AMEA-da Qərbi Azərbaycanla bağlı 3 şöbə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qərbi Azərbaycanla bağlı üç şöbə yaradılıb.

Bununla bağlı dekabrın 29-da akademiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb.

Həmçinin Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb.