NƏRGİZ AĞAYEVA
Azərbaycan Memarlıq–İnşaat Universiteti, “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin üzvi, BMA-nın professoru, memar
nargiz.agayeva@hotmail.com
Memar və dizayner fəaliyyətinin növ müxtəlifliyi, hər zaman istehsal texnologiyaları və istifadə olunan materiallardan asılı olan geniş spektrdə konstruktiv həllər təklif edir. Bu təkliflər içərisində özünəməxsus mövqe - bəzək materiallaına xasdır.
İnşaat və təmir fazasını tamamlayan, interyer və binanın yekun görkəmini formalaşdıran, ona individuallıq, bitkinlik və yaraşıq verən materiallar toplusu - bəzək materialları adlanır. Bu materiallar toplusu, özündə dekorativ yükü daşımaqla, uzunömürlülük, möhkəmlik və s. parametrlərə də cavabdehdirlər. Bəzək materialları adətən funksional təyinata, materialın xarakterinə və səthin növünə görə bölünür, seçimi isə bilavasitə, məmulatın istismar şəraitindən asılı olur. Bu baxımdan, material seçimi prosesində onun fiziki və kimyəvi xassələri, şəraitdən asılı olaraq dəyişmə imkanları analizə edilir. İnteryer dizaynında isə - məkanın təyinatı material toplusunu diqtə edən amillərdən sayılır.
İnteryerdə istifadə olunan ənənəvi bəzək materialları içərisində keramik plitə və üzlüklər vacib elementlərdəndir. Uzun illər keçməsinə baxmayaraq (arxaik bir material tək), “dillər əzbəri” olaraq öz mövqeyini qoruyan metlax plitəsi - Azərbaycanda məşhurluğunu hələ də saxlamaqdadır. Döşəmə üçün nəzərdə tutulan metlax plitəsi III əsrlik tarixə malik olmağına ramən, onu məhz, Azərbaycanda məşhur edən tarixi faktlarla tanışlıq böyuk maraq doğurar...
Metlax plitəsi - (Almaniyanın “Mettlach” şəhərinin adından götürülmüşdür) bağlı məsaməli, six, təbii piqmentlərlə rənglənə bilən, monolit keramik plitə növüdür. Səthi isə həm hamar və ya fakturalı ola bilər. Bu plitənin istehsalı üçün əsas material kimi – sıx məsaməli 1100 – 1200 dər. əriyən gil istifadə olunur. Üzərində 3200 - 3550 kq. qədər yük təzyiqinə də davam gətirə bilir. Ölçüləri 10x10, 15x15 və 20x20 sm. qədər hüdudlarda olur. Müsbət keyfiyyətləri – sadə təmizlik xidmətinin olması, yüksək dekorativlik, istiyə, şaxtaya, turşu və qələvilərəə qarşı istismara dayanıqlığı və uzunömürlüyüdür.
Əsası (1748-ci ildə Almaniyanın Lotaringiya vilayətində) silahtökmə fəaliyyəti ilə məşğul olan Fransua Box (Francois Boch) adlı sahibkar (3 oğlu ilə birgə) tərəfindən qoyularaq, əsasən, yüksək keyfiyyətli süfrə keramik avadanlıqları (boşqablar, fincan, çaydan, şorbalıqlar və s.) çeşidlərini istehsal edən kral manufakturası adı ilə məşhur olmuşdur. 1767-ci ildən isə kütləvi istehsala vüsət verilmişdir. 1791-ci ildə daha bir rəqib sahibkar - Nikolas Villeroy (NicolasVilleroy) keramik manifaktura açaraq, masa servisi üzrə öz şəxsi xəttini davam etdirmişdir. 1809-cu ildən (Avropa bazarlarını fəth etmək naminə) hər iki ailənin səy və imkanlarınını birləşdirilməsi nəticəsində (Viileroy&Boch) İngiltərə istehsalçılarına rəqib mövqedə olaraq, Mettlax şəhərində ilk mexanikləşdirilmiş istehsal xətti yaradılmışdır. 1852-ci ildən etibarən Mettlax şəhərində, təmamilə yeni bir məmulatın – “Mettlach Platten” adlı döşəmə plitəsinin istehsalına başlanmışdır. Bu plitə qısa müddət ərzində böyük məşhurluq əldə edir və tələbatın çoxluğundan, tezliklə ilk Avropa fabrikində istehsalı davam etdirilir. Elə o andan, bu plitə keramik döşəmə üzlük növü kimi - metlax plitəsi adı ilə məşhurlaşır və tanıtım hüdudlarını genişləndirir.
