Kitabxanalara işə qəbulda özfəaliyyət: qeyri-peşəkarlıq yoxsa...
Bu yaxınlarda Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin nəticələri elan edildi. Ancaq nəticələrin elan olunmasından dərhal sonra məlum olub ki, müsabiqənin təşkilində və müsahibənin keçirilməsində ciddi nöqsanlara yol verildiyindən böyük narazılığa səbəb olub.
Əldə etdiyimiz məlumatlara görə, bu sahə üzrə işə qəbulun müsabiqə yolu ilə aparılması müsbət hal olsa da, işin təşkilində yol verilmiş nöqsanlar uzun müddətdir gözləyən müsahibləri həddən artıq narazı salıb. Əvvala, müsabiqənin keçirilməsi üçün müddətin bir ildən çox çəkməsi və bu müddətdə müsabiqənin normal təşkil olunmaması təəssüf doğurmaqla yanaşı bir çox qaranlıq məqamları da üzə çıxarıb. Belə ki, respublika üzrə ilkin müraciət edən 400 nəfərdən çox iştirakçının yarıya qədəri müsabiqədən keçsə də, müsahibənin vaxtının qeyri-müəyyən səbəbələrdən xeyli uzadılması nəticəsində müsahibəyə cəmi 104 nəfərin qatılmaq imkanı olub. Bunun nəticəsidir ki, müsahibəbəyə qatılan 100 nəfərdən artıq müsahibdən cəmi 25 nəfəri işə qəbul olunub. Bakı Şəhər Mədəniyyət Baş idarəsinin nəzdində fəaliyyət göstərən kütləvi kitabxanalar üzrə müsahibəyə isə 20-dən artıq vakansiya təqdim olunsa da, bircə nəfər olsun belə bu vəzifələrə qəbul olunmayıb. Xüsusilə qeyd etmək lazımdır ki, müsabiqə proqramının tərtibində qeyri-peşəkarlıq (yaxud məqsədlilik) özünü daha qabarıq göstərir. Proqram sanki dövlət qulluğuna qəbul üçün hazırlanmışdır. Proqramda əsasən direktiv materiallara üstünlük verilib, kitabxanaçıya o qədər də aidiyyəti olmayan materiallar çoxluq təşkil edib, təkcə Əmək Məcəlləsinin 62 maddəsi üzrə 100-lərlə sual olduğu halda kitabxana işinin nəzəri və praktik məsələlərinə aid bircə sualın olmaması təşkilatçıların kitabxana işindən xəbərsizliyi fikrini ortaya qoyur. Digər bir problem müsahibə komissiyalarının təşkili və müsahibənin aparılması üçün komissiya üzvlərinin düzgün və vaxtında təlimatlandırılmaması ilə bağlıdır. Belə ki, müsahibə zamanı komissiya üzvlərindən bəzilərinin sual verməkdə çətinluk çəkmələri və proqramdan kənar suallar vermələri, komissiya üzvlərin təşkilatçılara yaxınlıq meyarları ilə seçilməsi, kənardan bu sahədə təcrübəsi olan ekspertlərin komissiyalara daxil edilməməsi, ayrı-ayrı namizədlərə münasibətdə qeyri sağlam yanaşmanın (balların qəsdən aşağı salınması, verilən sualların sayının ayrı-ayrı namizədlərə münasibətdə fərqli olması, bəzən çaşdırıcı sualların verilməsi, müsahibənin sanki imtahan kimi keçirilməsi və s.), olması da müsabiqə iştirakçılarının ciddi narazılığına səbəb olmuşdur. Məhz bu yuxarıda sadaladıqlarımız müsabiqə zamanı yüksək bal toplamış namizədlərin əksəriyyətinə müsahibə zamanı ən aşağı ballar verilməsi ilə müşaiyət olunub. Maraqlı məqamlardan biri də Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Milli və Respublika kitabxanalarından heç bir vakansiya müsahibəyə təqdim olunmamasıdır (Milli Kitabxanadan cəmi bir kitabxanaçı vəzifəsi istisna olmaqla). Sual olunur: necə ola bilər ki, bir ildən çox keçən müddətdə bu kitabxanalarda heç bir vakansiya olmayıb? Əgər olubsa, nədən adi kitabxana və fililiallarda hətta kitabxanaların daxılındə bir vəzifədən digərinə keçmək üçün müsabiqəyə qatılmaq vacib olduğu halda, xeyli sayda əməkdaşları olan bu kitabxanalarda işə qəbul hansısa digər formada aparılır. Bu ayrı seçkiliyin səbəbi nədir, yaxud bu cür yanaşmaya kimlər hansı maraqlardan rəvac verir, yoxsa bu kitabxanalar işə qəbulda da xüsusi statusa malikdirlər?
Əlbəttə ki, kiçik bir obyektiv araşdırma aparılarsa, keçən müddət ərzində işə qəbulun necə və hansı maraqlardan aparılmasını aydın şəkildə üzə çıxara bilər. Müsabiqə şərtlərində yalnız kitabxanaçılıq ixtisası üzrə müsabiqəyə qatılmanın vacib olduğu göstərilsə də, namizədlər arasında qeyri-ixtisaslıların olması da sual doğuran amillər sırasındadır.
Respublika kitabxanalarından söz düşmüşkən, bir məsələyə də aydınlıq gətirilməlidir. Bütün kitabxanalara işə qəbulun dayandırıldığı müddətdə Milli və Respublika kitabxanalarının hər birinə “ənənəvi” yolla işçilər qəbul olunub ki, bunu sübut etmək o qədər də çətin deyil. Yəni bütün işçilər işə götürülən zaman bağlanan Əmək müqaviləsi elektron sistemə vurulur. Ona görə də, respublika kitabxanalarına qeyri-qanuni işə qəbul məsələsi araşdırılmalı, vakansiyalar üzrə yeni müsahibə keçirilməlidir. Çünki keçirilən müsahibə yuxarıda sadalanan səbəblərdən gözləntiləri doğrultmayıb.
Beləliklə, bütün bunlar, eləcə də sadalayıb oxucuları yormaq istəmədiyimiz məqamlar bu işin təşkilində böyük nöqsanların olduğunu təsdiq edir. Eyni zamanda, aparılan müsahibənin obyektivliyini və şəffaflığını şübhə altına alır, belə bir vacib tədbirin səmərəliliyini azaldlr, cəmiyyətdə ümidsizlik, inamsızlıq yaradır.
Ekspertlərin fikrincə, bu məsələnin ixtisaslaşmış bir qurum kimi DİM-ə həvalə olunması bu sahədə yuxarıda qeyd etdiyimiz nöqsanların aradan qaldırılmasına gətirib çıxarardı.
Ümid edirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi qaldırdığımız problemin aradan qaldırılmasına, eləcə də, bu və digər məsələlərdə kadrların bilik və bacarığından düzgün istifadə etməklə işin daha səmərəli və effektiv təşkilinə, nazirliyin imicinə xələl gətirən halların qarşlsının alınmasına daha diqqətli yanaşacaq.
Qeyd: Məqalədə toxunduğumuz bütün məsələlərlə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.
Səid Kəlbixanlı
© 2020 - Created by İLK XEBER.