“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev bildirib ki, Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdir. Məhz bu səbəbdən də Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini, həmrəyliyini müşahidə edə bilirik. Bütün bunlara nail olmaq və onu qoruyub saxlamaq üçün cəmiyyətdə birləşdirici ideyalara ehtiyac var. Çox yaxşı haldır ki, hazırda azərbaycançılıq və multikulturalizm cəmiyyətimizi parçalayan dağıdıcı dəyərlərin qarşısını almağa yönəlmiş ən mükəmməl ideya və tapıntıdır. Ə.Allahverdiyev dedi ki, İctimai Birlik multikulturalizm və azərbaycançılıqın gənclər arasında təbliğ olunması üçün xeyli iş görüb. O, bunların sırasında məqalələr yazılması və 600 nəfər tələbə arasında esse müsabiqəsinin keçirilməsini xüsusilə vurğuladı.
Müasir İnkişaf İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü isə çıxışında Azərbaycanın tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olduğunu bildirib. O deyib ki, burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası inkişaf etməkdədir. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, dövlət quruculuğuna, cəmiyyətin daxili nizamının qorunub saxlanılmasına, müxtəlif etnik, mədəni, dini qrupların bir arada dinc, anlaşıqlı şəkildə yaşamasına öz müsbət təsirini göstərir.
M.Göyüşlü daha sonra deyib ki, azərbaycançılıq davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Ekspert Mütəllim Rəhimov isə dedi ki, son vaxtlar dünyada və regionda baş verən gərginliklərlə dolu dəyişkən proseslər dayanıqlı cəmiyyətləri də hədələməkdədir. Üstəlik, əgər beynəlxalq güclərin maraqları da bu ərazilərdə toqquşursa, təhdidlər daha da çoxalmaqdadır. İndi istilalar odlu silahlarla müharibə aparılmasından daha çox cəmiyyətlərin daxili nizamının pozulması yolu ilə milli, etnik, dini qarşıdurmaların törədilməsinə istinad etməklə aparılır. M.Rəhimov Azərbaycanın bütün bunlardan uğurla müdafiə olunduğunu bildirərək, multikulturalizm və azərbaycançılıq ideyasının əhəmiyyətindən danışıb.
Ekspert həmçinin tələbələr arasında keçirilən esse müsabiqəsi barəsində də məlumat verdi. O dedi ki, toplanan esselərin analizi göstərir ki, müasir gənclik cəmiyyətimizin birliyi üçün əsaslandırılmış biliklərə sahibdir.
Tədbirin sonunda İctimai Birliyin sədri Əlövsət Allahverdiyev esse müasbiqəsinin qaliblərinin adlarını elan etdi. İlk üç yeri tutan Azərbaycan Dövlət Memarlıq Və İnşaaat Universitetinin magistrantı Sabir Etibarlı, Bakı Avrasiya Universitetinin tələbəsi Nərgiz Şirinova, Qərbi Kaspi Universitetinin tələbəsi Aydan Rüstəmli sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
© 2020 - Created by İLK XEBER.