“Xankəndidə azərbaycanlılar yaşamayıb” – köhnə xankəndilidən SENSASİON CAVAB

Mən Xankəndi şəhərində anadan olmuşam.
Bu şəhərdə böyümüşəm, Xankəndinin hər daşına, kəsəyinə, hər küçəsinə, tininə bələdəm. İlk təhsilimi də Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə almışam. Ali təhsilimi də bu şəhərdə almaq istəmişəm. İstəyim reallaşıb. Qarabağda yeganə ali təhsil ocağı olan Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunmuşam. Məlum hadisələr zamanı institutu ən sonuncu tərk edən tələbələrdən biri olsam da, bu təhsil ocağının məzunu olmaq mənə qismət olmayıb. Təhsilim və insan ömrünün ən maraqlı dövrü olan tələbəlik illərim erməni vəhşilikləri ucbatından yarımçıq qalıb. Bəli, məhz vəhşilik. Bu haqda da, Xankəndi Pedaqoji İnstitutuna ermənilərin bir neçə dəfə hücum etməsi haqqında ayrıca yazı təqdim edəcəm. Məcbur olub təhsilimi Bakıda davam etdirmişəm.
Atamın və digər doğmalarımın məzarları Xankəndidə və şəhərin Kərkicahan qəsəbəsindəki qəbiristanlıqlardadır. Həmin qəbirlər erməni vandallığına məruz qalmayıbsa, ermənilər və onların xarici havadarları gedib həmin qəbirüstü daşların üstündəki tarixlərə nəzər salsınlar. Daşların üstündəki rəqəmlər, “qəbir statistikası” onlara Xankəndidə təxminən nə qədər azərbaycanlı yaşadığını sübut edəcək.
Xankəndi şəhərində azərbaycanlıların yaşaması və ümumiyyətlə, bu şəhərin Azərbaycana məxsus olması haqqında çoxsaylı tutarlı arxiv sənədləri var. Bu sənədlər dəfələrlə dünya ictimaiyyətinə də təqdim olunub. Bu yazıda mən həmin tarixi sənədlərə toxunmayacağam. Mənim Xankəndidə azərbaycanlıların yaşaması ilə bağlı şəxsən gördüyüm və şahidi olduğum faktlar var.
1988-ci ildə hadisələr yeni başlayanda, hələ azərbaycanlıların, o cümlədən elə mənim də öz doğma şəhərimdə yaşamağım mümkün olanda ermənilərin keçirdiyi mitinqləri kənardan izləmişəm. Növbəti mitinqlərin biri şəhərdəki Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış kompleksdə keçirilirdi. Mitinqdə çıxış edən o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Səhiyyə şöbəsinin baş cərrahı Eduard (Edik) Qukasyan öz çıxışında belə bir cümlə işlətmişdi:
“Mən uzun illər öz həkimlik fəaliyyətimdə vilayətimizdə və şəhərimizdə yaşayan azərbaycanlılardan cərrah bıçağımla qisasımı almışam. İndi növbə gənclərindir...”
Əgər Xankəndi şəhərində azərbaycanlılar yaşamayıbsa, Edik “doktor” kimdən qisas alıb?
Ümumiyyətlə, Xankəndi şəhərində işləyən əksər erməni həkimlər illər boyu azərbaycanlılardan məhz bu yolla qisas alıblar. Bu cəllad-həkimlər arasında Atayan və Zori Balayanın qayınanası Marqo xüsusi canfəşanlıq edib. Elə mənin atam Xudiyev Cəmil də 1975-ci ildə, 51 yaşında erməni həkimlərinin laqeydliyi ucbatından dünyasını dəyişib.
Ermənilər “Xankəndi şəhərində azərbaycanlılar yaşamayıb” iddiasını səsləndirəndə heç olmasa Henrix Poqosyanın bir illik fəaliyyətinə nəzər yetirsinlər. Poqosyanı təsadüfi xatırlamadım. Ermənilər 1988-ci ildə Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin birinci katibi vəzifəsində məhz Henrix Poqosyanı görmək istəyiblər. Maraqlıdır, Poqosyan hansı “göstəriciləri” ilə fərqlənib? Birincisi, Henrix Poqosyan hələ hadisələr başlamamışdan əvvəl vilayətdə və Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı aqressiv münasibəti ilə fərqlənib, direktoru olduğu Aqrar Sənaye Kombinatının qapılarını azərbaycanlı mütəxəssislər üçün həmişə bağlı saxlayıb.
İkincisi, Poqosyanın Moskva ilə sıx əlaqələri mövcud olub ki, o, bir çox məsələlərin həllində öz işini birbaşa mərkəzlə görüb.
Üçüncüsü, Henrix Poqosyan ermənilərin öz aralarındakı qruplaşmalarında orta mövqedə dayanıb, istər Bakı erməniləri ilə, istərsə də Ermənistandakı vəzifəli ermənilərlə münasibət balansını qorumağı bacarıb.
