Əli Cəfərov: “Vətən səmasının sönməyən ulduzları” kitabını çap edəcəyik
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan xalqının 44 günlük Zəfər tarixinin təbliğatçılarından olmaq üçün daha bir vasitəyə sahiblənə bildi. Belə ki İB-in Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinə təqdim etdiyi “Zəfər tarixinin xronikası yazılı ədəbi nümunələr və təsvirlərdə” adlı layihə də reallaşdırılması üçün uğur qazanmış layihələr sırasında yer alıb. İB-in sədri və layihənin rəhbəri Əli Cəfərov jurnalistlərə açıqlamasında belə həssas mövzulu bir layihəni dəyərləndirdiklərinə görə agentliyə xüsusi təşəkkürünü bildirmişdir.
Layihə rəhbəri onu da xüsusi vurğulamışdır ki, Vətən müharibəsinin qəhrəman şəhidlərinin bir qisminin həyat və döyüş yollarına həsr olunacaq bu layihə Zəfər tariximizin bir parçasını özündə əks etdirdiyindən, onu həyata keçirmək həm qürurverici hiss, həm vətənpərvərliyin təbliği, həm də tariximizin saxlancına əvəzsiz vəsaitdir. Layihə çərçivəsində iştirakçılar Masallı rayonundan şəhid olmuş igid oğullarımız - şəhidlərimizin həyat və döyüş yolundan bəhs edəcək “Vətən səmasının sönməyən ulduzları” adlı kitab çap edib ictimailəşdirəcək və zəngin məlumatlara malik həmin kitabı burada haqqında məlumatlar gedən hər bir şəhid ailəsinə paylamaqla yanaşı, respublika kitabxanalarının, arxivlərinin də sərəncamına verəcəklər.
Əli Cəfərov onu da bildirdi ki , kitabın çapa hazırlanması prosesinə artıq başlanılıb. Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyəti aparatında , ictimai təşkilatlarda və bəzi şəhidlərin ailələrində olub müvafiq görüşlər keçiriblər.
Layihə rəhbəri daha sonra bildirdi ki, çap edəcəyimiz kitabda Həm başımıza gələn bəlalar haqqında erməni məkrinin gələcək nəsillərə çatdırılması, həm də şəhid qardaşlarımızın müqəddəs ruhlarına ehtiramın gələcək nəsil üçün vacibliyinin təbliğatı üçün çox vacibdir. 44 günlük vətən savaşında şəhidlərimizin sayına toxunan Əli Cəfərov bildirdi ki, bizim araşdırmamıza əsasən, şəhidlik zirvəsinə ucalanların sayı 50 nəfərə yaxındır.
© 2020 - Created by İLK XEBER.