Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin direktor müavini İbrahim Abanmi, müşavir Ali Al Midvah və Mərkəzin inzibati koordinatoru Hişam Al Rukban BAAU-da işgüzar səfərdə olublar. İlkin olaraq qonaqları Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova qəbul edib. N.Hüseynova BAAU-nun Ərəbşünaslıq Mərkəzinin uğurlu fəaliyyətindən danışıb və Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin direktor müavini İbrahim Abanmi BAAU-nun Ərəbşünaslıq Mərkəzinin ərəb dilinin tədrisi ilə bağlı ötən müddətdə gördüyü işlərin məmnunluq doğurduğunu deyərək, bundan sonra da əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirib.
Daha sonra BAAU-nun Ərəbşünaslıq Mərkəzində görüşlər davam etdirilib. BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov, Ərəbşünaslıq Mərkəzinin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova, İcraçı direktoru, dosent Mütəllim Rəhimovla qonaqlar arasında gələcək əməkdaşlığın mexanizmləri, fəaliyyətin genişləndirilməsi imkanları, ərəb dilinin tədrisində yaranan problemlər və onun aradan qaldırılması yolları müzakirə olunub.
Daha sonra qonaqlar Ərəbşünaslıq Mərkəzində təhsil alan tələbələrlə görüşüblər. Onlar tələbələrin ərəb dilini öyrənməsi üçün lazım olan tədris vəsaitləri ilə tanış olublar, bu sahədə çətinliklər və onun həlli yolları ilə bağlı tələbələrin fikirləri ilə tanış olublar. Tələbələr ərəb dilində şeir, mahnı, müqəddəs Qurandan surələr, hekayələr səsləndiriblər.
© 2020 - Created by İLK XEBER.