“Tvitter” Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatarın hesabından dövlət qurumlarına və dövlət adamlarına pulsuz verdiyi nişanını silib.
Ilkxeber.org xəbər verir ki, İlon Maska məxsus "Tvitter"də qalmaqallı davranışa imza atıb. Bu yaxınlarda bütün dünyada ödənişli funksiyasını təqdim edən "Tvitter" rəhbərliyi istənilən şəxsin işarələrini silmək üçün gücdən istifadə edərək reaksiyaların çoxalmasına səbəb olub.
Son zamanlar Türkiyəyə fərqli münasibət bəsləyən "Tvitter" bu dəfə Quzey Kıbrıs Türk Cümhuriyyətini hədəf alıb.
"Tvitter" Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın təsdiqlənmiş hesabını silib. Hesabın dövlət və ya çoxtərəfli təşkilat hesabı olduğunu göstərən boz işarəli təsdiq nişanı milli səviyyədə müvafiq dövlət qurumlarının, dövlət şəxslərinin və çoxtərəfli təşkilatların hesablarında tapılır.
Ancaq "Tvitter" Ersin Tatarın hesabındakı boz işarəni silməklə qalmaqallı davranışa yol verib.
“Tvitter” platformasında dövlət qurumlarına və dövlət adamlarına pulsuz verilən nişanın Ersin Tatarın hesabından niyə silinməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Ayrı-seçkilik siyasəti yürüdən "Tvitter" Cənubi Kipr prezidenti Nikos Kristodoulidisin rəsmi nişanını götürməyib.
Ersin Tatarın KKTC prezidenti olmasını və Türkiyə ilə möhkəm əlaqələr qurmasını həzm edə bilməyən yunan və Avropa İttifaqı lobbiləri 2021-ci ildə Ersin Tatarın "Tvitter" hesabından mavi nişanını silinməsi üçün kampaniya təşkil ediblər.
Lobbilər “KKTC müstəqil dövlət deyil və onun prezidenti də legitim deyil, ona görə də Ersin Tatarın legitimlik qazana bilməməsi üçün onun mavi nişanı götürülməlidir” ifadələri ilə kampaniyalarını davam etdiriblər.
© 2020 - Created by İLK XEBER.