ABŞ-ın “Vaşinqton Post” qəzeti Çində repressiyaya məruz qalan uyğur qadınlardan biri – Gülbahar Haytivaci haqqında məqalə dərc edib.
Novator.az-ın məlumatına görə, redaksiya məqaləsində bildirilir ki, Gülbahar Haytivaci neft sənayesi mühəndisidir: “Həyat yoldaşı və iki qızı ilə birlikdə Fransada mühacirətdə olan Gülbahara 2016-cı ilin noyabrında Çinin Sincan bölgəsindən – uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan bölgədən telefon zəngi gəlib.
Zəng edən özünü neft şirkətinin işçisi kimi təqdim edib və Gülbahardan pensiyası ilə bağlı sənədləri imzalamaq üçün Sincana qayıtmasını xahiş edib. Demə bu, tələ imiş.
İki həftəyə Fransaya geri dönəcəyini düşünən Gülbahar 2017-ci ilin yanvarında Çində həbs olunub. Başqa uyğur qadınlarla birlikdə o, təcridxanaya salınıb və bir müddət dəmir çarpayıya zəncirlənmiş halda saxlanıb. Çinli məmurlar ona qızı Gülxumarın Parisdə uyğurları müdafiə aksiyasında iştirakını təsdiqləyən fotoşəkli göstəriblər, buna görə haqq-hesab sorublar, Gülxumarı terrorçuluqda günahlandırıblar. Gülbahar bu iddianı rədd edib.
Bütün bu hadisələrin baş verdiyi dövrdə Parisdə ailəsi Gülbahardan xəbərsiz olub və çox narahatlıq keçirib.
Bir qədər sonra Gülbahar Haytivaci Sincan Uyğur Muxtar Rayonunun şimalında yerləşən Karamay şəhəri ətrafındakı düşərgəyə köçürülüb. Amansız qaydaların hökm sürdüyü bu düşərgədə qadınlar şən mahnılar oxumağa, mahnıların sözlərini əzbərləməyə və Çin lideri Si Cinpinin ünvanına mədhiyyələr deməyə məcbur edilirmiş.
Gülbahar azadlığa çıxandan sonra qələmə aldığı memuarında bunu “beyinlərin yuyulması” kimi xarakterizə edir. Bildirir ki, gün ərzində mənasız sözləri təkrar-təkrar söyləmək məcburiyyətində imiş.
Gülbaharın saxlandığı düşərgədə 200-ə yaxın qadın olub. Gülbahar yazır: “Onların arasında tir-tir əsə-əsə “Biz terrorçu deyilik!” deyib göz yaşı tökən yaşlı qadınlar və gənc qızlar vardı”.
Digər qadınlarla bərabər Gülbahar Haytivaci də mütəmadi cinayətkarlıqda suçlanıb. Onu məcbur edirmişlər ki, əfv olunacağına ümid bəslədiyini etiraf etsin: “Həbsxana nəzarətçilərinin bu sonsuz basqılarının ağırlığı altında əzilirdik. Beyin yuyan, saat kimi işləyən qəddar mexanizm aramızda ən cəsarətli və dözümlü insanları da çökdürə bilirdi”.
2018-ci ilin oktyabrında Gülbahar 500-dən çox qadının saxlanıldığı daha iri düşərgəyə köçürülüb. Vəkilsiz mühakimə edilən Gülbahar yenə aşkar surətdə hədələnib, şantaj olunub. Onu mühakimə edən hakim də əlində Gülbaharın qızının etiraz aksiyasında çəkilmiş şəklini tutubmuş.
Hakim Gülbahar Haytivacinin 7 il müddətinə “peşə təlimi mərkəzi”ndə (Çin hakimiyyəti uyğurların qul kimi işlədildiyi düşərgələri belə adlandırır) “tərbiyə olunması” barədə qərar qəbul edib.
Sonda Gülbahar təzyiq altında videokamera qarşısında etirafedici ifadə verməli olub.
Gülbahar Haytivaci memuarında yazır: “Kamera qarşısında söylədiklərimin heç biri doğru deyildi. Hamısı yalan idi. Video müraciətimdə xaricdəki uyğur fəalları pisləməli oldum. Təklikdə qalanda məni ağlamaq tutdu. Vicdan əzabı çəkirdim. Düşərgələrin məqsədi bizi tez öldürüb sıradan çıxarmaq yox, yavaş-yavaş çürütmək idi. Bizi kimliyimizi inkar etməyə, doğma adət-ənənələrimizi, inancımızı lağa qoymağa, dilimizi, xalqımızı pisləməyə, terrorçu olduğumuza inanmağa məcbur edirdilər”.
“Vaşinqton Post” qeyd edir ki, Gülbaharın qızı Fransada həyəcan təbili çalıb, televiziyaya çıxaraq Çindəki düşərgələrdən söz açıb: “Sındırılmış vəziyyətdə olan Gülbahar isə sövdələşməyə getmək qərarına gəlib: Fransada yaşayan ailəsinə zəng edərək onları uyğurlarla bağlı fəallıqdan çəkinməyə çağırıb, əvəzində azadlığa çıxıb.
Ailəsinə zəng edən vaxt Gülbaharın yanında dayanmış qəzəbli Çin polisi deməli olduğu sözləri yazılı surətdə onun qarşısına qoyubmuş. Telefon danışığından dərhal sonra hakim Gülbaharın sərbəst buraxılması haqda qərar qəbul edib. Beləcə iki ildən çox sürən əsarətdən sonra azadlığa çıxan Gülbahar 2019-cu ilin avqustunda Fransaya qayıdıb”.
“Vaşinqton Post” vurğulayır ki, Gülbahar Haytivacinin başına gələnlər Çin hakimiyyətinin uyğurlara qarşı amansız repressiyasını, eyni zamanda kommunist rejimi ilə həmfikir olmayanların cəzalandırılması məsələsində həddini çox aşdığını göstərir.
Qəzet qeyd edir ki, Pekin rejimi uyğurların milli kimliyini, dilini, dinini məhv etmək, onları Kommunist Partiyasının sadiq quluna çevirmək istəyir və bu siyasət, uyğurların başına gətirilənlər artıq bütün dünyaya bəllidir.
Qəzet Gülbahar Haytivacinin bu yaxınlarda ABŞ Konqresində uyğurların vəziyyəti ilə bağlı keçirilən dinləmə zamanı şahid kimi ifadə verdiyini də xatırladır.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti və 20-dən çox ölkənin parlamenti Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.
1949-cu ildə qurulan Çin Xalq Respublikasının idarəçiliyinə Kommunist Partiyası məsuldur. 1953-cü il təvəllüdlü Si Cinpin 2012, 2017 və 2022-ci illərdə partiya lideri, 2013, 2018 və 2023-cü illərdə Çin Xalq Respublikasının sədri (dövlət başçısı) seçilib.
© 2020 - Created by İLK XEBER.