Artıq 271 ildir - ənənələrə dərin hörmət bəsləyən və II Dünya Müharibəsisnin dağıdıcı fəlakətlərinə məruz qalan “Viileroy&Boch” müştərək şirkətinin istehsal xətti öz isini hələ də davam etdirməkdədir. İllər keçməsinə baxmayaraq, şirkət nəinki masa servisi çeşidləri, həmçinin, sanitar texniki avadanlıqları və ecazkar doşəmə-divar üzlük plitələrinin istehsalını da uğurla həyata keçirməkdədir.
Metlax plitəsinin kəşfi – şirkətin ən qürurverici faktorlarından biridir. XVIII əsrin ortalarında, Almaniyanın Mettlax şəhəri yaxınlığında arxeoloqlar tərəfindən Qədim Roma döşəmə mozaika üzlük materialının tapılması əlamətdar bir hadisəyə çevrildi. Bu mozaikanın bərpasından ruhlanan sahibkar Fransua Box, şəxsən öz tərəfdaş - mütəxəssisləri ilə birgə, buna bənzər plitələrin istehsalı üzrə eksperimentlərə başlayır.
Nəticədə, özündə yüksək möhkəmlik keyfiyyətləri və zahiri görünüşü ilə vəhdət təşkil edən yeni plitənin məxsusi istehsal metodu formalaşdırılır. 1852-ci ildən Mettlax şəhərində roma mozaika motivləri əsasında yaradılan ilk döşəmə plitə çeşidi – metlax plitəsinin istehsalı geniş vüsət alır. Metlax plitəsinin digər keramik plitələrdən üstünlük xüsusiyyətləri; universallığı, orijinal dizaynı, tərkibinin təbii və ekoloji təmizliyi, möhkəmliyi, uzuznömürlüyü, istismar rahatlığı, kimyəvi təsirlərə dayanıqlığı və s. ibarətdir.
Metlax plitəsinin məxsusi məşhurluq dövrü Viktorian dövrünə (1837-1901, Britaniya İmperiyasının kraliçası – Viktoriyanın hakimiyyət dövrü) təsadüf edir. Əbəs deyil ki, həmən dövr bu plitəni - “viktorian kafeli” də adlandırırdılar. Plitə əsasən kafedral kilsə, ictimai və özəl malikanələrin döşəmələrinin üzlük tərtibatı üçün istifadə olunurdu. Hətta, bir çox məşhur memarlıq abidələrinin və məşhur Titanik gəmisinin döşəmə üzlüyündə də metlax plitəsindən aktiv istifadə olunmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində isə Çar Rusiyasının İmperator sarayı üçün də keramika təchizatı bu şirkət tərəfindən həyata keçirilirdi. Bəzək materialının aktiv istifadəsi - XX əsrin əvvəllərində S.Peterburq şəhərinin saray binalarının interyer bəzəyi üçün də əhəmiyyət daşımışdır. Hətta, bu məqsədlər üçün Neva prospektində alman şirkərinin xüsusiləşmiş mağazası da fəaliyyət göstərirdi.
Bu ərəfədə, Villeroy&Box şirkətinin məmulatları Avropa bazarlarını uğurla fəth edərək hüdudlarını daha da genişləndirmişdi. Onun məmulatları artıq Azərbaycana da gətirilərək, inşaat və interyer tərtibatının əvəzedilməz bir materialına çevrilmişdi. Qeyd edək ki, binanın fasadı yaddaqalan vizual obrazı ilə xatirələrdə silinməz iz buraxır. İnteryer məkanı isə, həmən binanın təyinatını və funksional təchizatını formalaşdırır. Bu baxımdan, bəzək materiallarının rolu əvəzsisdir. Məhz, Avropa ticarət bazarlarından bəzək materiallarının kütləvi axını, Azərbaycan memarlığının formalaşmasında baş verən quruculuq proseslərinin inkişafında öz izahını tapır.