Beləliklə, Henrix Poqosyan həmin ərəfədə Xankəndi şəhərinə ezam olunmuş Mərkəzi Komitənin katibi, eyni zamanda Mərkəzi Komitənin partiya quruculuğu və kadr siyasəti şöbəsinin müdiri Georgi Razumovskiyə təqdim edilib.
Qeyd edək ki, sovet dövründə vilayət və diyar partiya komitələrinə birinci katib təyin ediləndə (plenumda seçiləndə) təyinatın əvvəlcədən Mərkəzi Komitə ilə razılaşdırılması mütləq şərt sayılıb. Namizədlər Kremldə ciddi araşdırılıb. Amma nədənsə Henrix Poqosyanla bağlı heç bir araşdırma aparılmayıb, hətta onun “qaranlıq keçmişi”nə Kreml məmurları, şəxsən Mixail Qorbaçov göz yumub.
Henrix Poqosyan 1931-ci ildə Xankəndi şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskvada Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və təsərrüfat orqanlarında, Xankəndi şəhər İcraiyyə Komitəsində sədr müavini, Aqrar Sənaye Komitəsinin sədri, Aqrar Sənaye Kombinatının baş direktoru, DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifələrində işləyib. 1988-ci il fevralın 24-də vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkovu bu vəzifədə əvəz edib.
Henrix Poqosyanın adı 1970-ci illərin sonlarından başlayaraq şərab maxinasiyasında hallanıb. O, Xankəndi şəhərindəki şərab zavodunun məhsullarını qeyri-qanuni yollarla Rusiyanın müxtəlif şəhərlərinə ixrac edərək Azərbaycanın pulları hesabına şəxsi büdcəsini zənginləşdirib. Bu cinayət əməllərinə görə Henrix Poqosyana iki dəfə cinayət işi qaldırılsa da, Moskvadakı havadarlarının köməyi ilə o, sudan quru çıxıb.
Birinci katib kimi fəaliyyətə başladığı gündən Henrix Poqosyan ilk olaraq vilayətdə və xüsusilə də Xankəndi şəhərində yaşayan azərbaycanlıları hədəf seçib. Bütün vasitələrdən istifadə edərək azərbaycanlıları öz doğma yurdlarından qovmaq onun planlarında ilk sırada dayanıb. Bakının nəzarətindən çıxan Xankəndi şəhərində Poqosyan bütün mümkün variantlarını işə salıb və 1988-ci ilin sentyabr ayı üçün o və onun ətrafı şəhərdən azərbaycanlıların qovulması üçün böyük plan hazırlayıblar.
Plan nədən ibarət olub?
Şəhərin ərzaq mağazalarında işləyənlərə azərbaycanlılara ərzaq satılmaması göstərişi verilib. Azərbaycanlıların ictimai nəqliyyatdan istifadəsinə əngəllər yaradılıb. Xankəndi şəhərində yaşayan azərbaycanlıların mənzillərində telefon xətləri kəsilib. Vəzifədə işləyən azərbaycanlılar müxtəlif bəhanələrlə işdən azad olunub, bəzi hallarda isə şərlənərək həbs ediliblər. Planın icrası üçün Ermənistandan vilayətə çoxsaylı saqqallılar gətirilib.
Nəhayət, sentyabrın 18-də ayrı-ayrı qruplar eyni vaxtda azərbaycanlıların yaşadığı evlərə hücum ediblər, yanğınlar törədiblər. Ümumilikdə sentyabrın 18-dən 21-ə qədər Xankəndi şəhərində 63 azərbaycanlı evi yandırılıb, 270-dən artıq ev qarət olunub, yüzlərlə azərbaycanlı fiziki təzyiqə məruz qalıb, minlərlə azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib. 1989-cu ildə əhlinin siyahıya alınmasında Xankəndi şəhərində yaşayan, əslən bu torpaqdan olan 16 min nəfərin adı siyahıya alınmayıb. Ermənilər onları şəhər qeydiyyatından çıxararaq növbəti saxtakarlığa əl atıblar.
Əgər Xankəndi şəhərində azərbaycanlılar yaşamayıbsa, Poqosyan və onun quldur dəstəsi yuxarıda sadalanan cinayət əməllərini kimlərin üzərində tətbiq ediblər?
Bəli, həmişə olduğu kimi, erməni toplumu öz dediklərini özü təkzib edir. Belə ki, erməni yazarlar 1990-cı illərdən sonrakı kitablarında, ayrı-ayrı kütləvi informasiya vasitələrində özləri Xankəndi şəhərində yaşayan azərbaycanlıların şəhərdən necə qovulmalarına geniş yer veriblər.
Xankəndi şəhəri Azərbaycanın əzəli torpağıdır, bu şəhərdə azərbaycanlılar yaşayıb və yaşayacaq.


İlham Cəmiloğlu,
Musavat.com