“Xankəndi-Gorus yolunu və ya ermənilərin iddia etdiyi Laçın dəhizini azərbaycanlı ekologiya fəalları, ictimaiyyət nümayəndələri kəsməyib. Bizim fəallar orada sadəcə olaraq etiraz aksiyası keçirir ki, bu da hər bir Azərbaycan vətəndaşının hüququdur. Bu aksiya həm rus sülhməramlıların nəzarəti altında olan Azərbaycan dövlətinə məxsus qızıl və mis yataqlarının qanunsuz istismarı, həm də bu istismar nəticəsində yaranan ekoloji vəziyyətlə birbaşa bağlıdır. Azərbaycan fəalları tələb edirlər ki, bizim dövlət mütəxəssislərimizin həmin yataqlarda araşdırmalar aparmasına müvafiq şərait yaradılsın. Azərbaycan konstitusiyasına görə, yeraltı və yerüstü milli sərvətlər xalqımıza məxsusdur. Xalqın nümayəndələri də bu baxımdan aksiya keçirməsi tam qanunidir. Hesab edirəm ki, bunun da qarşısını kimsə ala, təxribatlar yarada bilməz”.
Bu sözləri Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Teleqraf.com-a deyib.
Hüquqşünas əlavə edib ki, Azərbaycanın ekofəallarının və vətəndaş cəmiyyəti nümayəndələrinin irəli sürdüyü tələblər tamamilə haqlıdır: “Fəallar orada etiraz aksiyası keçirib, rus sülhməramlılar isə yolu bağlayıb. Mən hesab edirəm ki, əslində burada günah və məsuliyyət sülhməramlıların üzərinə düşür. Onlar Azərbaycan dövlət mütəxəssislərinin ekoloji vəziyyətlə bağlı araşdırmalar aparmasına müvafiq şərait yaratmalıdırlar”.
Aydınlar Partiyasının sədri qeyd edib ki, aksiya keçirilsə də, Azərbaycan tərəfi humanitar məsələyə xüsusi həssaslıqla yanaşır, odur ki, ermənilərin dünyada haray-həşir salmasının heç bir əsası yoxdur: “Məsələn, məlumat verildi ki, aksiyanın keçirildiyi yoldan ermənilər də keçə bilir, eləcə də təcili tibbi yardım avtomobillər də ehtiyac olanda buraxılır. Yəni Azərbaycan tərəfindən yolun kəsilməsinə dair iddialar əsaslı deyil. Açığı, burada əsas iş sülhməramlıların üzərinə düşür. Onlar addım-addım Azərbaycan nümayəndələrini səlahiyyətində olan ərazilərə buraxmalıdır. Əgər buraxmırlarsa, deməli gərginlikdə bilavasitə maraqlı tərəf onlardır”.
© 2020 - Created by İLK XEBER.