“Türklərin “Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi var və bunu Türkiyə dövləti adından prezident Ərdoğan layiqincə həyata keçirir. Hətta Birləşmiş Millətlər Təşkilatının edə bilmədiyini prezident Ərdoğan həyata keçirdi və qismən də olsa, dünyanı aclıqdan xilas etdi. O, Ukrayna taxılının dünya bazarına çıxarılmasına nail oldu”.
Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.
Bu yaxınlarda ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri mənbələrinə istinadla yazıb ki, 2022-ci ilin sonundan Türkiyə “Soyuq müharibə” dövründən qalma kasetli sursatları Ukraynaya göndərməyə başlayıb. Bu məlumat həm Rusiya, həm də Türkiyə içtimaiyyətində ciddi müzakirələrə səbəb olub. Görəsən, bu məlumatlar Rusiya-Türkiyə münasibətlərinə necə təsir edə bilər?
A. Məsiyev bu suala cavabında diqqətə çatdırıb ki, Türkiyə hazırda da Rusiya-Ukrayna münaqişəsini dayandırmaq üçün səylərini davam etdirir: “Təəssüflər olsun ki, bu münqişəni yaradanlar - başda ABŞ və Avropa dölətləri prezident Ərdoğanın bu təşəbbüsündən narahatdırlar. NATO blokunda gücünə görə ikinci dövlət sayılan Türkiyə ABŞ və Qərbin avanturist siyasətinin ziddinə gedərək həm milli maraqlarına uyğun olaraq, həm də BMT tərəfindən tanınan digər Türk cümhuriyyətlərinin maraqları çərçivəsində Rusiya ilə münasibətini yüksək səviyyədə qurub və onu inkişaf etdirir”.
Siyasi şərhçi əlavə edib ki, Türkiyə prezidentinin Rusiya ilə bağlı siyasəti ABŞ tərəfindən məqbul sayılmır, bu münasibəti pozmaq üçün təxribatlardan da çəkinmirlər: “Bu vaxta qədər dəfələrlə Türkiyəyə qarşı xoşagəlməz təxribatlar olub. Xatırlatmaq yerinə düşərdi ki, Rusiyanın “Su-24” qırıcı-bombardmançı təyyarəsinin Türkiyənin Hatay vilayətinin Yayladağ rayonundan 4 km aralıda vurulması, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yeririlməsi, Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket kompleksləri ilə bağlı Türkiyəyə edilən təzyiqlər də dediyim təxribatların tərkib hissələridir”.
“Foreign Policy” nəşrinin yazdıqlarına gəlincə, A. Məsiyev deyib ki, belə dezinformasiya xarakterli məlumat təsadüfi deyil: “Belə məlumatlar ABŞ Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məqsədyönlü, planlı şəkildə mətbuata ötürülür. ABŞ-ın məqsədi prezident Ərdoğanın sülh təşəbbüsünə kölgə salmaq, Türkiyə-Rusiya münasibətlərini korlamaqdır. Əslində, Türkiyə-Rusiya münasibətlərinin normal olması Türkiyənin türkdilli dövlətlərə açılan qapısıdır”.
Sonda müsahibimiz əlavə edib ki, bu yaxınlarda “Gezici” Araşdırmalar Mərkəzi Türkiyənin 24 vilayətində sorğu keçirib. Sorğuda iştirak edənlərin 90 faizi ABŞ-ı Türkiyənin düşməni, 62 faizdən çoxu isə Rusiyanı dost ölkə sayır. Sorğuda iştirak edənlərin 72,8 faizi isə əminlikə bildirib ki, Rusiya ilə münasibət yaxşı olmalıdır.
© 2020 - Created by İLK XEBER.