16 sentyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 114-cü mövsümünün ilk tamaşası – 114 yaşlı “Ər və arvad” musiqili komediyası oynanılacaq. İlkxeber.org xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettasının budəfəki nümayişində teatrın gənc aktrisası Gültac Əlili ilk dəfə Minnət xanım obrazını canlandıracaq.
Aktrisa bu haqda fikirlərini bizimlə bölüşüb: “İndiyə qədər Musiqili Teatrın bir çox klassik tamaşalarında oynamışam, bu dəfə isə “Ər və arvad”da Minnət xanım obrazı mənə həvalə olunub. Tərəf-müqabilim uğurlarıma sevinən ustadım – Şöhrət ordenli Xalq artistimiz İlham Namiq Kamaldır. Bu rolu məndən öncə ifa edən milyonların sevimli gülüş ustası, Şöhrət ordenli Xalq artistimiz, mənəvi anam – Afaq Bəşirqızının olması da məsuliyyətimi ikiqat artırır. Elə bilirəm bundan böyük xoşbəxtlik yoxdur. Teatrı qəlbən sevən adamlar nə dediyimi çox gözəl anlayırlar… Mənə etimad göstərib bu fürsəti yaratdığına görə başda teatr rəhbərliyi olmaqla, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu tarixdən (24.05.1910) indiyə qədər müxtəlif rejissorların təqdimatında nümayiş olunan bu operettanın sonuncu quruluşu (16.10.2010) tanınmış rejissor Yusif Əkbərova aiddir.
Tamaşanın budəfəki nümayişində Gültac Əlili ilə yanaşı, Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa edəcəklər.
Akademik Musiqili Teatr həftəsonunu əyləncəli keçirmək istəyən hər kəsi “Ər və arvad” musiqili komediyasına baxmağa dəvət edir.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
© 2020 - Created by İLK XEBER.