Öncə, Azərbaycanda baş verən sosial-iqtisadi və memarlıq obrazının formalaşması prosesində tarixi məqamları vurğulamaq məqsədəuyğun olar...
Bakı şəhərinin memarlıq siması XIX-XX əsrlərdə Azərbaycan neft səltənətinin sahibkar-milyonçularının səyi və məşhur Avropa memarlarının əməyi nəticəsində formalaşdırılmışdır. Demək olar ki, paytaxtımızda “klassiklik” zirvəsinə ucalan üslubların böyük əksəriyyətinin nümunələri var. Şəhərimizin memarlıq səlnaməsilə qürur duya və öyünə bilərik. Lakin, maarifləndirmə işləri zəif olduğundan, cəmiyyətimiz bu səlnamənin vacibliyini bəzən lazımınca dəyərləndirmir. İstənilən yaradıcı ideyanın reallaşdırılması müəyyən zaman kəsiyi, iradə və dözüm tələb edir. Bakının memarlıq xronologiyasına nəzər salsaq, bəşəri memarlıq üslublarından; qotika, barokko, rokoko, klassisizm, modern, sovet konstruktivizmi, milli romantizm, mudexar, bo-ar, modernizm, postmodernizm kimi klassik üslub ənənələrinin nümunələrini müşahidə edə bilərik
Bakı şəhəri İcra Hakimiyyətinin binası – giriş-foyedən fraqmentlər, Roma mozaik plitə motivləri əsasında metlax-döşəmə tərtibat həlli (1900-1904)
XIX əsrdə Azərbaycanın memarlıq səlnaməsi (rus memarlıq ənənələri əsasında) - Gəncə, Şamaxı və Bakı şəh.-nin şəhərsalma və baş planlarının tərtibi üzrə inkişaf yolunu keçməsində xarakterizə olunur. Bu proseslərlə bağlı, şəhər tipli yeni yaşayış bina modelləri də formalaşır. Şimali Azərbaycanın Rusiyanın tərkibinə keçməsilə əlaqədar, yeni tip tikililər memarlığın inkişafında vacib əhəmiyyət kəsb etməyə başlayır. XIX əsrin ortalarına doğru isə; yeni tip teatr, məktəb, xəstəxana və yaşayış binalarının inşaası həyata keçirilir. Yeni meydana gələn kapitalist istehsal münasibətlərinin sürətli tərəqqisi də Azərbaycan memarlığının inkişafına əhəmiyyətli təsirini göstərmişdir.
Bakı şəhəri İcra Hakimiyyətinin binası – vestibüldən fraqmentlər, əsrarəngiz gözəlliyini qoruyub saxlayan metlax plitəsindən döşəmə tərtibat həlli (1900-1904)
Artıq XIX-XX əsrin qovşağında (neft sənayesinin fəal inkişaf dövründə), Bakı şəhəri Rusiya İmperiyasının ən iri şəhərlərindən birinə çevrilmişdi. Bu dövrdə Azərbaycan memarlığı artıq 2 istiqamətdə inkişaf edirdi: planlaşma strukturunda müvafiq binaların kompozisiya həlli və avropa memarlıq ənənələri istiqamətində. XX əsrin 2-ci yarısında isə Azərbaycan milli ənənəvi memarlığı məbəd qurğuları və mədəni-məişət, ticari təyinatlı memarlıq tikililərində öz əksini tapmağa başladı. Avropa memarlıq məktəblərinin məzunları ilə yanaşı, inşaatda yerli memar kadrların (H.Hacıbababəyov tərəfindən 1860-cı ildə Səlyan ray.-da xəstəxana inşa olunmuşdur) aktiv fəaliyyəti də vüsət almışdı. Milli memarlıq ənənələrinin geniş dirçəlişi üçün müvafiq şəraitin olmaması və milli kadrların çatıçmamazlığı, mülki tikintidə avropa memarlıq ənənələrinin bərqərar olmasını labüd edirdi.
