İnşaat dizaynı və onun layihələndirməsinə qoyulan müasir tələblər

NƏRGİZ AĞAYEVA

Azərbaycan Memarlıq-İnşaat Universiteti (AzMİU), Memarlıq fakultəsi, “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin üzvi, BMA-nın professoru
e-mail: nargiz.agayeva@hotmail.com

    Zəmanəzmizin ultramüasir inkişaf tempi, qlobal modernizm təmayülləri və kompüterləşmə amilləri – memarlıq və dizayn sahələrinin də inkişafına güclü təkan vermişdir. Artıq, əsrlərdir formalaşaraq bəlli “kök” salmış ənənəvi memarlıq amilləri, öz yerini “qeyri-ənənəvi” memarlıq ptinsipləri ilə əvəzləmişdir.
Belə olan halda, bəs müasir memarlıq mühiti aləmində nələr baş verir?
Memarlıq əsərlərində, nəinki memarın zövqü, eləcə də cəmiyyətin ilk öncə, bədii zövqü əks olunur. İstehsalın yeni texnologiyalarla artımı, insanın dünyaya və əhatə mühitinə olan münasibətini də tədricən dəyişir. Ən yüksək bina və ya ən iri aşırım yaratmağa cəhdlə, memarlıq - yeni-yeni elmi kəşflərə və dünyadakı texniki tərəqqiyə hər zaman geniş imkanlar açır. Memarlıq təcrübi istehsal növü kimi, “keçmişdə” inşaatın sınanmış və etibarlı, rahat və tanış obrazlar sistemini axtarır; digər tərəfdən isə - o, gələcəyə; orijinallıq, qeyri-adilik meyli ilə yönələrək yenilənməni daima stimullaşdırır.
Tarixi inkişaf prosesində, xüsusilə də yeni sosial-iqtisadi münasibətlərin formalaşdığı mərhələdə yaranan yeni-yeni tələbatlar, özü ilə birgə, forma və məzmunca fərqlənən yeni, müəyyən “mühit”i idarəedəcək ultramüasir sistemlərin meydana gəlməsinə də təkan vermişdir. Həmçinin, yeni materiallar, ultramüasir texnologiyalar, konstruksiyalar, bədii formalar, gözəllik idealları da meydana gəlmişdir.
XXI əsr bəşər tarixində analoqu olmayan fəlakətləri ilə insanların düşüncə tərzini psixoloji və əxlaqi cəhətdən təmamilə dəyişə bilən bir əsr kimi iz buraxmaqdadır. Demək olar ki, hər şey “şübhə” altına alınmaq dərəcəsindədir. Xəttilik təmamilə istisna olunmuşdur. Dünya artıq məntiqi təsəvvürlər kompleksi kimi qəbul olunmur. O, artıq öz “milini” itirmiş, mərkəzi olmayan "xaos" kimi qəbul olunur. Əlbəttə ki, bəşər memarlığı və onunla bağlı təmayüllər bütün bu qlobal dəyişikliklərə reaksiya verməyə bilməzdi.
Köhnə fikirlərin yerində; qapalı və statik xətti strukturlara alternativ, rizomanın (yun. sözündən "rhizoma" - köklü əsas, postruktualizm və postmodernizm termini, bütövlüyün qeyri xətti təşkili) yeni obrazı yaranmışdır. Rizoma - artıq xaotik, struktursuz, antiierarxik, dolaşıq olan yeni tip əlaqələrin simvoluna çevrilmişdir. Stabillik və sakitlik vəziyyəti demək olar ki, dünyadan silinmişdir. Dekonstruksiyalandırma strukturun ən ali dəyərlərini – harmoniya və bütövlüyü şübhə altına qoyaraq, əvəzinə yeni konsepsiya təqdim etmişdir.
