Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.
İlkxeber.org musavat.com-a istinadən xəbər verir ki, Putin çıxışı zamanı Belarusa nüvə silahlarının yerləşdirilməsi üçün hazırlıqların tamamlandığını bildirib.
"7-8 iyulda Belarusda taktiki nüvə silahı yerləşdirəcəyik. Hər şey plan üzrədir, hər şey stabildir" - o deyib.
Rusiya lideri və onun ən yaxın müttəfiqi kimi tanınan Aleksandr Lukaşenko bundan əvvəl Moskvanın taktiki nüvə silahlarının Belarusda yerləşdiriləcəyini və bunun üçün xüsusi obyekt tikildiyini bildirmişdi. Lukaşenko nüvə silahı ilə bağlı tənqidlərə cavab olaraq, nüvə silahlarının yerləşdirilməsi planlarının şantaj olmadığını, Qərbin Belarusu məhv etmək istədiyini və işğala hazırlaşdığını iddia edərək, xalqını Qərbə qarşı “qoruduğunu” qeyd etmişdi.
Qərb mediası Putinin açıqladığı məlumatın 11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammiti ilə üst-üstə düşdüyünə diqqət çəkib.
Hərbi ekspertlər Rusiyanın bu addımını NATO-nun Finlandiya və İsveçlə ittifaqı genişləndirmək üçün atdığı addıma əks-hücum kimi şərh edirlər.
Vaşinqton administrasiyası isə əvvəllər Moskvanın Belarusda taktiki nüvə silahları yerləşdirmək planına ehtiyatla reaksiya verərək, “nəticələrə nəzarəti davam etdirəcəyini” elan etmişdi.
© 2020 - Created by İLK XEBER.