Ənənəvi formaların memarlıqda tətbiqi faktı, milli memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Lakin, bu yalnız dini və mədəni-məişət qurğu və binaların inşaasında özünü doğruldurdu. Bu dövrdə yerli (lokal) xarakter daşıyan, ilkin milli ənənələri müəyyən mənada qoruyan memarlıq məktəbləri də fəaliyyət göstərirdi. Azərbaycan ərazisində; Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan məktəbləri artıq mövcud idi.
Kapitalizm dövrünə xarakterik olan qurğular içərisində; Bakıda “Bəy məscidi” (1895, mem. Məhəmməd Həşim əl-Bakuvi və Mirəli ən-Nağı ibn Səid Hüseyn), “Qasımbəy məscidi” (1895, mem. Məşədi Mirzə Qafar İsmayılov), “Təzə-Pir məscidi” (1905-1914), “İttifaq və ya Göy məscid” (1912), Əmircan qəs.- də “M.Muxtarov məscidi” (1909, mem. Z. Əhmədbəyov) misal gətirilə bilər.
Səid Rüstəmov küç.-də “Klassisizm” üslubunda inşa olunan binanın girişindən fraqment – metlax plitəsi ilə döşəmənin üzlük tərtibatı
Milli abidələr və sabit memarlıq ənənələri ilə zəngin olan Qarabağ bölgəsində isə, Avropa memarlığı dərin “köklər” sala bilmədi. XIX əsrin ortalarında Qarabağda artıq özünəməxsus memarlıq məktəbi yaranmışdı. Həmin məktəbin nümayəndələri arasında Kərbəlayı Səfixan Qarabağini (Bərdə, Ağdam, Şuşa, Füzuli, Horadiz, həmçinin, Odessa və Aşqabadda da məscid layihələri icra olunmuşdur) qeyd etmək yerinə düşərdi.
Bu dövr Azərbaycanda inşa olunan mədəni – ictimai xarakterli binalara; Bakıda Tağıyev adına teatrı (1883), Şamaxıda teatr binasını (1858), Mailov teatrını (indiki, Opera və Balet teatrının köhnə binası -1911) və s. misal göstərmək mümkündür.
“Axundov” ad. bağçanın yaxınlığında yaşayış binasının girişindən fraqment – metlax plitəsi
XX əsrin ortalarından başlayan - fabrik və zavod, anbar yerləşgələri, limanlar, vağzal və digər obyektlərin inşaası Azərbaycan memarlığında yeni sənaye-nəqliyyat qurğuları fəaliyyət dairəsinin və sənaye memarlığının inkişafına gətirib cıxartdı.
İndiyədək, Bakıdakı tarixi binaların foye, vestibül, holl və dəhlizlərində metlax plitələrinin ecazkar gözəlliyini seyr etmək, təəssürat yaradan proses olmaqla yanaşı, həm də qürurverici bir hadisədir.
Müasir dövrdə metlax plitəsinin istehsalı ilə nəinki, Almaniya, həmçinin, Fransa və Portuqaliya dövlətləri də məşğul olur
Zaman keçdikcə, istehsal texnologiyalarının intensiv inkişafı, metlax plitəsinin “rəqibi” sayılan (1970-ci ildə İtaliyada istehsalı həyata keçirilən) “keramoqranit” adlı yeni üzlük materialının meydana gəlməsinə şərait yaratdı. Materialın əsas üstünlüyü – onun fenomenal möhkəmliyi, rəng və faktura zənginliyidir.
Texnoloji üstünlüklərə baxmayaraq, müasir dövrün memar və dizaynerləri, interyer tərtibatında hələ də metlax plitəsinə müraciət etməklə, ecazkar və qeyri-adi döşəmə görüntüləri əldə edirlər. Bir sözlə, keşmişə hörmət etmədən, gələcəyi formalaşdırmaq qeyri-mümkün...