    Bəşər memarlığının bütün bu mental dəyişikliklərə reaksiya verməsi, əlbəttə ki, labüddür.  Əbəs deyil ki, dekonstruksiyanın banilərindən olan, dahi filosof Jak Derrida hesab edirdi ki, “mədəniyyət təcrübəsində rekonstruksiya aparmağın ən effektiv yolu memarlıq və incəsənətdən keçir...” Dünyanın qeyrixətlilik ideyası sərbəst memarlıq formalarında öz tətbiqini tapmağa müvəffəq oldu. Ənənəvi klassik və modernist kompozisiya sxem və strukturlarından imtina olundu. Məkanın təşkili prinsipində əsas cəhət kimi bilərəkdən "xaotiklik" effekti əldə etməkdən ötrü müxtəlif üsullardan istifadə olunmağa başlandı.  
Postmodernist - memar, mütləq  memar-filosof olmalıdır! Memarlıqda dekonstruktiv dönüş – memar-dizayner üçün yeganə mümkün yol kimi, müasir dünyada “tarixləşmiş” estetikanın yersizliyini vurğulayan bit metoda cevrildi...
    Dekonstruktivizm ümumi gəbul olunmuş həndəsi formaları inkar edərək, məkanın ierarxiyasını məhv edən; əyintiyə uğramış perspektivadan istifadə edir, sərt künc və əyri xətlərə üstünlük verir. İnsani fəaliyyət dəyərlərinin artması naminə memarlığın yenidən baxılması vacibliyini  əsas götürür.
    Dekonstruktivizmin dinamik və ifadəli memarlıq dili müasir interyerlərin qurulma prinsiplərində də əks olunur. Bu üslubda olan müasir interyerlər təbii və mədəni dəyərlərə yaxınlaşmaqla yanaşı, öz metaforikliyi ilə də fərqlənir.
Beləliklə, bəşəri dizayn aləmi - dünya üzrə ultramüasir prinsiplərə əsaslanan; bina və qurğular üçün (ictimai və yaşam məkanları üçün) intellektual idarəetmə sistem və texnikaları,  gələcəyin texnologiyalarına  (yüksək keyfiyyətli dizaynla birgə) və çevik həllərə cəhətlənir.
Bəşəri dəyişikliklər, bilavasitə memarlıq aləminə də təsir etmədən ötüşə bilməzdi. Müasir dövr – artıq, memarlığı “sənət” qədər idarə edəcək memarlara deyil, layihəçi-operatorlara ehtiyac duyur. Sənət prinsipləri - artıq dizayn prinsiplərilə qarşı-qarşıya durmaq məcburiyyətindədir. Dizayn hər yerdə, demək olar ki, “total” reallıq kimi qavranılmaqda davam edir. O üzdən, artıq memar haqda deyil, dizayn məmulatları və inşaat dizaynı obyektlərinin layihəçiləri haqda danışmaq daha böyük məna kəsb edir. Məsələn, zəmanəmizin dahi dizaynerləri; Zaha Hədid, Norman Foster, Filipp Stark, Lyudviq Mis Van Der Roe, Valter Qropius və s. işinin ustadlarını nümunə göstərmək mümkün. Sadalanan ustadlar, memarlıq əsərlərinin deyil, fəlsəfi düşüncə tərzinə ramən, öncə dizayn obyektləri (inşaat dizaynı) layihələrinin müəllifləridirlər. Belə qənaətə gəlmək olar ki, onlar - qlobal kompüter texnologiyalarının mükəmməl, müasir imkanlarından istifadə ilə, dizayn məsələlərinin həllində operator kimi işləməklə yaradıcılıq fəaliyyətlərini təsdiq etməyə nail olmuşlar. Həqiqi anlamda, müasir kompüter texnologiyaları, sənət aləmi deyil, dünyavi dizayn məmulatları həllərinin həyata keçirilməsi üçün əlverişli sayılır. Cünki, sənət aləmi – öncə, İlahi Qüvvənin yetirdiyi fitri istedad və emosiyalara tabe olan fövqəltəbii proses çərçivəsində, unikal sənət obyektlərinin yaranmasına sövq edir. Bu üzdən, müasir zəmanənin tələbləri – Memarlıq (sənət) və Dizayn (qeyri-sənət) sahələrini artıq ayrılmaq məcburiyyətində qoymuş, həll olunacaq məsələlərin mahiyyətini də prinsipial surətdə  dəyişmişdir.
   
