Kılıçdaroğlu İngiltərə mətbuatına Türkiyənin hazırkı siyasətini dəyişdirəcəkləri barədə DANIŞDI: "Qərbin qürurlu üzvü olacağıq"

İngiltərənin “The Economist”, “Financial Times” və “The Guardian”a açıqlama verən Kılıçdaroğlu “Türkiyə Qərbə yönələcək” mesajını verib. "The Guardian" Kılıçdaroğlunu “Türk demokratiyasının gələcəyi” adlandırıb.

Avropa.info xəbər verir ki, İngiltərə mətbuatından "The Economist", "Financial Times" və "The Guardian" Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğluna geniş yer verib.

“The Economist”in “Kemal Kılıçdaroğlu: Daha demokratik Türkiyə çox yaxındır” adlı yazısında Türkiyənin demokratik rol modeli olaraq baxışının təkcə “şərqə uzanmadığı” bildirilib.

Kılıçdaroğlu jurnal üçün yazdığı məqalədə "Türkiyədə əldə edilən qələbə Avropa üçün yeni bir başlanğıcın xəbərçisi ola bilər" deyib.

"Mayın 14-dəki qələbəmiz Türkiyənin Qərb oriyentasiyasını geri qaytaracaq. Bu oriyentasiya bir idealın əksidir. Türkiyə üçün Qərb demokratiya, qanunun aliliyi, insan haqları və bərabərlik deməkdir", - deyə o qeyd edib.

Kılıçdaroğlu, "Türkiyə hər zaman Qərbin qürurlu üzvü olacaq" deyib.

"Bütün beynəlxalq qurumlarda Türkiyə Qərb birləşmələrinə aiddir və bundan sonra da bu şəkildə fəaliyyət göstərəcək. Bizim quracağımız hökumət bizi siyasi, iqtisadi, sosial və mədəni baxımdan Qərb müttəfiqlərimizə yaxınlaşdıracaq. Biz bilirik ki, ehtiyac duyulan problemlər var. Türkiyə ilə Qərb, xüsusilə Avropa İttifaqı (Aİ) arasında həll ediləcək", - deyə o bildirib.

CHP lideri izah edib ki, vəzifəyə başlasalar, Aİ-yə üzvlük prosesini yenidən başlatmağa çalışacaqlar və Türkiyəni Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl etmək öhdəliyi üzərinə götürəcəklər.

"The Financial Times"  Kılıçdaroğlunun NATO üzvü Türkiyənin Avropa ilə münasibətlərini düzəltmək istədiyini yazıb.

Kılıçdaroğlunun Rusiya prezidenti Vladimir Putinlə münasibətlərdə məsafə saxlayacağı, lakin Rusiya ilə iqtisadi əlaqələri davam etdirəcəyi bildirilib.

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın hələ də güclü dəstək bazası ilə Türkiyənin şəksiz ən populyar siyasətçisi olduğu qeyd edilib.

Buna işarə edən Kılıçdaroğlunun təşviqat qrupunun bir üzvü seçkinin nəticəsi ilə bağlı “Təbii ki, 20 ildən sonra hələ də bəzi şübhələrimiz var” deyib.

Bildirilib ki, kabinetdə vəzifələrin bölüşdürülməsi 6-lı masanın seçiləcəyi təqdirdə qarşılaşacağı ilk çətinliklərdən biri olacaq.

Kamal Kılıçdaroğlu da İngiltərə mətbuatından "The Guardian"a açıqlama verib.

Kılıçdaroğlunun “Türkiyə demokratiyasının gələcəyi kimi qələmə verilən siyasətçi” kimi bəhs edildiyi xəbərdə altılı masada koalisiyaya rəhbərlik edən sözügedən siyasətçinin “Hər şeyə baxmayaraq qalib gələcəyik” dediyi bildirilib. .