Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması və humanitar yardım” mövzusunda fövqəladə sammiti keçiriləcək.
Ilkxeber.org bildirir ki, Türkiyə Prezident Adminstarsiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Azərbaycanın təklifi ilə keçiriləcək sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələr: KKTC prezidenti Ersin Tatar, Macarıstanın baş naziri Viktor Orban, Türkmənistan Milli Şurasının Xalqlarla İş üzrə Departamentinin rəhbəri Qurbanqulu Berdiməhəmmədovvə digər dövlətlərin nümayəndələri iştirak edəcəklər.
Ötən il keçirilən Səmərqənd sammitində müşahidəçi statusu alan KKTC ilk dəfə TDT sammitində iştirak edəcək.
Yaşanan güclü zəlzələ ilə əlaqədar Türkiyə ilə həmrəylik məqsədilə keçirilən sammitdə təbii fəlakətlər və onların nəticələri ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, ortaq gündəm ətrafında fikir mübadiləsi aparılacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
© 2020 - Created by İLK XEBER.