 Aysel Rəhmanzadə, qr.160 a1 “Layihələndirmə-2” fənni üzrə kurs tapşırığı - tor prinsipi (2 və ya 3 tor  müstəvisinin kəsişməsi nəticəsində maraqlı, qeyri-adi formaların yaranmasına nail olmaq)

Bütün deyilənləri nəzərə alaraq, gənc memar-dizayner mütəxəssislərin yetişdirilməsində müasir-innovativ tədris metodikalarına, müasir tələbə zəkasına, düşüncə tərzinə, bəşəri informasiya “okeanında” davranma vasitələrinə və s. meyarlara əsaslanaraq tədris olunması gərək.
Bu üzdən, AzMİU, “Memarlıq” fakultəsi, “Mühit dizaynı” kafedrasında tətbiq olunan,  reformatik səviyyəli, müasir layihələndirmə metodları haqda olan mülahizələri bölüşmək yerinə düşər. Yarandığı gündən etibarən, 1 il ərzində, yeni inşaat dizaynı obyektlərinin layihələndirməsi üzrə artıq bəlli nəticələr əldə edilmiş, “tələbə-pedaqoq” tandemi də yeni bir müstəviyə çatdırılmışdır.  
Ümumiyyətlə, layihələndirməyə müasir metodik yanaşma dedikdə;
-    müasir dövr və müasir hakim düşüncə tərzinə uyğun, tələbənin potensial imkanlarını maksimum üzə cıxartmaq;
-    tarixi memarlıq irsinin təhlili və tətbiqi üzrə ən uğurlu məqamların mahiyyətini və fəlsəfəsini açıqlamaq (dünya təcrübəsindən);
-    memarlıq irsi ənənələri üzərində “köhnəlmiş”, yalnız uğurlu və aktual metodik vasitələri rəhbər tutaraq, daha yeni, ultramüasir layihələndirmə və planlaşma üsullarını layihələndirmədə tətbiq etmək;
-    əldə olunan nəticələri real həyatın şərtlərinə uyğunlaşdırmaq (real mühit parametrlərinə istinadən);
-    ənənəvi tədris ədəbiyyatına alternativ qoyula biləcək yeni, interaktiv tədris vəsaitləri və dərsliklərin tərtibi;
-    tədris prosesində tələbələri real inşaat sektorunda baş verən innovativ yeniliklər və proseslərlə yaxından tanış etmək, onları proseslərə cəlb etmək (müxtəlif salon, şirkət, memarlıq emalatxanalrı, “showroom”, fabrik, zavod və s. istehsal zonalarına olan əyani dərs-ekskursiyaların təşkili);
-    universitet çərçivəsində - dünya səviyyəli mütəxəssislər, tanınmış iş adamları və əsl peşəkar səviyyəli ustadlarla müxtəlif, aktual mövzular ətrafında disput gecələri, ustad dərsləri, həvəsləndirici müsabiqələr, təlim-treninqlərin keçirilməsi;
-    semestr ərzində fənnə olan münasibət və layihələndirmə prosesində özünü fəal və aktiv ifadə edən tələbələrin kafedra tərəfindən mükafatlandırılma mərasimlərinin təşkili (gələcək peşə sahəsində daha böyük uğur və nailiyyətlərə stimullaşdırmaq məqsədilə).
Zaman kəsiyindən yanaşmaya gəldikdə isə, pedaqoji və təcrübi fəalliyyət mövqeyindən qeyd etmək olar ki, memarlıq tədrisində əsas cəhətlərdən biri – nəzəri biliklərlə yanaşı təcrübi, sınanmış layihələndirmə prinsiplərinin, daha da innovativ metodların tətbiqinə nail ola bilməkdir!
Memar və dizaynerin yaradıcı fəaliyyəti çoxşaxəlidir; o öz təcrübəsində, təsviri yaradıcılıq, dizayn, illüstrativ və qrafik ifa mədəniyyəti ilə bağlı bir çox məsələləri həll etmək məcburiyyətindədir.

 Ülvi Əhmədli, qr.160 a2 “Layihələndirmə-2” fənni üzrə kurs tapşırığı - seçilmiş modul elementlə, variasiyalar nəticəsində kombinator artıma və müəyyən, vahid kompozisiya strukturuna nail olmaq

Layihələndirmə mədəniyyətində nəzərə alınacaq əsas tələblər aşağıdakılardır:
-     ideyaya konseptual yanaşma;
-     ideyanın orijinal həlli;
-     optimal rakurs seçimi;
-     ifadə lakonikliyi;
-     obrazın qavranılma dəqiqliyi;
-     kompozisiyanın ifadəliliyi və bütövlüyü.

Emosional effekt yaradan bu keyfiyyətlər, memarlıq və dizayn əsərində tamaşaçını ilk növbədə  passiv seyretməyə deyil, təsəvvürü oyadan canlı marağa sürükləməlidir.
Yaradıcı memarlıq tədrisinin spesifikası, ali məktəbəqədər müdavimlərdən rəsm, fəlsəfi düşüncə tərzi, insan faktorunun psixo-fizioloji təhlili, həcmi təsəvvür və s. bilgilər üzrə daha dərin hazırlıqlar tələb edir. Müdavimlərdə; gələcək yaradıcı peşədə vacib sayılan, həcmi – fəza düşüncə tərzinin inkişafı tələb olunur.

