Elçin Şıxlinski: “İndi kitablarınız satılmır deyə özümüzdən imtinamı edək”?
Sabir Rüstəmxanlı: “Şahbaz ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”
Bu günlərdə tanınmış naşir Şahbaz Xuduğlunun öz feysbuk səhifəsində “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil...” başlıqlı bir status paylaşıb. Şahbaz bəyin statusunun tam mətni ilə bu linkdən tanış ola bilərsiniz: https://www.ilkxeber.org/news.php?id=54796. Ancaq baş naşirin bu statusu cəmiyyətdə birmənalı qarşılanmadı.
Məsələn, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlinski Şahbaz bəyin bu təklifini olduqca zərərli düşüncə hesab edir: “İndi kitablarınız satılmır deyə özümüzdən imtinamı edək”?
Professor Qulu Məhərrəmli də təklifi tamamilə CƏFƏNG və ZƏRƏRLİ yanaşma sayır. Onun fikrincə, bu milli kimliyin (identikliyin) göstəricilərindən olan MİLLİ dilə qarşı həqarətdir, onu aşağılamaqdır: “Dostum Şahbaz bəy, sizin dilimizlə bağlı dediyiniz naqisliyin, problemlərin səbəbini Ana dilində deyil, bu dilin daşıyıcıları olan insanların təfəkküründə, onların yarımçıqlığında, nökər xislətində və mütaliə mədəniyyətinin aşağı olmasında axtarmaq lazımdır”.
Yazıçı Elçin Hüseynbəyliyə görə, problem ondadır ki, ötən əsrin 30-cu illərində (gərək ki, 31) türk dilində islahatlar proqramı qəbul edildi və səhv onda oldu. Ona qədər Türkiyə türkcəsi indiki Azərbaycan türkcəsi ilə, demək olar ki, eyni idi. Qardaşlarımız dilimizə hopmuş fars-ərəb sözlərindən imtina edib, çox zaman süni sözlər yaratdılar. Ona görə də indi aramızda belə anlaşılmazlıqlar var. Yəni onlar gələcəyi nəzərə almadılar. Ona görə də türkiyəli gənclər öz klassik şairlərinin əsərlərini oxuyub başa düşə bilmirlər, amma biz çox gözəl anlayırıq. Məsələni uzatmaq olar. Amma bu, daha çox mütəxəssislərin işidir. Bəzi mötəbər tədbirlərdə mənim bu fikirlərimi Türkiyəli qardaşlarımız anlayışla qarşılayıb, dəstəkləyiblər. Daha bir yanlışlıq isə, məncə, türk soyadlarının türkləşdirilməsi barədə qərar olub. Ona görə də türk soyadı daşıyanların milliyyəti bilinmir və bu çox zərərlidir. Özləri də indi etiraf edirlər.
Hüquqşünas Ənnağı Hacıbəyli də təklifə etiraz edərək belə deyir: “Amma biz Türkiyədə öz dilimizdə çıxış edəndə türk hüquqçuları yaxınlaşıb deyirdilər ki, sizin diliniz bizimkindən daha gözəldir”.
“Türkiyədə yaşayıb dərs keçən prof. Mehman Musaoğlu (Musayev) mənə danışıb ki, Azərbaycana səfir gələcək bir alman məndən Azərbaycan türkcəsi dərsi aldı və öyrəndi. Azərbaycana getdikdən sonra görüşdük, mənə dedi ki, Azərbaycanda sizinkilər hamısı rusca danışır, bilsəydim sizin dili yox, ruscanı öyrənərdim. Bu da bir gerçəklikdir” - bu da tarixçi Ədalət Tahirzadənin fikirləridir.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur.
Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmıtsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa özümüzə baxaq!
Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür.
O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb.
© 2020 - Created by İLK XEBER.