“ABŞ Cənubi Qafqazda öz nüfuz dairəsini genişləndirmək üçün həm siyasi, həm də iqtisadi maraqlar həyata keçirməklə nüfuzunu gücləndirmək istəyir. Ermənistanda Paşinyanı hakimiyyətə gətirən ABŞ-dır”.
İlkxeber.az bildirir ki, bu barədə Musavat.com-a açıqlaqmasında politoloq Azad Məsiyev deyib.
O qeyd edib ki, ABŞ Paşinyan üzərindən Cənubi Qafqazda öz siyasətini həyata keçirmək istəyir:
“Eyni zamanda Paşinyanın da hakimiyyətini Ermənistanda bir daha gücləndirmək üçün müəyyən sərmayələrin Ermənistana gətirilməsinə söz verir. Beləliklə də, bu, Paşinyanın hakimiyyətini daha da gücləndirmək məqsədi daşıyır. Qeyd edilən kimi, ABŞ-ın Ermənistanda kimyəvi zavodların tikilməsinə sərmayə qoyması coğrafi baxımdan da düzgün deyil. Ermənistan seysmik bir bölgədə yerləşir. Orada böyük, kimyəvi zavodların tikilməsi böyük təhlükə mənbəyidir. Bu, qonşu ölkələr üçün təhlükəlidir. Orada zavoda xələl gələrsə, bundan qonşu ölkələr də zərər çəkəcək. Həmin zavodun istehsaldan kənar müəyyən kimyəvi tullantılarının Araz çayına, oradan da Xəzər dənizinə axıdılması böyük fəlakətə səbəb olacaq. Eyni zamanda Azərbaycan Ermənistan arasında böyük sülh hələ əldə edilməyib və Ermənistan düşmənçilik münasibəti göstərir. Heç kimə sirr deyil ki, Araz çayı vasitəsilə Azərbaycana zərərli maddələrin axıdılması faktları qeyd olunub. O baxımdan da bu zavodun tikilməsi təhlükə mənbəyidir. Bu zavodun heç perspektivi də yoxdur. Çünki həmin zavodu işlədəcək xammal bazası mövcud deyil. Məqsəd Ermənistana bu cür sərmayə gətirməklə sadəcə Paşinyanın əlini gücləndimək, dolayısı ilə Rusiyanın təsir dairəsini Ermənistanda zəiflətməkdir. Fikrimcə, bu, çox təhlükəlidir”.
Politoloq əlavə edib ki, ABŞ nəinki kimyəvi zavodlar, gizli bioloji laboratoriyalar da yaradır və bakterioloji silahların elementlərini həmin laboratoriyalarda elmi iş adı altında istifadə edir:
“Bu cür laboratoriyaların Gürcüstanda, Ukraynada olması faktları var. Azərbaycan-Ermənistan münasibətlərini nəzərə alaraq ABŞ sərmayə qoyulması məsələsini düşünməlidir. Bu cür davranışlar Cənubi Qafqazda uğur gətirmir və əksinə, münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. İndiki məqamda Azərbaycanla Ermənistan arasında sülh sazişinin vasitəçiliyini edən bir dövlət iki dövlət arasında münasibəti gərginləşdirəcək addımlar atmamalıdır. Sərmayəni zavoda deyil, başqa sahələrə ayıra bilərdilər”.
Qeyd edək ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Azərbaycan QHT-ləri isə Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb.
© 2020 - Created by İLK XEBER.