Qarabağ həsrətinə dərman olan Şəhidimiz: Bu gün şəhid Vüsal Allahverdiyevin doğum günüdür

Bu gün onun günüdür. Şəhid Vüsal Allahverdiyevin doğum günüdür bu gün. Vüsal Allahverdiyev 1988-ci ilin avqustun 16-da Qubadlı rayonunda anadan olub. Vüsalın haqqında yazı yazmağı bəlkə də bir ildən çox idi düşünürdüm. Bəlkə də mənim üçün ən çətin yazı bir Şəhidin barəsində nəsə yazmaqdır. Haradan başlayıb, harada bitirəcəyimi bilmədiyim üçün fikirlər aylardır beynimdə dolaşır… Nə yazsam da Vüsalın şəhidliyə ucalan yolunda nələrisə göstərmək olduqca çətindir. Bir şəhidin ruhuna sayğımı qəlbimdən keçənlərlə ifadə etmək istədim. Alınacaqsa, duyğularımı sözlərə tökmüş olacağam, yaza biləcəyəmsə, bir şəhidin ailəsinə, “Vüsal hamımızın övladıdır”, bəyanımıza sadiq olduğumuzu göstərmiş olub, az da olsa, təsəlli vermis olacağam…

                                                                                ***

Vüsal Allahverdiyev xalqımızın yaddaşında hərbi xidmətə yola düşərkən anasına dediyi sözlərlə xatırlanır. “Bax, ağlama. Ağlasan, danışmayacam”. Bu sözləri xatırlayan hər kəs Vüsalın anasına dəyanətli olmağını tapşırmasını anında yada salır. Nədənsə mən Vüsal barədə düşünəndə Qubadlıda atasının əlindən möhkəm yapışıb, bizim evin yanında keçib, öz evlərinə gedən 4 yaşlı bir uşaq canlanır gözlərim önündə. Sanki körpəliyi Bərgüşada düşən, onun sularında bərq vuran bir məsum uşaq sevinci var o simada. Böyüdükcə Qubadlıya tələsən, o yerləri işğaldan azad edib, “Ata, mən gəldim”, deyən bir gənc harayı səslənir qulaqlarımda.

                                                                       ***

Tarix dəyişəcək, zaman keçəcək, 44 günlük Vətən müharibəsindən çox danışılacaq. Bu xalq var olduca o şanlı dastan bitməyəcək. 2020-ci ilin sentyabrında Qarabağın azadlığı uğrunda başlayan müharibə beşinci nəsil savaşı ilə tarixlərə yazıldı. Bu elə bir möhtəşəm savaş idi ki, dünyanın ən böyük dövlətləri öz ordularını yenidən sistemləşdirməyə başladı. Dünyanın ordu sistemini, hərbi taktikalarını dəyişdirilməsinə səbəb Ordumuzun qətiyyəti, əsgərlərimizin şücaəti idi.

Vüsalın atası Tahirlə tez-tez görüşürəm. Hər dəfə söhbət Vüsaldan düşəndə onun xatirlərində oğlunun şücaəti mənə Türkiyənin İstiqlal savaşının tarixi faktlarını xatırladır. Vüsal Xocavəndin azadlığı uğrunda son döyüşünə könüllülər arasında gedib. “Mən sizə ölməyi əmr edirəm!” nidası Vüsalın timsalında bir daha Qarabağda təkrarlanıb. Vüsal son dəfə ən çətin döyüşə girib, canından artıq sevdiyi Vətən torpaqları uğrunda canını fəda edib.

