ona görə demək istəyirəm ki, sabah Rusiyada qərbyönümlü hakimiyyət olsa... Qərb həmişə ilanı Seyidəhməd əli ilə tutmaq istəyir. Rusiyanı kimin əli ilə zəiflədir? Ona qardaş Ukraynanın əli ilə. 2014-cü ildə ortaya prinsipial mövqe qoymadı ki, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna görə, Ukraynanın ərazi bütövlüyünə dair öhdəlik götürmüşük. Orada yazılıb ki, Ukraynanın ərazi bütövlüyünə təhlükə olarsa, onlar kömək göstərəcəklər. İndi köməyi Rusiyaya sanksiyalar tətbiq etməkdə və Ukraynaya silah-sursat verməkdə görürlər, onu da Rusiyanın hərbi potensialından artıq şəkildə göstərmirlər. Mən baxıram ki, hərdən bizimkilər deyir, yaxşı, Britaniya, Amerika bu köməyi eləməsəydi, nə olardı? Necə eləməyə bilərdi? Axı onlar aldadıb bu dövlətin nüvə silahını əlindən alıblar, onu böyük dövlətin qarşısında müdafiəsiz qoyublar. Bunların birbaşa hüquqi, siyasi, mənəvi məsuliyyətidir ki, Ukraynaya dəstək versinlər. Dediyim ki, Qərb həmişə “ilanı Seyidəhməd əli ilə tutur”. Onlar bizi də daha çox Rusiyanın əli ilə cəzalandırıblar. Ona görə indi ən əlverişli vəziyyətdir ki, Qarabağ üzərində dövlət suverenliyimizi bərpa edək. Ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan ən böyük addımlardan biri 2023-cü ilin 23 aprelində Laçında dövlət sərhədimiz tam bərpa etmək oldu. İndi Daxili İşlər Nazirliyi orada post qoymalıdır.
- Laçin sərhəd buraxılış məntəqəsində?
- Bəli. Ermənistan tərəfə keçən Qarabağ sakinlərinə sual edilməlidir ki, “sən Qarabağ sakinisən?” Cavab veriləcək ki, “hə”. Növbəti sual: “Sən geri qayıtmaq istəyirsən?” “Hə” cavabı olacaqsa, “onda Azərbaycanın şəxsiyyət vəsiqəsini və pasportunu almalısan. Buyur, şəkil çəkdir, qayıdanda da buradan şəxsiyyət vəsiqəni və pasportunu götürərsən”. Ona görə ki, bizdə miqrasiya haqqında məcəllə Azərbaycana öz vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin gediş-gəlişini tənzimləyir, dövlət sərhədini keçməyin qaydaları var. Yoxsa bunlar bizim dövləti nə sayırlar ki, istədikləri vaxt gedib-gələcəklər? Ona görə də Laçın postunda onların hamısına şəxsiyyət vəsiqələrinin verilməsinə başlanmalıdır. Bu barədə qanunvericiliyə də dəyişiklik etməliyik. Nə qədər ki, post qoymamışdıq, ora açıq qapı idi, kim istəyirdi, gedib-gəlirdi, onda belə bir ehtiyac yaranmamışdı. Amma dövlət sərhədi bərpa olunubsa, biz onları “artsax”ın verdiyi pasportla buraxa bilmərik ki, öz ərazimizdən getsinlər, ya gəlsinlər. Ona görə də şəxsiyyət vəsiqələri verilməlidir. Kim də bunu qəbul etməyəcəksə, ona deyilməlidir ki, sən geri qayıda bilməzsən. Bütün dünyada olduğu kimi...
- Ağdamdakı humanitar yüklərimiz necə, hələ də yolda gözləməlidirmi?
- Hamı bilir ki, orada işğalçı Ermənistan qondarma rejim yaradıb. Bu rejim əhalini terror qorxusu altında saxlayır. Heç vaxt sadə vətəndaşlar qorxularından deyə bilməzlər ki, biz Azərbaycana reinteqrasiya etmək, vətəndaşlığı qəbul eləmək istəyirik. Ombudsman başda olmaqla, biz hər birimiz Qarabağdakı sadə erməni vətəndaşlarımızın hüquqlarını işğalçı rejimdən qorumalıyıq. Ona görə də əgər işğalçı rejim sadə insanlara humanitar yardımın sivil qaydada çatdırılmasını istəməyəcəklərsə, o halda eybi yoxdur, bizim Yaşma Xüsusi Təyinatlıları, yaxud Daxili Qoşunlar həmin yardımı tanklarla çatdırar, nizam-intizamı və qanunçuluğu bərpa edər. Azərbaycanın növbəti bəyanatı o olmalıdır ki, əgər siz reinteqrasiya prosesinə mane olsanız, humanitar yardım tanklarla çatdırılacaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.