  Məlahət Mehdiyeva, qr.161 a2 “Layihələndirmə - 1” fənni üzrə kurs tapşırığı - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi

Ali məktəbdə təhsil prosesində, tələbələr memarlıq, interyer və kompüter qrafikası vərdişləri ilə yanaşı, əsas layihələndirmə vərdişlərinə də yiyələnirlər. Tədris olunan layihələndirmə metodlarının - tələbənin gələcəkdə, mütəxəssis kimi öz şəxsi ifa manerasının formalaşması və tapılmasındanda rolu əvəzsizdir.
Layihələndirmə fənnləri üzrə tədrisdə tətbiq olunan müasir metodikaların əhəmiyyəti vacib və mühümdür. Cünki, zəmanədəki qlobal çevrilişlər, tələbənin müasir inşaat dizaynı layıhələndirmə və formayaratma prinsiplərinə təsirini göstərməkdədir. Metodik yanaşma tərzinin təhsildə mənimsənilməsi, gələcəkdə tələbənin inşaat-dizayn fəaliyyəti sektorunda şəxsi ifa manerasının, özəl dəsti-xəttinin formalaşmasına da gətirib çıxaracaqdır.

Ayla Abbasova, qr.161 a2 “Layihələndirmə - 1” fənni üzrə kurs tapşırığı - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi

Layihələndirməyə qoyulan yeni, müasir tələblər, öncə, insanların yaşam tərzi və həyat keyfiyyəti ilə bağlı meyarlardan qaynaqlanır. Tarixə nəzər salsaq, orta əsrlərdən - XIX əsrin sonlarınadək, planlaşma və layihə prinsiplərində simmetrik yanaşma metodu əsas götürülürdü (insanların əqidə və düşüncə tərzinə ramən, hüzur və rahat qavrayış baxımından). XX əsrin əvvəllərindən etibarən - 1890-cı ildən “Modern” üslubu bəşəriyyətə yeni düşüncə və yaşam tərzi prinsiplərini təlqin etməyə nail oldu. Nəticədə, assimmetrik planlaşma (qeyri-standart baxış, hafizəni stimullaşdıran təlatüm və intriqa) layihə prinsipləri tətbiq olundu. XXI əsr isə - artıq həyatın kəskin dinamikliyi baxımından – sərbəst planlaşma (məkanda rahat, sərbəst davranma-trayektoriya həlli, minimum arakəsmə tətbiqi və funksional təchizat sistemi) həllərinə üstünluk verməyə başladı. Sadalanan bu dəyişimlər, həyat mərhələləri üzrə memarlıq və inşaat dizaynı obyektlərinin həllində tətbiqinə  nail olmuşdur.

             
Günay Hüseynova, qr.161 a2 “Layihələndirmə -1” fənni üzrə kurs tapşırığı - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi


Tədris prosesində, tətbiq olunan müasir layihələndirmə (inşaat dizaynı obyektləri)  metodları içərisində; formayaratma prosesində özünü doğruldan (dəfələrlə sınanma mövqeyindən) – bir neçə müasir prinsiplərin adını cəkmək mümkündür:
1.    - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi;
2.    - tor prinsipi (2 və ya 3 tor müstəvisinin kəsişməsi nəticəsində maraqlı, qeyri-adi formaların yaranmasına nail olmaq);
3.    - abstrakt həndəsə elementlərinə istinadən, vahid model axtarışı və rasional-optimal variant seşiminə nail olmaq;
4.    - seçilmiş modul elementlə, variasiyalar nəticəsində kombinator artıma və müəyyən, vahid kompozisiya strukturuna nail olmaq və s.

  
Firəngiz Quluzadə, qr.161 a2 “Layihələndirmə - 1” fənni üzrə kurs tapşırığı - abstrakt həndəsə elementi seçimi, elementlərindən biri ilə qruplaşma və transformasiya prinsipi

Yaradıcı təhsil prosesində, digər fənnlərlə müqayisədə memarlıq qrafikasına da önəmli yer verilir. Layihələndirmə vərdişləri və qrafik təsvirlər memarın əsas ehtiyyat vasitələri sayılır. Bu vasitələr, tamaşaçı tərəfindən memarlıq və interyer konsepsiyasının daha dolğun və düzgün qavrayışı üçün  geniş imkanlar açır.

NƏTİCƏ:

Beləliklə, qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlməl olar ki, mühitdə  davranma vasitələrinin;
-     tədris və təhsil prosesinə müasir yanaşma sistemi,
-     ictimai “idarəçilik”,
-    fərdi yanaşma, individual ifa manerası və özəl dəsti-xəttin formalaşması,
-    innovativ metodların tətbiqinə istinadən tədrisə yeni yanaşma tərzi,
-    müasir formayaratma prosesində uğurlu vasitələrin tətbiqinin
təsiri mühümdür.
Memarlıq və dizayn sahələrində; mühit dizaynında mövcud olan “yaradıcılıq” fəaliyyətini isə - ətraf mühitin insani müdaxilə vasitəsilə, həmçinin, şəxsi və ictimai tələbatlara müvafiq surətdə dəyişilməsi prosesi kimi qəbul etmək mümkündür.