                                                                       ***

Vüsalı Sumqayıtda yaşadığı evdən son mənzilə yola salanda sanki yer-göy onun dilindən “Ölmədən məzara qoydular məni” türküsünü oxuyurdu. Həm də doğru olanı oxuyurdu. Çünki Vüsal ölmədi, Şəhid oldu. Şəhidlər ölməz. Bu bizə Allahın vədidir. Vüsalların yetdiyi şəhidlik məqamına mələklər belə qibtə edər…

Tovuz döyüşləri başlayandan sonra Vüsal bir yerdə qərar tuta bilmirdi. Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun şəhid olmasından sonra onu evdə tuta biləcək heç bir qüvvə yox idi. Mən tutduğu məqamdan, vəzifədən imtina edib, Vətən borcunu hər cür imtiyazdan üstün tutan qəhrəmanlar tanıyıram. Azərbaycanın Milli qəhrəmanları Əliyar Əliyev, Allahverdi Bağırov, Kazımağa Kərimov… Vüsal da həmin qəhrəman oğulların seçdiyi yolu seçdi. Kapitalbankın filial müdirliyini tərk edib, könüllü olaraq Azərbaycan Ordusuna yazıldı.

Vüsal Qarabağ döyüşlərinin iştirakçısı olan atasının, rəhmətlik əmisinin, dayısının yolunu seçdi. Belə vətənpərvər ailədə böyümüş oğul başqa cür ola da bilməzdi.

                                                                         ***

Yurd həsrəti, Qubadlı qübarı, o yerlərin 30 ilə yaxın işğalda qalmasının acısını ən çox kimlər yaşadı deyə, düşünəndə hər dəfə ağlıma ilk olaraq Vüsalın atası Tahir gəlib. Hər görüşümüzdə hal-əhval tutandan dərhal sonra Tahirin verdiyi ilk sual bu olurdu: “Torpaqlardan nə xəbər var? Qarabağdan nə deyirlər?” İndi torpaqlardan Vüsal ətri gəlir, Qarabağda hər dağ, hər qaya, hər cığır, hər iz Vüsal deyir. O torpaqların hər qarışından Vüsalların şəhidlik məqamının ucalığı yüksəlir, hər gül o torpaqların Vüsalı ilə açılır, gözəl səslə ötən hər bülbül Vüsal nəğməsi oxuyur.

Hər insan bu dünyaya bir missiya ilə gəlir. Ömür bitər, hər kəs bu dünyadan əməl dəftərini götürüb köçər. Hesab günündə əməl dəftərlərimiz əlimizdə etdiklərimizin hesabı ilə Haqq dərgahında sıramızı gözləyəcəyik. Bir də bu dünyada verəcəyimiz hesablar var. Bu hesab Qarabağ uğrunda canlarını fəda edən Şəhidlərimizə sayğımızın dərəcəsi ilə ölçülür. Bəzən bir söz şəhid ailəsinin dərddən təşnə olan qəlbinə su tək səpilər, o qırıq könülə bir təsəlli olar.

Vüsal Allahverdiyevin şəhidliyi, idealı olan Turan yoluna bir işığa döndü, o yolu da aydınlatdı. Qarabağ Zəfərindən sonra Türk Dövlətləri Təşkilatı daha da sıxlaşdı, daha da möhkəmləndi. Arzularında Turan, taleyində Şəhidlik məqamı, yurdunun azadlığının Vüsalı bu xalq üçün Qarabağ həsrətinə əlac oldu, dərmana döndü. Hər düşündükcə gülümsəyən Şəhid ruhlarının möhtəşəm paradı içərində bir Vüsal da məmnun təbəssümü ilə bizə əl edəcək.

Bu gün sənin günüdür, əziz Vüsal. Dünya durduqca xatırlanacaq ŞƏHİDİMİZ! Allah ruhunu şad eləsin!

Rəsul Mirhəşimli

P.S. Neçə şəhid ailəsi ilə söhbət etdimsə, onların maddi olan nəyinsə istəyində olmadığını gördüm. Vüsal Allahverdiyevin də ailəsinin istəyi bu qəbildən olan istəkdi. Onun oxuduğu 23 saylı Sumqayıt şəhər orta məktəbinə adının verilməsi Allahverdiyevlər ailəsi üçün bir təskinlik olar. Bu qərarı vermək dövlət qurumları üçün heç bir çətinlik törətmir, bu yolda da heç bir maneə yoxdur. Yetər ki, istək olsun.