“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilən “Hərb tariximizin şah əsəri - Böyük Zəfər” adlı layihə çərçivəsində sərgi təşkil olunub. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının inzibati binasında baş tutan sərgidə layihə çərçivəsində respublikamızın bütün bölgələrini təmsil edən, müxtəlif yaş qruplarından olan rəssamların Vətən müharibəsinə həsr olunmuş əsərləri nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər haqqında danışıb. Bildirib ki, işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apararaq 44 gün ərzində qələbəni təmin edib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin cəsurluğu, qəhrəmanlığı, şəhidlərimizin qanı, xalqımızın birliyi nəticəsində qazanılmış bu tarixi Qələbənin ölkəmizin dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb. Vətən müharibəsində qazanılmış qələbənin gənc nəslə çatdırılmasının, bu tarixi hadisənin əhəmiyyətinin onlara aşılanmasının zəruriliyini vurğulayıb.
Rəsm müsabiqəsinin münsiflər heyətinin rəhbəri və sərginin təşkilatçısı Elnurə İsgəndərova sərginin təşkili üçün göstərilən dəstəyə görə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə və əməkdaşlara təşəkkür edib, layihədə iştirak edən rəssamlar və onların təqdim etdikləri əsərlər barədə ətraflı məlumat verib. Bildirib ki, müsabiqədə respublikanın bütün bölgələrini təmsil edən rəssamların iştirakının təmin edilməsinə xüsusi önəm verilib, hazırlanacaq əsərlərin Zəfər ruhunu əks etdirməsinin əhəmiyyəti barədə onlarla maarifləndirici görüşlər təşkil edilib, zəruri məsləhətlər verilib. Vətən müharibəsində qazandığımız tarixi qələbəni və vətənpərvər gənclərimizin şücaətini əks etdirən rəsm əsərlərinin hazırlanmasının uğurla həyata keçirildiyini ifadə edib.
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını, Vətən müharibəsində qazanılmış böyük Zəfərin bu fikrin sübutu olduğunu iştirakçıların diqqətə çatdırıb. Milli köklərimizə, mənəvi tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmuş Azərbaycan gənclərinin torpaqlarımızın işğaldan azad edilməsinə misilsiz töhfə verdiyini bildirib. Müharibənin ilk günlərindən minlərlə gəncin ordu sıralarına yazılmaq istəməsinin bu sahədə aparılmış işlərin, hərbi vətənpərvərlik təbliğatının müsbət nəticəsi olduğunu qeyd edib.
Tədbir nümayiş etdirilən əsərlərə baxışla davam etdirilib, iştirakçılara, həmçinin əsərləri sosial şəbəkədə daha çox bəyənilənlərə diplom və xüsusi sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə cari ilin iyul-avqust aylarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilib.
Aygün Oqtay
Fotolar Ramin Qurbanov və Mahir Əhmədovdur
© 2020 - Created by İLK XEBER.