Bu gün Torpaq çərşənbəsidir.
Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnanca görə, Torpaq çərşənbəsi günündən etibarən toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır çərşənbə ölkəmizdə böyük təntənə ilə qeyd olunur. İlaxır çərşənbə günü hamı çimər və təmiz geyinər.
Çərşənbə axşamı hər yerdə tonqal qalanar, od üstündən tullanılar, qulaq falına çıxılar, papaq atılar. Evlərdə müxtəlif yeməklər bişirilib süfrələrə düzülər.
Nişanlı qızlara hədiyyələr gələr, təzə gəlinlər qırmızı geyinər,bütün küsülülər barışar. Bu gecə evlərdə pis söz danışılmaz. Çərşənbələrin heç birində evdən bərəkət sayılan nemətlər un,çörək,süd,su bir sözlə qidalar və od(kibrit)ələk,pul,neft vermək olmaz.
Süfrədə adları "S" hərfi ilə başlayan yeddi nemət olmalıdır. Bölgələrə uyğun adlarını yazdığım ərzaq məhsullarının 7-si (səməni,su,süd,sünbül,sumax, sirkə, ,süzmə,sucuq,sarımsaq,səbzi,sarıkök,siyənək balığı )olmalıdır.Bayram süfrəsinə acılıq əlaməti olduğu üçün soğan qoyulmaz.
Bayramda masanın üstünə içərisi qoz-fındıq, şabalıd, şirniyyatla dolu xonça, güzgü və şamlar düzülür. Həmçinin güzgünün qarşısında boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Başqa bir ənənəyə görə, bayram vaxtı hamı evdə olmalıdır. Xalq arasında "Əgər bayram günü öz evində olmasan, yeddi il evdə olmayacaqsan", - deyirlər.
Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, çünki sönmüş od, yanmayan işıq bədbəxtçilik əlaməti sayılır.
Bu gün ailə üzvlərinin sayına görə şam yandırılmalıdır və yanan şamı söndürmək olmaz..
Axır çərşənbə günü zahı( hamilə qadının)üstünə getməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Bu gecə vəfat etmiş yaxın adamları yada salarlar.
İlaxır çərşənbənin subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır. Belə ki,subay qızlar əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
Qonşulardan birinin qapısına yaxınlaşıb sakitcə pusurlar. Bu zaman eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən fikirlər söyləyirlər.
Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürsən.
Ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Axır çərşənbədə və ya bayramda bir qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.
Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.
Axır çərşənbədə qaba bir yumurta, bir qırmızı, bir qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xöşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir.
Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.
Torpaq çərşənbəniz mübarək!
© 2020 - Created by İLK XEBER.